Polis yüksək peşəkarlığı ilə vətəndaşların etimadını qazanıb
Digər xəbərlər

Polis yüksək peşəkarlığı ilə vətəndaşların etimadını qazanıb

Yanvarın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin son dövrdə daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə edilən müsbət nəticələrdə Alayın şəxsi heyətinin də böyük əməyi, peşəkarlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bununla belə nazir xidmətdə müəyyən nöqsan və çatışmazlıqların da mövcudluğunu qeyd edərək, onların tezliklə aradan qaldırılmasını qətiyyətlə tələb edib.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə çıxış edərək görülən işlərin nəticələri ilə bağlı məruzə edib.

Müşavirəyə yekun vuran daxili işlər naziri xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Prezident cənab İlham Əliyevin tapşırığına əsasən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Polisin insanların güvən yeri olduğunu qeyd edən nazir V.Eyvazov hər bir əməkdaşın qanunun aliliyini rəhbər tutaraq insanların köməyinə çatmasını, onların həyati problemlərinin həllinə yardımçı olmasını, müraciətlərinə həssaslıqla yanaşmasını, habelə, vətəndaşlarla ünsiyyətdə nəzakətli davranmalarını tələb edib. Nazir əmin olduğunu bildirib ki, Alayın şəxsi heyəti qarşıya qoyulan tapşırıq və vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli, nümunəvi xidməti ilə doğruldacaq.

Emin QASIMOV,

“Respublika”.