ÜMUMMİLLİ LİDERLƏ BAĞLI XATİRƏLƏR
Digər xəbərlər

ÜMUMMİLLİ LİDERLƏ BAĞLI XATİRƏLƏR

Hər bir insanın həyatında yaddaqalan elə tarixi hadisələr olur ki, illər ötsə də, o tarixi anlar unudulmur, əksinə, xatırlayanda qürur hissi keçirirsən. Mənim də əbədiyaşar, ümummilli liderimiz Heydər Əliyevlə olan görüşlərimlə bağlı xatirələrim var. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə işçilərinin sayı 3 mindən çox olan Xalça-Mahud kombinatı ittifaqda keyfiyyətli xalçaları ilə tanınırdı. Hətta miniatür xalçalar xarici ölkələrə də göndərilirdi. Mən də bu kombinatda usta köməkçisi işləyirdim. O dövrlərdə bütün respublikalar bir-biri ilə əlaqəli idi. Kombinata lazım olan bəzi xammallar başqa respublikalardan alınırdı. Bu baxımdan çətinliklərimiz mövcud idi. 1969-cu il iyul ayının 14-də ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlişinə hamı sevinirdi. Məhz onun gəlişi ilə Gəncənin də həyatında yeni mərhələ başlandı. İllər boyu inamları sarsılmış insanların qəlbinə ümid, gözünə işıq gəldi.

1970-ci ilin aprel ayında Heydər Əliyev Gəncəyə gəldi. Şəhərin həyatı ilə ətraflı tanış oldu, müəssisələri gəzdi, ziyalılarla görüşdü. Durğunluğun səbəblərini araşdırdı. Yüksəlişin yollarını müəyyən etdi. Onun şəhər əhalisi ilə görüşündəki dərin məzmunlu çıxışı indi də yadımdadır. Əmək qabaqcılı və Mərkəzi Komitənin üzvü kimi, mən də 1969-cu ilin avqust plenumunda iştirak edirdim. Heydər Əliyev dərin məzmunlu, geniş təhlilli, kəskin iradlı nitqində sosial-iqtisadi həyatın elə guşələrindən, inkişafın elə istiqamətlərindən söz açdı, elə faktları, məsələləri vurğuladı ki, hamı heyran qaldı. Heydər Əliyevin çıxışını dinlədikcə, doğma Gəncəmizi gözümün önünə gətirirdim. Çünki Gəncə şəhərində də çox işin yenidən başlanması vacib idi. 1972-ci ilin aprel ayında Heydər Əliyev yenidən Gəncəyə gəldi. Yerlərdə işlərin gedişi ilə maraqlandı, mütəxəssislərlə, ağsaqqallarla görüşdü. Sonra ümumşəhər toplantısı keçirildi. Mövcud vəziyyət ətraflı təhlil olundu. İllər boyu yaranmış qüsurların, iqtisadi-sosial həyatda kök salmış durğunluğun aradan qaldırılması yolları göstərildi. Hər sahədə və hər kəsdə əmək fəallığının yüksəldilməsi üçün konkret tövsiyə və tapşırıqlar verildi. Heydər Əliyevin hər kəsi səbirlə dinləməsi, hər bir yeniliyə geniş yol açması, qaldırılan məsələyə dəstək verməsi qabiliyyətinə valeh olmuşduq.

Mərkəzi Komitənin növbəti plenumunda çıxış üçün mənə də söz verildi, Xalça-Mahud kombinatının nailiyyətlərindən söz açdım. Artıq müəssisəmiz bütün respublika və Ümumittifaq miqyasda tanınırdı. Layihə gücündən 2,1 dəfə çox məhsul istehsal olunurdu. Bütün bunlara baxmayaraq, qayğılar da yox deyildi. Həmin vaxt mən Sverdlovsk vilayətindən ezamiyyətdən gəlmişdim. Orada işlər çox gözəl qurulmuşdu. Xammalı özləri istehsal edirdilər. Bizim əyirici seximiz isə sutka ərzində vur-tut 12 ton iplik verirdi. İpliyin çoxunu başqa şəhərlərdən alırdıq. Onlar da vaxtlı-vaxtında çatdırmırdılar, gecikdirirdilər. İplik istehsalının azı iki dəfə artırılması vacib idi. Təklif etdim ki, kombinatımızda ikinci əyirici fabrikin tikilməsi vacibdir.

Heydər Əliyev təklifimə öz fikrini bildirdi: - "Ağıllı təklifdir, gərək bu iş nizama salınsın". Qısa bir vaxtda kombinatda əyirici fabrik inşa edildi. Açılışa respublikanın rəhbəri Heydər Əliyev də gəlmişdi. Bununla əlaqədar toxucuların mədəniyyət sarayında ümumşəhər toplantısı keçirilirdi. İclasın aparılması əmək qabaqcılı kimi mənə həvalə olunmuşdu. Çıxışlar rus dilində gedirdi. Heydər Əliyev iclasın proqramını götürüb vərəqləməyə başladı. Sonra da mənə sarı dönərək astaca: "Davam elə, sən sərbəst olanda daha yaxşı danışırsan" - dedi. Ürəkləndim, toplantı yüksək səviyyədə, qüsursuz keçdi.

Əyirici fabrikinin vaxtından əvvəl işə salınmasında fəal işlədiyimə və illik tapşırıqları bir qayda olaraq artıqlaması ilə ödədiyimə görə məni "Sosialist Əməyi Qəhrəmanı" adına təqdim etmişdilər. Həmin vaxtlar Gəncədə üçüncü katib də Xocayan adlı bir erməni idi. O, Moskvadan gələn erməni nümayəndə ilə danışdıqdan sonra təltif olunanların siyahısı gələndə mənim adım çıxmadı. "Sosialist Əməyi Qəhrəmanı" adı Xankəndidən bir erməni toxucuya verildi. Heydər Əliyev bunu biləndə təqsiri olanları ciddi tənbeh etdi. O zaman kombinatımız Ümumittifaq və respublika yarışlarının qalibi kimi otuzdan çox Keçici Qırmızı Bayraq, vımpel, diplom almışdı.

 Bayraqlardan birini təqdim etmək üçün 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev Gəncəyə gəlmişdi. Keçici Qırmızı Bayraq Mərkəzi Komitənin üzvü kimi mənə təqdim edildi. Heydər Əliyev sonra obyektdə işlərin gedişi ilə maraqlandı. Sıra ilə düzülmüş toxucu dəzgahlara baxa-baxa mənim çalışdığım sahəyə gəldi. Normaya görə beş dəzgaha xidmət etməli idim. Mən isə xidmət zonasını əvvəl altıya, sonra yeddiyə çatdırmışdım. Biləndə ki mən, bir qayda olaraq, planları artıqlaması ilə yerinə yetirirəm, Heydər Əliyev soruşdu ki, necə, hansı yolla? Söylədim: "Yoldaş Əliyev, dəzgahların sayını artırmaqla və onlara əla xidmət etməklə". Xəbər aldı ki, "Bəs keyfiyyəti necədir?".

Məndən əvvəl cavab verdilər ki, kombinatın ən şöhrətli məhsulları - "Gəncə", "Güllü", "Şirvan", "Təbriz", "Kaşan", "Qarabağ" xalçaları əsasən Mobil İmanovun sahəsində toxunur. Ulu öndər Heydər Əliyev xalçanın birini çevirərək ilmələrinə baxdı. Hiss etdim ki, razı qaldı. Sonra müəssisənin rəhbərinə üzünü tutaraq: "Ustanın təşəbbüsü təqdirəlayiqdir, gərək bunu geniş yayaq" - dedi. Bir bir müddətdən sonra istehsal qurğularının səmərəsini yüksəltmək və buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq sahəsində Xalça-Mahud kombinatının iş təcrübəsinin yayılması barədə Mərkəzi Komitənin qərarı çıxdı. Bu mühüm qərarın icrası ilə əlaqədar olaraq kombinatın texniki bazası kökündən dəyişdirildi. Köhnə "Teksima" dəzgahı modernləşdirildi. Yarımyun ipliyi istehsalı nizama salındı. Qısa bir vaxt ərzində 55 iri dəzgah quraşdırıldı, digər tədbirlər də görüldü. Kombinat hər il azı iki milyon kvadratmetr xalça istehsalına nail oldu. Xalçaların böyük əksəriyyəti keyfiyyət nişanı ilə buraxılırdı. Mənim başçılıq etdiyim kollektiv o il Ümumittifaq yarışının qalibi oldu və mən "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görüldüm. Mənim üçün çox əziz olan bu mükafatı ulu öndər Heydər Əliyev sinəmə taxdı.

Ulu öndərin gərgin əməyi sayəsində Gəncədə 11 zavod və fabrik açılmış, çoxlu sayda insan işlə təmin edilmişdi. 1993-cü illərin burulğanında da Heydər Əliyev həmişəki kimi Gəncənin, gəncəlilərin yanında oldu. O narahat, nigaran günlərdə ulu öndər xalqın təkidli xahişi ilə hakimiyyətə dəvət olundu. Heydər Əliyev əvvəlcə Gəncəyə gəldi. Top-tüfəng atəşi altında heç nəyə məhəl qoymadan bilavasitə hadisə yerinə getdi, vəziyyətlə tanış oldu. Şəhər sakinləri ilə, hərbi qulluqçularla görüşüb hər şeyi yerli-yataqlı öyrənəndən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi.

Zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Heydər Əliyevin adını və əməllərini daim yaşadacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan daim yaşayacaqdır".

Mobil İMANOV,

Gəncə sakini, Əmək və YAP veteranı, "Tərəqqi" medallı.