Paşinyanın yeni dilənçilik metodu
Siyasət

Paşinyanın yeni dilənçilik metodu

Bəzi qüvvələrin Qarabağdakı keçmiş dırnaqarası respublikanı gündəmdə saxlamaq cəhdlərinə baxmayaraq, Paşinyan onun ləğvinə çalışır. Hökumətin dünənki iclasında Qarabağdan qayıdan ermənilərə "qaçqın" statusunun verilməsi ilə bağlı səsləndirilən fikirlər də prosesin məntiqi davamıdır. Amma bu qərar erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

Belə ki, Qarabağdan gedən ermənilərin bir qismi bu statusla istənilən ölkədə siyasi sığınacaq almaq imkanına görə sevinir. Amma qondarma respublikanın gələcəyinə ümid bəsləyənlər isə məyusdurlar. Onlar hesab edirlər ki, Paşinyan yaxın gələcəkdə ermənilərin Qarabağa yenidən köçməsi məsələsi ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, başağrısından xilas olmaq istəyir və belə bir status verməklə ermənilərin başqa ölkələrə getməsini stimullaşdırır. Bir növ baş nazir məsələyə "insan yoxdursa, problem də yoxdur" prinsipindən yanaşır.

Ermənistan hökumətinin bu qərarı ilə bağlı 3 məsələyə diqqət çəkmək lazımdır. Belə ki, 1951-ci il Konvensiyasına əsasən, "qaçqın" beynəlxalq sərhədi keçən və irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən insanlara deyilir. Ermənilər isə öz ölkələrini tərk etməyiblər, əksinə məskunlaşdıqları başqa ölkənin ərazisindən geri qayıdıblar. Yəni Ermənistan həmin şəxslərə qaçqın statusu verməklə onların gəldiyi ərazilərin digər ölkəyə, yəni Azərbaycana məxsusluğunu, həmçinin onların Azərbaycan-Ermənistan sərhədini keçdiyini rəsmən təsdiq edir.

İkinci məsələ isə odur ki, vaxtilə qondarma rejimin nəzarətində olan ərazilərdə qeydiyyatda olmadan yaşayanlar da qaçqın statusu alacaq. Belə ki, uzun müddət guya Qarabağda 120 min erməninin yaşadığını iddia edən Ermənistanın siyasi hakimiyyəti, kütləvi informasiya vasitələri, həmçinin ermənipərəst qərb dairələri nə qədər şişirtsələr də Azərbacanı tərk edənlərin sayını 100 mindən yuxarı qaldıra bilmədilər. Deməli, elə ilk mərhələdə onların statistikası ilə ən azı 20 min erməni yoxa çıxdı. Əslində 100 min rəqəmi də reallığı əks etdirmir. Bakıda istintaq altında olan separatçıların keçmiş rəhbərlərinin ifadələri də bir daha təsdiq edir ki, Azərbaycan ərazisindəki erməni hərbçilərin sayı 15 minə yaxın olub. Onların ailə üzvlərini də saysaq bu rəqəm təxminən 35-40 min arasında dəyişir. Amma İrəvan rəhbərliyinin bu rəqəmi şişirtməsi təsadüfi deyil. Məlum məsələdir ki, işğal dövründə Ermənistan Qarabağda yaşayan şəxslərin sayını süni şəkildə artırmaq müqabilində xaricdən böyük həcmdə ianələr, yardımlar alıb. İndi də Azərbaycanı könüllü tərk etmiş ermənilərə "qaçqın" statusu verməklə xaricdən külli miqdarda yardım almağı hədəfləyir.

Diqqət mərkəzində saxlamalı olduğumuz digər bir məqam isə Qərbi Azərbaycandan olan soydaşlarımızla bağlıdır. Çünki hazırda regionda aktual və əsaslı olan yeganə qaçqın problemi soydaşlarımızın öz torpaqlarına qayıtmaq hüququnun təmin olunması məsələsidir. Əgər Ermənistan qaçqın mövzusunda israrlıdırsa, öncə 300 mindən artıq soydaşımızın İrəvan şəhəri başda olmaqla, Qərbi Azərbaycana qayıdışı barədə müzakirələrdən başlamalıyıq.

Jalə QASIMZADƏ,

"Respublika".