Paşinyanın çarəsizliyi
Digər xəbərlər

Paşinyanın çarəsizliyi

Məlum olduğu kimi, bu il iyulun 25-də Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirib. Konfransda Paşinyan tərəfindən yenə də Azərbaycana qarşı ziddiyyətli fikirlər səsləndirilib. Ermənistan baş nazirinin budəfəki çıxışı əvvəlki fikirlərini təkzib etməklə yanaşı, bir sıra etiraflarla da yadda qalıb.

Belə ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Onun "Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın", - fikri Ermənistanın dilə gətirməsə də, artıq reallığı qəbul etdiyini göstərir. Paşinyanın bu etirafı əslində onun başqa çıxış yolu olmadığını dərk etməsi kimi də başa düşülə bilər. Mətbuat konfransında yaddaqalan digər bir vacib məqam baş nazirin Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçılarının tör-töküntülərinin keçirdikləri aksiyalara sərt reaksiyası idi. Onun Qarabağda yaşayan erməni azlığının taleyini həll etmək iqtidarında olmadığını qəbullanması aksiya təşəbbüskarlarına və onların havadarlarına bir növ ismarış kimi dəyərləndirilə bilər. Həmçinin Paşinyanın Qarabağdakı separatçı qüvvələrin Azərbaycan ilə danışıqlar aparmasının vacibliyini bəyan etməsi onun çarəsizliyindən xəbər verir. Ümumilikdə cərəyan edən hadisələri nəzərdən keçirsək görərik ki, doğrudan da rəsmi İrəvan Xankəndidə yaşayan erməniləri özlərinə yük hesab edir. Bununla yanaşı, Ermənistan onlara ayrılan vəsaiti də əlavə xərc adlandırır.  Belə ki, 30 il ərzində Ermənistanın büdcəsindən Qarabağdakı terrorçu-separatçılara yüz milyonlarla dollar ayrılmış həmin vəsaitlər sadəcə hərbi xuntanın, eləcə də Ermənistan rəhbərliyinin cibinə getmişdir. 30 il ərzində Qarabağda hər hansı bir iş aparılmayıb, əksinə, hər şey dağıdılıb. Çünki Ermənistan özgə atına minənin tez düşdüyündən xəbərdar idi.

Konfransda çıxışı zamanı Nikol Paşinyan Rusiyanı hədəfə alıb. Ermənistanın baş naziri açıq şəkildə bəyan edib ki, Kremlin sülh prosesində iştirakı heç də qənaətbəxş deyil. Paşinyan bununla Rusiyaya olan ümidinin itdiyini bildirməyə çalışıb. Baş nazirin kobudcasına səsləndirdiyi "istənilən vəziyyətdə dövlət problemlərini həll edərkən rus çarına məktub janrına əl atmağı dayandırmalıyıq" fikirləri çox güman ki, Moskvada heç də xoş qarşılanmayacaq. Paşinyan Rusiyanın Ukraynadakı uğursuzluqlarını da dilə gətirib. Daha sonra vəziyyəti Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirərək Moskvanın Qarabağa diqqət ayıra bilmədiyini qeyd edib. Paşinyan, həmçinin barışıq prosesində də Rusiyanın rolunu azaldır. Belə ki, o, Azərbaycan və Ermənistan arasında  razılaşmanın əldə olunmasına ciddi səy göstərən tərəfin ABŞ olduğunu iddia edir. Ermənistan baş nazirinin bu bəyanatı Rusiya ətrafında cərəyan edən proseslərlə birbaşa əlaqələndirilə bilər. Paşinyanın Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlar barədə söz açmayaraq sadəcə Qərbin təşəbbüsü ilə baş tutan görüşləri diqqətə çatdırıb. Bununla da Paşinyan sülh danışıqlarında əsas diqqətini Birləşmiş Ştatlara yönəltdiyini açıq şəkildə bəyan edib. Nikol Paşinyanın mətbuat konfransı zamanı bir-birini təkzib edən bəyanatları bir daha Ermənistan hakimiyyətinin düşündüklərini dilə gətirməkdən ehtiyat etdiyini sübut edib. Çünki Ermənistan  səslənən hər ehtiyatsız fikrin onun sonunu yaxınlaşdıra biləcəyindən xəbərdardır.

Nəzrin ELDARQIZI,

"Respublika".