Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktorlarının görüşü
Digər xəbərlər

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktorlarının görüşü

May ayının 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) icraçı direktoru Tobias Baumanla görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilir ki, Görüşdə Dövlət Gömrük Komitəsi ilə AHK arasında uzunmüddətli səmərəli işgüzar münasibətlərdən bəhs edilib və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin özəl sektorla tərəfdaşlığının təşviqi istiqamətindəki fəaliyyəti, gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər AHK üzvləri tərəfindən yaxından izlənilir. Həmçinin palatanın ənənəvi “AHK İmpuls” tədbiri çərçivəsində gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə bağlı gömrük-biznes dialoqu və tərəfdaşlığın inkişafı mövzusunda Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşün keçirilməsinin əməkdaşlığın inkişafı, müasir çağırışların öyrənilməsi, biznesin məlumatlandırılması baxımından əhəmiyyətli olacağı diqqətə çatdırılıb.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin  xarici ticarət iştirakçılarının təklif və rəylərini dinləməyə daim açıq olduğu vurğulanıb, AHK ilə əməkdaşlığın daha da gücləndirilməsi, kommunikasiyanın səmərəli şəkildə təşkili məqsədilə əlaqələndirici şəxslər müəyyənləşdirilib.

Əli SADIQOV,

“Respublika”.