Paşinyan Münxendən “əliboş
Digər xəbərlər

Paşinyan Münxendən “əliboş" döndü

59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin növbəti Münxen görüşü Nikol Paşinyanın ikinci dəfə ağır məğlubiyyəti ilə nəticələndi. Rəsmi İrəvan yerli mətbuata bəyanatla Paşinyanın konfransda iştirak etməyəcəyi ilə bağlı məlumat yaysa da, bu, həqiqəti əks etdirmədi.

Nikol Paşinyanın siyasi çəkisi hər hansı beynəlxalq iclası təxirə sala biləcək qədər ağır deyil. Bu səbəbdən onun əsassız məlumatlar ilə ictimai nəzəri başqa yönə çəkməyə cəhd etməsi başadüşüləndir. Beynəlxalq məkanda nüfuz dairəsini itirmiş, regional aqressor olan Ermənistanın iflasa uğramış siyasi gedişinin səbəbkarı olan Nikol ölkə başçımızla hər hansı beynəlxalq məkanda üz-üzə əyləşib hansı "doğru" arqumentlər ilə Ermənistanı müdafiə edə bilər? Yalnız tarixin təhrifi, ictimai olaraq çürüdülmüş fikirlər, böhtanlar və öz yarım xarici dil biliyi ilə mövzudan yayınmağa çalışan Paşinyan 2-ci dəfə Münxendə rüsvay oldu.

Xatırladaq ki, Paşinyanın mötəbər tədbirlərdə təkbaşına iştirak etmək istəməməsi bundan əvvəl də məlum idi. Belə ki, ötən il dekabrın 7-nə təyin olunmuş və Avropa Şurasının iştirakı ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü baş tutmadı. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun da iştirakını təkid etdi, Azərbaycan Prezidenti isə bu şərti qəbul etmədi. Ötən il noyabrın 25-də Ermənistan XİN-in sözçüsü Vahan Unanyan TASS-a bildirmişdi ki, baş nazir Nikol Paşinyan 7 dekabr Brüssel görüşünə Aİ Şurasının Prezidenti Şarl Mişel ilə yanaşı, Fransa prezidenti Emmanuel Makronun da iştirak edəcəyi təqdirdə qatılmağa razıdır. "Bu o deməkdir ki, Brüssel görüşü baş tutmayacaq", - deyə bildirən ölkə başçımız oktyabr ayında keçirilmiş Praqa görüşündən sonra Fransa Senatının anti-Azərbaycan qərarları və prezident Makronun Azərbaycan əleyhinə fəaliyyəti Fransanın bir neytral vasitəçi kimi Ermənistanla Azərbaycan arasındakı sülh prosesində iştirakını mümkünsüz etdiyini bildirmişdi.

Paşinyanın Münxen konfransı öncəsi sülh sazişini manipulyasiya edən tərəf kimi Azərbaycanı təqdim etmək, eləcə də öz kirli planlarını həyata keçirmək arzusu Azərbaycan Prezidenti tərəfindən dəf edildi. Cənab İlham Əliyevin istər Xankəndinin guya Azərbaycan tərəfindən blokadaya salınması, istər delimitasiya-demarkasiya məsələləri ilə bağlı Bakının mövqeyi, istərsə də Zəngəzur dəhlizi ilə Laçın yolunda nəzarət-keçid məntəqələrinin yaradılması zərurəti ilə bağlı detalları beynəlxalq ictimaiyyətin qarşısında bəyan etməsi, Ermənistana qarşı tutarlı arqumentlərlə çıxışı növbəti dəfə Nikol Paşinyana çətin anlar yaşatdı. Bəlkə də Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusqenin moderator olduğu panel müzakirədə cənab İlham Əliyevin qarşısında növbəti dəfə aciz duruma düşəcəyini bildiyi üçün iştirakdan imtina etmək istəyirdi. Maraqlıdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın erməni silahlı birləşmələrinin və separatçı qalıqların bölgəni tamamilə tərk etməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərinə əməl etməyən bir ölkənin baş naziri Laçın dəhlizinin açıq saxlanması müddəasına riayət olunmaması ilə əlaqədar Azərbaycan tərəfini günahlandırır. Azərbaycan Prezidenti İlham Əliyev isə həmişə olduğu kimi, səlis, aydın, məntiqli cavabları ilə Ermənistan və onun havadarlarına mühüm mesajlarını çatdırdı.

Azərbaycan ərazisində artıq "Dağlıq Qarabağ" adlı ərazi vahidi olmadığı üçün bu ifadəni leksikondan birdəfəlik çıxarmaqla Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etmək hamının borcudur. Azərbaycanın daxili işi - Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası Azərbaycan ilə Ermənistan arasında aparılacaq sülh danışıqlarında heç vaxt olmayacaq. Bununla yanaşı, Azərbaycanın qərb regionunu Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin qurtaracağında, həm də Laçınla Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması dərhal təmin olunmalıdır.

Dövlətimiz sülh tərəfdarı olsa da, təəssüf ki, qonşularının sülh, əmin-amanlıq niyyəti yoxdur. Danılmaz faktdır ki, 28 il ərzində beynəlxalq ictimaiyyət tərəfindən gözardı edilən torpaqlarımızın işğalına dövlətimiz tərəfindən son qoyulmasaydı, daha 28 il davam edəcək bir dövr bizləri gözləyirdi.

Nurlan ABDALOV,

 "Respublika".