Paşinyan hakimiyyəti qəti mövqe ortaya qoymasa, gərginlik davam edəcək
Gündəm

Paşinyan hakimiyyəti qəti mövqe ortaya qoymasa, gərginlik davam edəcək

44 günlük Vətən müharibəsindən sonra artıq 3 ilə yaxındır ki, Azərbaycan dövləti Ermənistanla sülh danışıqları aparır. Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır. Sülh müqaviləsi hər iki xalq arasında müəyyən münasibətləri yoluna qoyur, onlara ən azından dil tapıb bir coğrafiyada yaşamaq şansını yaradır.

Təbii ki, Azərbaycanın sülh üçün konkret təklifləri də var, lakin Ermənistan sülh müqaviləsinə laqeyid münasibəti ilə özünün nə qədər təcavüzkar, barış istəməyən bir xalq olduğunu bir daha göstərir. Paşinyan sülhə nail olmaq istəyir, amma qorxur. Bəzi hadisələri, iğtişaşları nəzərə alaraq, o, geri addımlar atır. Bir sözlə, Azərbaycan birmənalı sülh istəyir və bunu hər kəs görür. Sülh məsələsi ən çox erməni xalqının rifahı üçün vacibdir.

Bu barədə "Respublika"ya danışan siyasi ekspert Samir Hümbətov bildirib ki, sülh danışıqları prosesinin belə gecikməsi, sülhə gedən yolun belə problemli hala gəlməsinin arxasında bir neçə səbəb var:

“Bunlardan birincisi, Ermənistanın qəti mövqe ortaya qoya bilməməsi, Ermənistan hakimiyyətinin yekdil fikirdə olmamasından qaynaqlanır. İkinci bir məsələ burada əlbəttə ki, Ermənistana dəstək verən qüvvələrin tutduğu destruktiv mövqeyidir və bunun nəticəsi olaraq, bu gün faktiki gərginlik davam edir. Ermənistanın belə yarımçıq mövqedə olması və yaxud da qəti mövqeyə gələ bilməməsinin arxasında duran iki səbəb var. Birincisi ondan ibarətdir ki, Paşinyan ölkə daxilində vəziyyətin gərginləşməsindən, yəni ölkədaxili müxalifətin, müxalif güclərin ona qarşı bir cəbhədə tamamilə yer almasına şərait yarada biləcəyindən çəkinir. Amma bir tərəfdən də hökumət daxilində bu məsələ ilə bağlı yekun sülhə gəlməyin vacibliyini də fikirləşənlər var. İkinci bir tərəfdən isə xarici qüvvələrin Paşinyan administrasiyasına bu və ya digər formada təsir etməsindən qaynaqlanır".

Politoloq bildirib ki, Avropa ilə Azərbaycan arasında münasibətlər yaxşı olsa da, bu gün görürük ki Avropa Ermənistan tərəfindən olan bəzi təxribatlara göz yumur, amma digər xırda elementləri qabartmağa çalışır:

"Eyni zamanda Fransanın, Rusiyanın, İranın mövqeyi və hələ üçüncü aktorlar da var ki, bunlar hamısı önəmlidir. Məsələn, Hindistanın Ermənistana silah satması bölgədə gərginliyi artıran səbəblərdən biridir. Yəni burada regional, geosiyasi və geostrateji maraqlar var. Ona görə düşünürəm ki, bu gün yaranan mövcud vəziyyət və sülh danışıqları prosesinin belə uzanması səbəbləri həm Ermənistanın daxilindəki vəziyyət, həm xarici qüvvələrin  bu regiona olan maraqları, həm də Ermənistan hökumətinin qətiyyətsizliyindən irəli gəlir. Ona görə düşünürəm ki, nə qədər ki, Paşinyan administrasiyası bu məsələdə qəti mövqe ortaya qoymayıb, bu proseslər bax bu dərəcədə gərgin  davam edəcək”.

Röya RÜSTƏMLİ,

“Respublika”.