BMT-nin Qarabağda monitorinq keçirməsi Azərbaycanın maraqlarına uyğundur
Siyasət

BMT-nin Qarabağda monitorinq keçirməsi Azərbaycanın maraqlarına uyğundur

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın məğlubiyyət acısı özünə yeni havadarlar, himayədarlar axtarmaqla davam etdi. Qarşı tərəf qələbəmizi həzm edə bilmir, biabırçı məğlubiyyətini hansısa mənasız və yersiz hərəkətlərlə gizlətməyə çalışır.

Bəzi Qərb dövlətlərini guya Azərbaycanın onların ərazisini işğal etməsi və etnik təmizləmə aparması ilə bağlı yalanlarına inandırmağa cəhd edirlər. Hələ müharibə zamanı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını monitorinq keçirməyə çağırdı. Lakin müharibə Azərbaycan ərazisində getdiyindən, işğalçı tərəfin Ermənistanın özü olduğundan KTMT qüvvələrini buraya yeridə bilməzdi. Buna nə təşkilatın nizamnaməsi, nə də beynəlxalq qanunlar yol verir. Ermənistanın bu mənasız cəhdi 2022-ci ilin sentyabrında Azərbaycan Ermənistanın nəzarətində olan bəzi yüksəkliklərimizi geri qaytaran zaman da davam etdi. O vaxt Ermənistan KTMT-yə müraciət etdi ki, Azərbaycan onun 400 kvadratkilometrlik ərazisini işğal edib. KTMT-nin müvafiq orqanları vəziyyəti yerindəcə yoxladılar və məlum oldu ki, hayların iddiaları boş hay-küydən başqa bir şey deyil.

Ermənistanın bu hərəkətləri bütün hallarda vəziyyəti gərginləşdirməyə xidmət edir. Əslində, bir çox Qərb dövlətləri və ABŞ da çox gözəl anlayır ki, Ermənistanın təkidi təxribat xarakteri daşıyır və Azərbaycan dövləti hər zaman sülh və təhlükəsiz yaşayışı tərənnüm etdiyi üçün irəli sürülən sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur. O ki, qaldı qarşı tərəfi müdafiə edənlərə, Azərbaycan torpaqları işğal altında olan zaman susanlar və işğalçı Ermənistana heç bir təzyiq etməyənlər indi erməni maraqlarının müdafiəçisi olaraq "beynəlxalq hüquqdan", "humanitar missiyalar"dan danışırlar.

30 illik işğal zamanı ərazilərimizdə törədilən dağıntı, qanunsuz məskunlaşmalar və təbii sərvətlərin talan olunması ilə bağlı beynəlxalq missiyaların səfərini Ermənistan hər zaman əngəlləyib. Hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da təhrif edib. Ancaq ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilir.

Ermənistan isə Qarabağı tərk edən ermənilərdən istifadə edərək "etnik təmizləmə" şousu yaratmaqla Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Dövlətimiz isə Qarabağ ermənilərinin vətəndaşlıqla bağlı məsələlərini həll etməyə hazırdır. Eyni zamanda, Qarabağın erməni sakinlərinə davamlı humanitar yardımlar göndərilir. Bütün bunlar isə BMT missiyasına təqdim olunur. BMT missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi müsbət haldır. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan və separatçı rejim 30 illik işğal dövründə heç bir beynəlxalq müşahidə missiyasının Qarabağda monitorinq aparmasına və törədilən talan, terror əməllərinin müşahidə edilməsinə imkan verməmişdi. Belə olan halda haqlı sual yaranır, BMT 30 illik işğal dövründə harada idi? Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra BMT, UNESCO kimi təşkilatların bölgəyə missiya göndərməsi məsələsini dəfələrlə qaldırsa da, BMT ilə yanaşı, UNESCO da səsimizə səs vermədi. 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan bu təşkilatlara eyni təklifi etdi. Onları Ermənistan tərəfindən işğal dövründə dağıdılıb xarabalığa çevrilən Qarabağ torpaqlarında monitorinq aparmağa dəvət etdi. Yenə də eyni vəziyyət yarandı, nə BMT, nə də UNESCO heç bir missiya göndərmədi.

Azərbaycan 19 sentyabr tarixində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra BMT monitorinq keçirmək məqsədilə Qarabağ ərazisinə səfər etdi. Ermənistanın yalan və böhtan dolu çıxışlarına əsasən guya, Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qalması ilə əlaqədar gələn missiya Ağdam-Əsgəran-Xankəndi istiqamətində bölgədə müşahidələr apardı. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etmək idi. Bütün müşahidə və araşdırmalar göstərdi ki, ərazidə heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Əksinə, Azərbaycan dövlətinin erməni əsilli vətəndaşları birgəyaşayışa dəvət etməklə bərabər, həm də səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, antiterror tədbirləri zamanı heç bir mülki infrastruktura zərər dəymədiyi aydın oldu. Bu da Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyətini iflasa uğratdı.

Bütün dövrlərdə ölkəmiz beynəlxalq təsisatlarla əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verilməsi də humanizmdən və şəffaflığın təmin edilməsinə maraqlı olmağımızdan qaynaqlanır. 30 ildən sonra BMT-nin Qarabağ bölgəsinə gəlib monitorinq aparmasını Azərbaycan tərəfi müsbət dəyərləndirir.

BMT missiyası bölgəyə səfərində həm də Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə də tanış olublar. Eləcə də, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilib. Həmçinin BMT missiyası səfər zamanı Ağdam-Xankəndi yolu ilə, Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinə gedərək müşahidə aparıb. Onlar Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik ediblər. Ermənistan məsələ ilə bağlı əsassız ittihamlar irəli sürsə də, reallıq ondan ibarətdir ki, dövlətimiz bölgədə yaşayan əhaliyə vətəndaşlıq təklif edir. BMT-nin Qarabağda monitorinq keçirib vəziyyətlə yerində tanış olmasını və həqiqətləri gözləri ilə görməsini Azərbaycan alqışlayır və BMT missiyasından ədalətli yanaşma gözləyir.

Ramidə YAQUBQIZI,

"Respublika".