Parisdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub
Diaspora

Parisdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub

Parisin “Les 7 Parnassisens” kinoteatrında “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın “Sonsuz Dəhliz” sənədli filminin nümayişi və fransalı vəkil Jan Emmanuel Medinanın “Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma” kitabının təqdimatı keçirilib.  19 iyun DİDK-nin məlumatında bildirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış fransalı fotojurnalist Reza Deqati, Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Orxan Kərimov, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri, filmin prodüserləri, elm xadimləri, media mənsubları və soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan ADA İdarə Heyətinin üzvü Jerom Began  qonaqlara Birinci Qarabağ müharibəsi, bu müharibənin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın hazırladığı “Sonsuz Dəhliz” sənədli filminin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fransız dilinə dublyaj edildiyi nəzərə çatdırılıb. Bununla Xocalı faciəsinin daha geniş auditoriyaya çatdırılması, müxtəlif fransızdilli ölkələrdə nümayiş etdirilməsi mümkün olacaq.

Sonra Xocalı soyqırımına həsr olunmuş “Sonsuz Dəhliz” sənədli filmi nümayiş etdirilib.

Tədbir zamanı qonaqlarla fikir mübadiləsi aparılıb və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

“Respublika”.