Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Notizie Geopolitiche": Xocalıya ədalət hakim olacaq

İtaliyanın məşhur "Notizie Geopolitiche" nəşrində Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun Xocalı soyqırımı haqqında müsahibəsi dərc olunub. Müsahibədə azərbaycanlı diplomat Xocalı həqiqətlərindən, ermənilərin 32 il əvvəl törədikləri soyqırımı cinayətlərindən danışıb. Rəşad Aslanov bildirib ki, torpaqlarımızın işğalı nəticəsində Azərbaycan xalqının təxminən 10 faizi məcburi köçkün vəziyyətinə düşüb. Səfir, həmçinin Xocalı hadisəsini amansız üsullardan istifadə edilməklə həyata keçirilən qanlı və qəddar işğal adlandırıb. R.Aslanov bu yaxınlarda Xocalıda aşkar olunan kütləvi məzarlıqların Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş qətliamı bir daha sübut etdiyini söyləyib.

"Kazinform": Qazaxıstan ilə Azərbaycan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı inkişaf etdirir

"Kazinform" İnformasiya Agentliyi xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu ölkənin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Tərəflər "yaşıl" diplomatiyanın inkişaf perspektivlərini müzakirə edib, qlobal və regional ekoloji gündəliyin aktual problemləri ətrafında fikir mübadiləsi aparıblar.

Alim Bayel 2024-cü ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında COP29 Azərbaycanın sədrliyi ilə bağlı Muxtar Babayevi təbrik edib.

"RBK": Azərbaycan bir həftə ərzində Ermənistan tərəfindən ikinci dəfə atəş açıldığını bildirib

"RBK" nəşri xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də yerləşdikləri mövqelərdən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbər verir. Məlumatda deyilir: "Fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub". Qeyd edək ki, bu, ötən həftə ərzində Ermənistan silahlı qüvvələrinin törətdiyi ikinci təxribatdır. Bundan əvvəl də, fevralın 23-də qarşı tərəf eyni istiqamətdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

"La Gazette": "Xocalını unutmayaq..."

"La Gazette" yazır ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dəhşətli cinayətdən artıq 32 il ötür. Hücum edənlərdən qaçmağı bacaranlar sığındıqları meşədə öldürülüb, digərləri isə ağır yaralanıb. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalar olub.

Ermənilərin bu dəhşətli hücumları Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğalına və 20 mindən çox insanın ölümünə səbəb olub. 50 mindən çox insan yaralanıb. Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş bir milyondan çox dinc sakin otuz ilə yaxın müddətdə qaçqın, məcburi köçkün həyatı yaşayıb.

Məqalədə keçmiş məcburi köçkünlərdən bir neçəsinin həmin günlə bağlı xatirələri də geniş yer alıb. Bundan sonra "La Gazette" yazır ki, bu cinayətlərə və ən elementar insan haqlarını pozduqlarına görə Ermənistana qarşı nə ABŞ, nə də Avropa Birliyi tərəfindən heç bir sanksiya tətbiq edilməyib. Bu sözlər nə suveren bir dövləti işğal etdiyinə, nə yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə siyasətinə, nə də Xocalı soyqırımına görə heç vaxt Ermənistanı qınamayan Fransaya da aiddir. Əksinə, Fransa o vaxt Ermənistanın işğalı altında olan Azərbaycan şəhərləri ilə utanmadan qardaşlaşma müqaviləsi də imzalamışdı.

Bütün bunların qisası 44 gündə və 1 günlük lokal anti-terror tədbirləri nəticəsində alındı. Oktyabın 15-də Azərbaycan Prezidentinin dövlət bayrağını Xankəndidə qaldırması bütün azərbaycanlılar üçün ədalətin bərpası kimi tarixi hadisə idi.

"Hraparak": TBMM sədri: Zəngəzur dəhlizi region ölkələrini Mərkəzi Asiya ilə birləşdirəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Zəngəzur dəhlizilə bağlı açıqlama verib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Asiya Parlament Assambleyasının 14-cü plenar iclasında iştirak edən türkiyəli spiker Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib ki, Zəngəzur layihəsi uğurla başa çatdırılsa, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox həyati bir dəhliz olacaq. Qazan-qazan prinsipi çərçivəsində bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik.

"Tehran Times": Azərbaycanla İran arasında yükdaşımalar 28% artıb

Ötən il martın 21-dən bu il fevralın 21-nə qədərki 11 ay ərzində İranla Azərbaycan arasında 645 min ton yük daşınıb.

"Tehran Times" xəbər verir ki, bunu İranın Şimal Dəmir Yolu İdarəsinin baş direktoru Qulam-Hüseyn Vəladi bildirib.

Onun sözlərinə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 28% çoxdur. Q.Vəladi qeyd edib ki, yükdaşımaların 373 min tonu və yaxud təxminən 58%-i dəmir yolu vasitəsilə həyata keçirilib.

"11 ayda dəmir yolu ilə (Astara) Azərbaycandan İrana 206 min tondan çox yük daşınıb ki, bu da 58 % artım deməkdir. İrandan Azərbaycana isə 167 min tondan çox yük, əsasən sitrus meyvələri, müxtəlif növ digər meyvələr, sement, kimya sənayesi məhsulları, kafel və ərzaq məhsulları nəql edilib", - deyə baş direktor əlavə edib.

"Respublika".