Paris hökumət böhranı ilə üz-üzə
Siyasət

Paris hökumət böhranı ilə üz-üzə

Son dövrlərdə Fransada vəziyyət getdikcə gərginləşir, ölkədə hökumət böhranı baş verir. Bu dəfə Makronun səriştəsiz hakimiyyətindən cana gələnlərdən biri baş nazir Elizabet Borndur. Bornun tutduğu vəzifədən istefa etməsi Fransa Prezidentinin komandasında "yenilik" kimi qiymətləndirilir. Artıq ölkə mətbuatında hökumətdə bir sıra dəyişikliklərin olacağı ilə bağlı xəbərlər də yayımlanıb. 2022-ci ildən bəri Elizabet Born Fransua Mitteranın prezidentliyi dövründə hökumətə başçılıq etmiş ilk qadın baş nazir Edit Kressendən sonra zərif cinsin ikinci baş nazir nümayəndəsi olub. Ümumiyyətlə, Makronun hakimiyyətdə olduğu 7 ili analiz etsək, Elizabet Bornun istefa vermiş 4-cü baş nazir olduğunu görərik. 7 ildə 4 baş nazirin istefaya getməsi isə hakimiyyət daxilində və ölkədə mövcud olan qeyri-sabitliklə əlaqələndirilə bilər.

Qeyd edək ki, Fransanın qanunlarına əsasən baş nazir prezident tərəfindən təyin edilir. Bu baxımdan, Makron Bornun yerinə 34 yaşlı Qabriel Attalı hökumət başçısı seçib. Beləliklə, Q.Attal Fransa tarixində açıq şəkildə cinsi azlıq nümayəndəsi olan ilk baş nazir kimi tarixə düşüb. Yeni baş nazir barədə Fransa mediasında yayılan məlumatlar heç də ürəkaçan deyil. Belə ki, Attallın Makronun yaxın tərəfdaşı olduğu üzə çıxıb. 2016-cı ildən bəri Emmanuel Makronla sıx əlaqədə olan Attal 2017-ci ildə keçirilən seçki kampaniyasında da fəallığı ilə seçilib. Hətta Attalın Makronun prezident seçilməsinə ən böyük dəstək verən şəxs olduğunu desək yanılmarıq. İşin ən maraqlı tərəfi isə bundan sonra Makronun Attalı "mükafatlandırmasıdır". Təsadüfi deyil ki, Makron Fransa prezidenti seçildikdən sonra Qabriel Attal parlamentə üzv olub. 2020-ci ildə isə hökumətin sözçüsü təyin olunub. 2 il sonra göstərdiyi "xidmətlər"ə görə Makron onu təhsil naziri vəzifəsinə gətirib. Buradan bir daha bəlli olur ki, Attal və Makron bir-birindən daha çox "vəzifəyə gəlmək" üçün istifadə edir. Makronun Q.Attalı ən yüksək vəzifəyə - baş nazir postuna təyin etməsi təsdiqləyir. Görünür, Makron bununla Attalı özünə daha yaxın tutmağa çalışır.

Yeri gəlmişkən, Attal da eynilə Makron və onun tərəfdaşları kimi qatı ermənipərəstdir. Əzəldən bəri erməni lobbisi ilə sıx əməkdaşlıq edən və onlardan yüksək dəstək alan Q.Attal islamofob açıqlamaları və davranışları ilə məşhurdur. Onun yüksək vəzifəyə təyin edilməsi də Makronun iç üzünü və oriyentasiyasını göstərir.

Xatırladaq ki, ötən il "Miqrasiya haqqında" qanunun müzakirəsi və qəbulu Fransa daxilində ciddi narazılıqlara səbəb olmuşdu. Emmanuel Makron bu qanunla siyasi elitada, hakimiyyətdə bir çoxlarının nifrətini qazanıb. Bu isə dekabrın sonunda səhiyyə naziri Orelen Russonun istefasına səbəb olub. Sirr deyil ki, Elizabet Born da bu səbəbdən istefa edib. Düzdür, Born "Miqrasiya haqqında" qanunu dəstəkləyərək hakimiyyət daxilində böhranın olmadığını demişdi. Amma nəqliyyat naziri Kleman Bon, ali təhsil üzrə məsul Silvi Reteylo kimi digər vəzifəli şəxslər həmin qanuna qarşı çıxmışdılar. Onlar, hətta keçmiş baş nazir Elizabet Bornun qəbuluna gedərək qanun qüvvəyə minərsə, istefa edəcəklərini bildirmişdilər.

Nəzrin ELDARQIZI,

"Respublika".