Ortaq keçmişləri ilə yaxınlaşan dövlətlərin birliyi
Siyasət

Ortaq keçmişləri ilə yaxınlaşan dövlətlərin birliyi

Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələr arasında bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional təşkilatdır. Qurum 8 dekabr 1991-ci il tarixində Belarus, Rusiya və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş" əsasında təsis edilib. Bu dövlətlər SSRİ-nin dağılmasının labüdlüyünü anlayaraq, öz aralarında siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini yaradıblar.

 MDB həm də SSRİ-nin dağılmasını bəyan etmək, onun mülklərini keçmiş ittifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilib. Amma 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun ərazisinə daxil olmasından sonra qurumun üzvlüyündən çıxıb. Ukrayna isə 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından sonra qurumdakı fəaliyyətini dayandırıb. Azərbaycanın üzvlüyünə gələndə isə 1992-ci ilin mayında hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin nümayəndələri Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə mənfi mövqe tutub. Onlar hətta Azərbaycanın MDB-yə, keçmiş Sovetlər İttifaqı respublikalarının yaratdığı Birliyə daxil olmasına razı olmayıblar. Bu fikirlərini də onunla əsaslandırıblar ki, guya MDB-yə daxil olmaqla, Azərbaycan öz müstəqilliyini itirəcək. Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş verib. Azərbaycanın 21 dekabr 1991-ci il tarixli MDB-yə qoşulmaq haqqında qərarı 1993-cü ilin sentyabrında ratifikasiya edib və MDB-nin tamhüquqlu üzvünə çevrilib. Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixində andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən də bəhs edib: "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır".

Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır. MDB-yə daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini müəyyənləşdiriblər ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə verib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindəndir. Bundan başqa, innovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər imzalanıb. Saxta məhsulların yayılmasına qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini isə humanitar-mədəni sahə təşkil edir. Keçmiş ittifaq məkanında bu gün MDB-də birləşən dövlətlərin mədəni irsi, həmçinin şair və yazıçılar, bəstəkarlar və rəssamlar, müğənnilər geniş populyarlığa malikdirlər. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. Ötən dövrdə MDB çərçivəsində humanitar sahədə əməkdaşlığın möhkəmlənməsini hədəfləyən, gənclər siyasətinə aid, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırılması olduqca təqdirəlayiq haldır.

Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Ölkəmiz Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlıqda öz milli maraqlarını rəhbər tutur. Azərbaycan MDB-nin 2020-ci ilə qədər dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edir, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabat MDB-nin İcraiyyə Komitəsinə təqdim edilir. Həmçinin Azərbaycan barədə müvafiq məlumatlar mütəmadi olaraq "MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal"a daxil edilir. Azərbaycanın MDB məkanı ilə ticarət dövriyyəsində hər il müəyyən artımlar müşahidə olunur. Son illərdə respublikamızın iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütövlükdə MDB məkanı üçün geniş perspektivlər vəd etməklə yanaşı, birliyə daxil olan ölkələrin bu layihələrdən bəhrələnməsinə imkan verib.

Prezident İlham Əliyev davamlı olaraq təşkilata üzv olan ölkələrin dövlət başçıları ilə qarşılıqlı təmaslar qurur. Son olaraq, dövlət başçımız MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində, ölkə başçımız Bişkekdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasındakı iqtisadi-ticari əlaqələrin inkişafı, həmçinin ticarət dövriyyəsinin artması kimi məsələlər müzakirə edilib. Oktyabrın 13-də isə Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində bir sıra mühüm məsələlər müzakirə mövzusu olub. Prezident İlham Əliyev iclasdakı çıxışında bildirib ki, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.

Hazırda MDB mahiyyət etibarilə dövri olaraq dövlət başçılarının görüşlərinin keçirildiyi və onlara öz mövqelərini bir-birinə çatdırmağa imkan verən siyasi təşkilatdır. Müstəqil Dövlətlər Birliyi daxilində bir sıra dövlətlər arasında davam edən, yaxud zaman-zaman meydana çıxan problemlər isə  üzv olan ölkələrin hərtərəfli inkişafına və inteqrasiyasına mane olur.

Jalə QASIMZADƏ,

"Respublika".