AZƏRBAYCAN-BOLQARISTAN MÜNASİBƏTLƏRİ DAHA YÜKSƏK MƏRHƏLƏYƏ QƏDƏM QOYUR
Siyasət

AZƏRBAYCAN-BOLQARISTAN MÜNASİBƏTLƏRİ DAHA YÜKSƏK MƏRHƏLƏYƏ QƏDƏM QOYUR

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verən ölkəmiz son 10 il ərzində Bolqarıstana gündəlik qaz nəqlini üç dəfə artırıb

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır. Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Ölkələrin əməkdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2005-ci ilin sentyabrında ilk dəfə Bolqarıstana rəsmi səfərə getmişdir. İki ölkə prezidentinin təkbətək görüşündə Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirmişdir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəri böyük rol oynamışdır.

Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalamışdılar. Bu vaxta qədər iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Bu gün Azərbaycanla Bolqarıstan arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə hazırda iki ölkənin dost və strateji tərəfdaş ölkələr kimi çıxış etmələrinə əsaslı zəmin yaradıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər isə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçidini təmin edəcək.

Ümumiyyətlə, Bolqarıstan bu il iyulun 1-dən etibarən Azərbaycandan gündəlik 3 dəfə çox qaz həcmi almağa başlayıb, bu da faktiki olaraq 2013-cü ildə Bakıda razılaşdırılmış müqavilə həcminə nail olunduğunu göstərir. 2021-ci ilin yanvarından 2022-ci il iyulun 1-nə qədər Bolqarıstan Yunanıstanla sərhəddə Kula-Sidirokastro qovşağı vasitəsilə orta hesabla gündə 0,9 milyon kubmetr Azərbaycan qazı alırdı. 2022-ci il iyulun 1-dən Azərbaycan qazının Bolqarıstana gündəlik nəqli həcmi 2,6-2,7 milyon kubmetrə çatıb. İyulun 1-dən Bakıda "Bulgargaz" şirkəti tərəfindən imzalanmış müqaviləyə düzəliş edilib. Bu düzəlişə əsasən, Bolqarıstan qazı müqavilə qiyməti ilə deyil, daha baha alır. Bolqarıstan "Şahdəniz"dən bu qiymətlə gündə 2,6 milyon kubmetr qaz alacaq. Ümumilikdə 2022-ci ildə Bolqarıstan Azərbaycandan ümumilikdə 600 milyon kubmetrdən çox qaz ala bilər, bu, 2021-ci ilin göstəricisindən, demək olar ki, üç dəfə çoxdur. 2023-cü ildən başlayaraq illik həcm ən yüksək səviyyəyə - ildə 1 milyard kubmetrə çatacaq.

İyulun 1-də Bolqarıstanın Energetika Nazirliyi bildirmişdi ki, İGB qaz kəməri qarşıdan gələn qış mövsümünə doğru işə salınacaq, "amma onu daha tez istismara vermək üçün bütün səylər göstəriləcək".

İyulun sonlarında Bolqarıstan və Yunanıstanın energetikanı tənzimləyən orqanları İCGB əməliyyat şirkətini yanacaq ötürülməsi üzrə müstəqil operator (İTO) kimi sertifikatlaşdıran birgə qərar qəbul ediblər. Bu addım Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması üçün yol açırdı, bu da Bolqarıstanın qaz tədarükünün şaxələndirilməsinə və təhlükəsizliyinə nail olmasına, habelə Bolqarıstanın yekun istehlakçıları üçün sərfəli qiyməti təmin edən qaz həcmi əldə etməsinə kömək etmişdi.

Hələ bu ilin yay aylarında Bolqarıstanda hesab edirdilər ki, İGB-nin gücü ildə 3 milyard kubmetrə qədər artırıla bilər, bu da Bolqarıstanın və Cənub-Şərqi Avropa regionu ölkələrinin təkcə Cənub Qaz Dəhlizi vasitəsilə, yəni Azərbaycandan əlavə qaz həcmi əldə etməsinə deyil, həm də Yunanıstanın Aleksandrupolis limanında hazırda tikilən Sıxışdırılmış Maye Qaz (SMQ) Terminalı vasitəsilə ABŞ, Əlcəzair, Qatar, Misir və digər tədarükçülərdən SMQ idxal etməsinə imkan verəcək.

Uzunmüddətli gələcəkdə İGB İsraildən və Kiprdən təbii qaz idxal etməyə, həmçinin digər ölkələrdən idxal olunan həcmləri artırmağa imkan verəcək.

Dövlətimizin başçısı Bolqarıstana səfər çərçivəsində mətbuata bəyanatla etdiyi çıxışında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun tarixi əhəmiyyət kəsb edən layihə olduğunu vurğulayaraq, Bolqarıstan Prezidentini bu münasibətlə təbrik etmişdir. Məlumdur ki, məhz bu interkonnektor vasitəsilə Bolqarıstan artıq Azərbaycan qazını alacaq. Eyni zamanda da Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır. Daha bir vacib məsələ də budur ki, artıq Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istədiklərini bəyan etmişlər. Bu ilin iyul ayında Prezident cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox Avropa ölkələrini təbii qazla təmin etsin. Bu infrastruktur vasitəsilə qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər.

Öz çıxışında dövlət başçısı cənab İlham Əliyev SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsinin də müzakirə olunduğunu qeyd etdi. Təbii ki, bu, ölkələrimiz arasında münasibətlərin inkişafında yeni dinamika olacaq. Dövlətimizin başçısı bildirdi ki, enerji sahəsində əməkdaşlıq təkcə təbii qazın ixracı ilə məhdudlaşmamalıdır. Buna görə də enerji ilə bağlı olan digər məsələlər də müzakirə mövzusu olub. Bu məsələlərdə elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı xüsusi maraq kəsb edir.

Emin QASIMOV,

"Respublika".