Orta Dəhlizə beynəlxalq maraq artır
İqtisadiyyat

Orta Dəhlizə beynəlxalq maraq artır

10 il əvvəl fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq qurumlarının iştirakı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi yaradıldı. Sonrakı illərdə layihə böyüdü və Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına iştirakçıların sayı artdı.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhliz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal variantdır. Eyni zamanda həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan uyğun həll yoludur.

Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal miqyasda dəhlizə marağın artmasında heç şübhəsiz ki, Azərbaycanın rolu böyükdür. Respublikamız trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan biridir.

Azərbaycanın Avropa ilə Asiyanın arasında yerləşməsi iki qitə arasında ticarətdə Azərbaycana ciddi üstünlüklər verir ki, siyasi məsələlərdə də bu amildən istifadə etmək mümkündür. Orta Dəhlizin üstünlüklərindən biri də ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr bir-biri ilə yaxşı münasibətlərə malikdir. İstənilən layihədə uğur əldə etmək üçün bu, başlıca şərtlərdən biridir. Azərbaycanın qərb qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ölkəmiz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Bu isə yeni imkanlar vəd edir.

Bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Türk dövlətlərinin fəal iştirakı və səyləri nəticəsində Orta Dəhlizin iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə görülən işlər sürətlənib.

Şübhəsiz ki, marşrutun ən vacib hissəsi Zəngəzur dəhlizi olacaq. Çünki Zəngəzur dəhlizi coğrafi baxımdan bütün türk dünyasını birləşdirəcək gücə malikdir. Azərbaycan və Qazaxıstan tarixi Türk coğrafiyasının bütövləşməsinə güclü dəstək verən ölkələr sırasında yer alırlar. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması tarixi ədaləti bərpa edəcək və bütün türk dünyası birliyinin güclənməsinə yeni fürsətlər yaradacaq. Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.

Orta Dəhlizin önəmi regionla yanaşı, beynəlxalq aləmə də bəllidir. Fevralın 27-də Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının bu yaxınlarda dərc etdiyi "Orta ticarət və nəqliyyat dəhlizi: yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar" adlı tədqiqatına həsr olunan regional tədbirin keçirilməsi də bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Dünya Bankının araşdırmalarının əsas nəticələrinin müzakirə edildiyi tədbirdə məqsəd dəhlizin əməliyyat səmərəliliyinin artırılması və mövcud problemlərin aradan qaldırılması üçün regional yanaşmanı inkişaf etdirmək olub.

Qeyd edək ki, Dünya Bankının dərc edilmiş müvafiq hesabatında Orta Dəhlizi vacib və etibarlı ticarət marşrutuna çevirə biləcək tədbirlər müəyyənləşdirilib. Burada dəhlizin 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətini iki dəfə azalda biləcəyi qeyd edilib. Bildirilib ki, investisiyaların və siyasi müdaxilələrin diqqətlə, ciddi şəkildə uzlaşdırılması ilə Orta Dəhliz müəyyən dərəcədə transkontinental ticarət üçün iqtisadi və geosiyasi dayanıqlılığı təmin edə biləcək. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə bu regionların Çinə, Avropaya və dünyaya inteqrasiyasına imkan yaradacaq.

Şübhəsiz ki, Orta Dəhliz regionda təkcə iqtisadi maraqlar yox, həm də sülh və rifah üçün strateji arteriyaya çevrilib. Dəhlizin potensialının reallaşdırılmasında beynəlxalq təşkilatların və Dünya Bankının komandasının marağı da qeyd edilməlidir. Bankın hesabatında da qeyd olunduğu kimi, Orta Dəhliz dünya ictimaiyyəti tərəfindən müvəqqəti əlaqə üçün sadəcə qısamüddətli həll yolu kimi deyil, iki qitənin iqtisadiyyatları arasında ən qısa və effektiv əlaqə kimi tanınır. Dəhliz Avrasiyada etibarlı həlqə rolunu oynayır və onun inkişafını dəstəkləmək, potensialını maksimum dərəcədə artırmaq üçün ölkəmizin güclü siyasi iradəsi var. Təkcə 2023-cü ildə Orta Dəhliz vasitəsilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz çoxdur.

Röya RÜSTƏMLİ,

"Respublika".