Müasir, güclü Azərbaycan
İqtisadiyyat

Müasir, güclü Azərbaycan

Siyasi və iqtisadi müstəqillik xalqımızın maraqlarını təmin etməyə imkan verir

İqtisadiyyat bütün dövlətlərin inkişafının əsasını təşkil edir. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur və ölkəmiz özünəməxsus inkişaf modeli ilə fərqlənir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz uğurlu nəticəsini verməkdədir. Bu uğurlar davamlı olaraq dünyanın mötəbər beynəlxalq qurumları tərəfindən də yüksək qiymətləndirilir. İqtisadi və siyasi müstəqillik Azərbaycan xalqının maraqlarını müdafiə etməyə imkan verir. Güclü iqtisadiyyat sayəsində sosial məsələlər uğurla həll olunur. Bu siyasət 2023-cü ildə də davam etdirilib.

“Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində yer alır.Ölkə başçısı iqtisadi sahədə uğurlardan danışarkən yaşıl enerji istehsalı sahəsində nailiyyətləri qeyd edib.

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz xarakter almasında Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır. Bütün bunların nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. Tarixi reallıqlar ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsinə nail olmaq üçün mühüm proqramlar qəbul olunmuşdur. Ən əsası, Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tam olaraq öz ərazi bütövlüyünü təmin edib və bu, ölkənin gələcək sosial-iqtisadi inkişafına çoxsaylı yeni imkanlar açan böyük bir tarixi hadisədir. Qlobal geosiyasi eskalasiyanın və geoiqtisadi fraqmentasiyanın güclənməsi səbəbindən son dərəcədə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam etdirilir, Prezident tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu bütün istiqamətlərdə uğurla həyata keçirilir. Müxtəlif, xüsusən də xarici amillərlə bağlı olan bəzi çətinliklərə rəğmən Azərbaycan iqtisadiyyatı 2023-cü ildə də inkişaf edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin doqquz ayı ərzində ölkədə 90812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalsa da, qeyri neft-qaz sektorunda 3,0 faiz artım qeydə alınıb. Ölkə Prezidentinin siyasi iradəsi nəticəsində milli iqtisadiyyatımızın dayanıqlığı qoruyub saxlanılıb. Bu da onunla bağlıdır ki, Azərbaycanda iri sosialyönümlü layihələr həyata keçirilir. Sosial xərclər ildən-ilə artır. Sosial müdafiə sahəsində şəffaflığın təmin edilməsi, idarəetmədəki effektivlik bir çox neqativ halların aradan qaldırılmasına şərait yaradıb. Bu yolla əldə edilən vəsait insanların sosial rifahının yüksəldilməsinə istiqamətləndirilir. Ötən illər ərzində Azərbaycanın iqtisadiyyatı, ordusu kifayət qədər güclənib, xalqın rifahı yaxşılaşıb.

44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda qurulacaq yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə yenilənməsi, həm də öz tarixi keçmişini əks etdirməsi bir daha qazandığımız Zəfərin böyüklüyünü özündə ehtiva etməkdədir. Bu gün aparılan iqtisadi islahatlar yaxın gələcəkdə də əlavə imkanlar yaradacaq. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzuru yenidən quran İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir.

Mustafa KAMAL,

“Respublika”.