Ordum da var, yurdum da
Digər xəbərlər

Ordum da var, yurdum da

Azərbaycan xalqı ötən 30 illik dövr ərzində erməni işğalı ilə barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm, qətiyyət və güclü iradə göstərdi. Məcburi köçkün həyatı yaşayan insanların yurd həsrətini heç nə söndürə bilmədi, amansız ayrılıq insanların nəyin bahasına olursa-olsun, biz öz yurdumuza qayıdacağıq inamının üstünə kölgə sala bilmədi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Dövlətimizin başçısı həmişə aydın şəkildə ermənilərin xislətini təsvir edərək bildirirdi ki, bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar.

Danılmaz faktdır ki, Ermənistan istər sərhəddə, istərsə də işğal etdiyi ərazilərdəki təmas xəttində ardıcıl olaraq atəşkəsi pozur, dinc azərbaycanlıları qətlə yetirir, təxribat və terror hadisələri törədir, bir sözlə, azğın işğalçı heç cür ram olmurdu. Belə faktlardan birinə nəzər salaq: 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaq idi. Ermənistanın gözləmədiyi halda Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək bütün dünyaya öz gücünü göstərdi, xalqımızın sarsılmaz birliyini, polad kimi əyilməz iradəsini nümayiş etdirdi. Azərbaycan otuz ilə yaxın erməni işğalından əziyyət çəkməsinə baxmayaraq, bütün haqsızlıqlara, ikili standartlara mərdliklə sinə gərdi, qələbəyə və şərəfə qadir olduğunu göstərdi. Biabırçı şəkildə məğlub olan Ermənistanda isə hələ də böhran hökm sürür, ermənilər bir-birilərini ittiham edir, xain adlandırırlar.

44 günlük müharibədə biz bir yumruq kimi birləşdik, ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, işğalçıları torpağımızdan qovdu. Qırx dörd günün hər günü qəhrəmanlıq dastanı, hər bir günü rəşadət, şərəf günüdür və hər birimiz üçün çox əziz, doğmadır. Mənsub olduğu xalqın, gəncliyin gücünü, ləyaqətini, qabiliyyətini, qəhrəmanlığını varlığında yaşadan, doğma yurdu, torpağı uğrunda savaşa atılan, düşməni əzən və məhv edən oğullarla fəxr edir, polad biləkli igidlərlə həmişə qürur duyuruq.

Qarabağa Azərbaycan xalqının birliyi, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Şəhid olan övladlarımız üçün bir yerdə kədərləndik, bir yerdə yas saxladıq. Vətən müharibəsində qazandığımız şanlı qələbədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, sevinc hissləri hələ də çöhrələrdən silinməyib. Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı, düşmən tapdağı altında inildəyən torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanı ilə yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu. Müharibənin ilk günləri bir daha göstərdi ki, biz təkcə Ermənistanla döyüşmürük. Şanlı və qəhrəman ordumuzun ildırım sürətli hücumları düşməni və onun havadarlarını ciddi təşvişə saldı. Azərbaycan Prezidenti, sözün əsl mənasında, üç cəbhədə düşmənə qarşı döyüşdü. Ali Baş Komandanın ordusu cəbhədə, özü isə siyasət meydanında, informasiya cəbhəsində erməni təəssübkeşlərinə və dünya ermənilərinə qarşı qətiyyətlə, cəsarətlə, böyük fədakarlıqla mübarizə apardı.

 Bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu çox yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və ən müasir hərbi texnikalarla təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabiliyətini, qəhrəmanlığını, torpaq və bayraq məhəbbətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan yurd yerlərimiz azad olundu, bu savaşda əsgərlərimiz, zabitlərimiz, generallarımız doğma Vətənimiz Azərbaycanın başını uca etdilər.

Vətən müharibəsi ilə bağlı təhlillər onu bir daha göstərir ki, Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələr aktiv şəkildə iştirak edib. Xüsusi təyinatlı qüvvələrin tarixinə nəzər salanda bir daha aydın olur ki, qısa zaman kəsiyində Azərbaycanda elitar və peşəkar ordu hissələri yaradılıb. 1999-cu ilin aprel ayında müdafiə nazirliyinin nəzdində ilk xüsusi təyinatlı dəstələr qurulub. Dəstələrin yaradılmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak edib. İllər keçdikcə xüsusi təyinatlı qüvvələr təkmilləşdirilib. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında qardaş Türkiyə hərbçilərinin əməyi çox olub. 2020-ci ilin iyun ayında isə yeni xüsusi təyinatlı birlik yaradılıb. İstər quruda, istər havada, istərsə də suda Azərbaycan xüsusi təyinatlıları yüksək döyüş qabiliyyətinə malikdir. Xüsusi təyinatlıların şüarı belədir: sədaqətim şərəfimdir! Qəhrəman xüsusi təyinatlılarımız İraq, Əfqanıstan müharibələrində, dünyadakı münaqişə zonalarında sülhyaratma missiyasında şərəflə iştirak ediblər.

İkinci Qarabağ müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etdi. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın dəhlizinə doğru irəliləməyə başladı. Laçın dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük magistral yol idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının daşınmasının qarşısını aldı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi və Azərbaycanın hərbi üstünlüyü sayəsində düşmən məhv edildi, tarixi ədalət bərpa olundu.

Heç kəsə sirr deyil ki, Azərbaycan ordusu 44 günlük müharibədə "Harop" zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan "Zərbə" dronlarından və digər PUA-lardan, o cümlədən "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə "Bayraktar TB2" dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirmək, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu texnoloji üstünlüyə sahib idi. Belə bir deyim var, ordun varsa, yurdun da var. Haqlı olaraq fəxr edir, qürur hissi keçiririk ki, müasir Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer tutub, Azərbaycan xalqının şərəfinə çevrilib.

Vətən müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqda tarixi ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın simvoluna çevrilən Ağalıda, Suqovuşanda, Cocuq Mərcanlıda - işğaldan azad edilən bütün yurd yerlərində yeni həyat başlayıb. Vaxtilə göz yaşları içərisində tərk etdikləri ata-baba yurdlarına insanlar indi sevinclə, qürurla, şükranlıqla, hədsiz minnətdarlıqla qayıdırlar. Ağır müharibədən sonra azad edilən torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın şanlı, qürurlu və davamlı inkişaf tarixinə dəyərli, qətiyyətli sözünə, gücümüzün, qüdrətimizin, bir xalq olaraq birliyimizin çağdaş bir səhifəsinə çevrildi. Şanlı ordumuzun qəhrəmanlığı, rəşadəti və igidliyi sayəsində Qarabağ və Şərqi Zəngəzura Günəş təzədən doğdu...

Salman ALOĞLU,

"Respublika".