Orda bir kənd var...
Region

Orda bir kənd var...

Bir ev yurddur, bir məhəllə bir kənddir, orda uzaqlarda qalan kənd böyük bir elin məskənidir, dədə-baba yurdudur, yüz illərlə yaşı var və bu kəndlərdə azərbaycanlılar əzəldən yaşayıblar, buralar onların əzəli və əbədi yurdudur. Qarabağın dağlıq hissəsində çox gözəl kəndlərimiz olub, ilahi təbiət bu yerlərdən heç nə əsirgəməyib, torpağının altı da, üstü də sərvət olub, zirvəsi buludlara dəyən dağları, gen dərələri, sıldırım qayaları, meşələri, bulaqları, cıdır atlarının nəfəsini kəsən düzləri bu yurd yerlərinin qiymətsiz olduğunu göstərib. Cəmilli kənd sakinləri otuz ildən çoxdur ki, xəyallarında, yuxularında orda, uzaqlarda qalan kənd bizim kəndimizdir, gedə bilməsək də o kənd bizim kəndimizdir deyirlər.

Xocalı rayonunun Cəmilli kəndindən təbiət heç nə əsirgəməyib, dağların sinəsinə sığınan bu kəndin gözəlliyi sözə, söhbətə sığan deyil. Cəmilli kəndi 1991-ci il dekabrın 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Qeyd edək ki, kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda yerləşir. Dağlıq ərazidə yerləşən Cəmilli kəndi bir tərəfdən sıldırım qayalarla, digər tərəflərdən isə meşə zolağı ilə əhatə olunub. Cəmilli kəndinin əsas yolu ermənilərin yaşadığı Xənəzək kəndindən keçirdi. Erməni separatçılarının və onların havadarlarının başlatdığı münaqişədən sonra cəmillililər ermənilərin mühasirəsində qaldılar. Mühasirədən qurtulmaq üçün kənd sakinləri sıldırım qayalardan keçən cığırlardan istifadə etməyə məcbur oldular, bu isə adamların təhlükəsizliyinə ciddi maneə yaradırdı. Buna baxmayaraq cəmillililər öz doğma kəndlərini fədakarlıqla, qeyrətlə qoruyurdular. Təəssüf ki, Cəmilli kənd sakinləri taleyin ümidinə qalmışdılar.

Hər dəqiqəsi, hər saatı təhlükə olan, erməni separatçılarının hücumlarına məruz qalan Cəmilli kəndi Birinci Qarabağ müharibəsində 13 nəfər şəhid verib. Onların 9 nəfəri kənd sakini, 3 nəfəri Cəmillinin müdafiəsinə gəlmiş polis əməkdaşları, 1 nəfəri isə 6 yaşlı Kosalar kənd sakini Maya Sərhad qızı Abdullayevadır. Cəmillinin müdafiəsində şəhid olmuş polis əməkdaşlarından bir nəfəri Ağcabədi, 2 nəfəri isə Şəki rayon sakini olub. Şəhid polis əməkdaşı Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, İkinci Dünya müharibəsinin əfsanəvi partizanı, Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində anadan olub. 1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa xidməti ezamiyyətə göndərilib. Vətənin qəhrəman övladları Cəmilli kəndini erməni silahlı qüvvələrindən layiqincə qoruyurdular. Kənd mühasirədə olduğu üçün sakinlər ərzaq sarıdan korluq çəkirdilər. Ehtiyat tükənirdi. Mikayıl öz polis yoldaşları ilə Kosalara taxılı gətirməyə gedib. Çox təhlükəli olsa da Mikayıl yüngül silahla Kosalara tərəf yola düşüb. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları tərəfindən hücuma məruz qalıblar. Polis zabitlərindən biri snayper gülləsindən ağır yaralanıb, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alıb. Buna baxmayaraq, o təslim olmur. Döyüşə-döyüşə yoldaşları ilə mühasirəni yarmağa müvəffəq olub . 1990-cı il dekabrın 15-də əsir düşən döyüş yoldaşlarını xilas edərkən erməni silahlı qüvvələrinə qarşı qəhrəmanlıqla son anadək vuruşaraq döyüş meydanında şəhid olub. Cəmilli kəndinin qəhrəman müdafiəçisi polis zabiti Mikayıl Cəbrayılov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Cəmilli kəndinin müdafiəçilərindən olan sakinlər Fikrət Buruzu oğlu Mehdiyev, Bəhram Mətləb oğlu İsmayılov, Cavanşir İsak oğlu Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub. Qeyd edək ki, Cavanşir Mehdiyev 1995-ci il oktyabrın 28-də Bakı metrosunda ermənilər tərəfindən törədilmiş terror hadisəsində şəhid olub. Kənd sakini Şakir Şamil oğlu Salahov erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Cəmilli faciəsinin yaraları qaysaq bağlamır. 1991-ci il avqustun 23-də Şuşadan Cəmilliyə gələn və içərisində 21 nəfər dinc sakinin olduğu "UAZ" markalı maşın Kosalar - Cəmilli kəndləri arasında "Darlı" adlanan meşəlik ərazidə yerləşən "ASALA" terror təşkilatının quldurları tərəfindən atəşə tutulub. Terror aktı nəticəsində 3 nəfər şəhid olub, 15 nəfər ağır yaralanıb. Faciənin dəhşətini bir dinc azərbaycanlıya 21 ədəd avtomat gülləsinin vurulması aydın göstərir. Terror hadisəsi zamanı kənd sakini Əyyub Əvəz oğlu Mahmudov həm qılçasını, həm də qolunu itirib. Kosalar kənd sakini 6 yaşlı Maya Sərhad qızı Abdullayeva anasının qucağında şəhid olub.

Xatırladaq ki, Cəmillinin işğalı zamanı kənddə 120 ailə, 596 sakin yaşayıb. Hazırda Cəmilli kənd İƏD üzrə nümayəndəliyinin məlumatına görə kəndin 301 ailəsi, 1109 nəfər sakini var. Onların böyük hissəsi Goranboy rayonunun Aşağı Ağcakənd, Börü qəsəbələrində və Bərdə şəhərində məskunlaşıblar. Erməni işğalı nəticəsində Cəmilli kənd sakinləri respublikanın 20-yə qədər şəhər və rayonlarına pənah aparıb. Kənd 1991-ci ildən 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasına düşüb. Cəmillililər 31 ildir ki, doğma yurd yerlərinin həsrəti ilə yaşayırlar. İnanırıq ki, bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, hələ də düşmən tapdağında qalan yurd yerlərimiz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və müzəffər ordumuzun gücü ilə öz sahiblərinə qaytarılacaq. Cəmillililər daha orda bir kənd var deməyəcəklər, elə öz doğma kəndlərində yaşayacaqlar.

Salman ALIOĞLU,

"Respublika".