Şixamir Qaflanov
Sosial həyat

Şixamir Qaflanov

Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən zabit və qeyrətli Azərbaycan vətəndaşı kimi, Şixamirin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası idi.

Şanlı  qələbəni  bizə yaşadanlardan  biri--Vətən Müharibəsi Qəhrəmanı Qaflanov Şixamir Oruc oğlu 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. O, orta təhsilini kənd məktəbində alıb. 2005-ci ilin yanvar ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin sıralarıda sıralarında xidmət edir. 2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Şixamir Qaflanov bir müddət sonra--2007-ci ilin aprel ayında  Daxili Qoşunların   sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayır.

Şixamirin əsas arzularından biri Daxili Qoşunların  zabiti olmaq idi. Buna görə də o, 2008-ci il ildə  DİN-nin nəzdində fəaliyyət göstərən  Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olur. 2010-cu ildə "leytenant" hərbi rütbəsi alaraq təhsilini başa vurur. Zabit kimi ilk olaraq Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayan Şixamir 2012-ci ilin oktyabrınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edir. Yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandirinin etimadını qazanmağa müvəffəq olur. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən mayor Şixamir Qaflanov 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 illiyi yubiley medalları ilə təltif edilir.

Şixamir  xidmət  etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabrından dekabrınadək və 2019-cu ilin fevralından iyununadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirir.

DİN-in  Daxili  Qoşunlarının  "Bəbir"  Xüsusi  Təyinatlı  Dəstəsinin  Komandiri  olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında olan ərazilərin azad edilməsi üçün başlanan  Vətən müharibəsi  zamanı tabeliyində olan şəxsi heyətlə birgə  Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərə qatılır.

Komandiri  olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmur. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənirlər. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanır.

2020-ci il oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən biri Şixamirin sonuncu döyüşü olur. Baş vermiş bu qanlı döyüşdə o, tabeliyində olan cəsur silahdaşları ilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqeləri azad edir. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutur. Şiddətli döyüşlərin gedişində düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan mayor Şixamir Qaflanov əbədi ölümsüzlüyə--şəhidlik zirvəsinə yüksəlir. Mayor Şixamir Qaflanov oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kənd qəbiristanlığında dəfn olunub. Mədinə adlı qız övladı xalqımıza əmanətdir.

Bu döyüşdə qəhrəman komandirlə birgə onun tabeliyində xidmət edən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin digər üç nəfər cəsur hərbi qulluqçusu-- baş çavuş Mehdiyev Surxay Zülfi oğlu, baş çavuş  Məmmədov Sahib Yaşar oğlu və çavuş Ələsgərzadə Sənan Muxtar oğlu da son damla qanlarınadək vuruşaraq şəhid olurlar. Şixamirin  böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan Asif ikinci qrup müharibə əlilidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə  Prezident  İlham Əliyevin  09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şixamir Oruc oğlu Qaflanov "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Vətən Müharibəsi Qəhrəmanı  Şixamir Oruc oğlu Qaflanovun adı verilmişdir.

Şixamir Qaflanovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin  Vətən müharibəsi fondunda saxlanılır.

2020-ci ildə Şixamir Qaflanovun Zaqatala rayonunun Üçüncü Tala Kəndində yaşadığı evdə xatirə lövhəsi vurulmuşdur. İctimai TV-də Şixamir Qaflanova həsr olunan "Bir "Bəbir" Kimi…" sənədli filmi təqdim olunmuşdur. 25 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.    

                                                                                                         M.MİRZƏ, 

                                                                               “Respublika”.