Öncə vətən deyən  topçu
Sosial həyat

Öncə vətən deyən  topçu

Anadan öncə Vətən deyən igidlərdən biri də şəhidimiz topçu polkovnik-leytenant Zaur Cəfərovdur. Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində dünyaya göz açıb. İbtidai təhsilinə 1986-cı il şəhid Namiq Əbdüləliyev adına  Başlıbel  kənd orta məktəbində başlayıb. 1993-cü il aprel ayının əvvəlləri erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə  Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə  Qaradağ  rayonu  Qızıldaş qəsəbəsində şəhid Azər Namazov adına  orta məktəbdə başa vurub. 13 yaşında ikən Ata yurdu, Ana Vətəni  Kəlbəcərin işğal olunması, köçkünlük həyatının çətinlikləri, 9 qohumunun Birinci Qarabağ müharibəsində şəhid olması, 49 qohumuna ermənilər tərəfindən mühasirəyə alınaraq 113 gün boyu ağır günlər yaşadılması, onlardan 18-nin ermənilərə dirəniş göstərərkən qətlə yetirilməsi, 19 nəfərin isə girov götürülməsi elə uşaq vaxtlarından  Zaurda  düşmənə nifrəti və hərbiyə marağı artırmışdı.

Zaur 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Hərbi təhsilini 2001-ci ildə  leytenant  rütbəsi ilə bitirib. Vətənin darda olduğunu dərindən dərk edən və işğal altında olan torpaqları azad etmək fikrini ehtiyata buraxılmaqdan üstün tutan Zaur hərbi xidmətini davam etdirmək üçün 2014-cü ilin sentyabr ayında imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub.  Silahlı Qüvvələrin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun  2016-cı il tarixli qərarı ilə "Hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilib. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsinə yüksəlib və xidmətini Birinci Ordu Korpusunda davam etdirib. Nümunəvi xidmətinə görə qısa müddət ərzində diviziya komandiri vəzifəsindən hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksəlib.

Polkovnik-leytenant Z.Cəfərov 2016-cı il  Aprel və 2020-ci il  Tovuz döyüşlərində öz əsgərləri ilə birgə səngərdə düşmən həmlələrinə qarşı mübarizə aparıb.

Azərbaycan Respublikasının  müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə  “İgidliyə görə” medalı ilə təltif edilib.

2001-ci ilin avqustun 20-də "Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü  artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın  taktiki  komandanlığı" ali peşə istiqaməti üzrə  bakalavr  dərəcəsi verilib. 

Zaur Cəfərov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində öz briqadası ilə çiyin-çiyinə vuruşur. 28 ildir gözlədiyi zaman artıq yetişmişdi. O, daim irəliyə can atırdı. Düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı özü idarə edərək qənimət gətirirdi. Dostları  Polad Həşimov və İlqar Mirzəyevin, bibisi oğlu Yalçın Mustafayevin qisasını almaq üçün dəridən-qabıqdan çıxırdı.

Bir gün döyüşlərin şiddətli vaxtında xəbər alır ki, qardaşının tələbəsi Ələkbər Ələsgərov şəhid olub. Polkovnik-leytenantımız 22 yaşlı şəhid Ələkbər Ələsgərovun qisasını almaq üçün ağır döyüşlərin getdiyi bir vaxtda düşmən tankını hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhidin adını həkk elətdirib və təsəlli üçün şəklini çəkib şəhidin ailəsinə göndərib və Ələkbərin qanının yerdə qalmadığını bildirib. Madagiz-Ağdərə istiqamətində onun rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Həmçinin  Ermənistan Silahlı Qüvvələrinin  Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikasını yararsız hala salıb. Oktyabrın 3-də Tərtər rayonunun Talış və Suqovuşan  kəndlərinin və Murovdağ silsiləsinin işğalçılardan azad olunmasında müstəsna xidmətləri olub. Şəhadətindən 4 gün öncə oğlu və kiçik qardaşı ilə görüşən şəhidimiz ona dostlarının və bibisi oğlunun qisasını aldığını və tezliklə onları  Kəlbəcərin  Başlıbel  kəndinə, öz dədə-baba yurduna aparacağını bildirir. Polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə  Ağdərə  istiqamətində gedən şiddətli döyüşlər zamanı  Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub.

2020-ci ilin oktyabrın 19-da polkovnik-leytenant Zaur Cəfərovun nəşi valideynlərinin yaşadığı Sabunçu rayonu Yeni Ramana qəsəbəsinə gətirilib. Zaur həmin gün  II Fəxri Xiyabanda, cəbhə dostları, Milli qəhrəmanlar general-mayor  Polad Həşimov və polkovnik  İlqar Mirzəyevin məzarlarının yanında yaylım atəşi ilə təntənəli şəkildə torpağa tapşırılıb.

Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən  igidlik və mərdlik nümunəsi göstərdiyinə görə  Prezident İlham Əliyevin  sərəncamları ilə ölümündən sonra  "Vətən uğrunda",   "Suqovuşanın azad olunmasına görə",  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Zaur müharibənin ilk günündən ailəsinə - Kəlbəcəri alıb qayıdacağam,- deyə söz vermişdi.  Lakin... Onun 3 gözəl övladı bizlərə əmanət oldu. Döyüşə gedən zaman sağollaşarkən  balaca  oğlu  Həsənə  “Bacılarına yaxşı bax” deyə vəsiyyət edib.

                                                                                                  Müşfiq MİRZƏ,

                                                                                                   “Respublika”.