​​​​​​​ÖLKƏMİZ UNİKAL MULTİKULTURAL MƏKANDIR
Sosial həyat

​​​​​​​ÖLKƏMİZ UNİKAL MULTİKULTURAL MƏKANDIR

Heydər Əliyev-100

Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. İl çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ardıcıl, silsilə tədbirlər keçirilir.

Növbəti tədbir Masallı Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, rayon icra hakimiyyətinin rəsmiləri, dini icma sədrləri, təhsil və mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları ulu öndərin Masallı şəhərində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Heydər Əliyev və multikulturalizm" adlı sənədli film nümayiş olunub.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa giriş sözündə Azərbaycanda yaşayan xalqların Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası əsasında vahid amal uğrunda birləşdiyini diqqətə çatdırıb.

Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə beynəlxalq arenada söz sahibi olan güclü dövlət kimi tanınır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov mərkəzin yaranması və fəaliyyəti barədə ətraflı söhbət açıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi azsaylı xalqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir.

Ümummilli liderin əsasını qoyduğu multikulturalizm siyasəti ölkənin demokratik inkişafının tərkib hissəsidir. Azərbaycan müxtəlif mədəniyyət və dəyərlərin daşıyıcısı olan xalqların dinc, sabitlik şəraitində yaşadığı unikal multikultural məkandır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tədbir maraqlı müzakirələrlə yekunlaşıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".