Hər gecənin bir gündüzü var...
Sosial həyat

Hər gecənin bir gündüzü var...

Göz yumma günəşdən,

nə qədər nuru qaralsa,

Sönməz əbədi, hər

gecənin gündüzü vardır.

Bəzi günlər var ki, yaddaşlardan heç vaxt silinmir. Bu xoş və ya hüznlü ola bilər. Xalq olaraq yaşadığımız ən dəhşətli günlərdən biri isə 32 il bundan öncə erməni silahlı dəstələrinin bir gecədə yüzlərlə günahsız ailənin ocağını söndürməsidir. İllər ötsə də baş verən o faciə yaddaşlardan silinməyib, ölənlərin xatirəsi ehtiramla yad edilib. Xocalının əliyalın  sakinlərinə qarşı törədilən vəhşiliklər unudulmayıb. Əksinə, illər keçdikdə  qaysaq bağlamayan yaralar  göynəyib, xalqımıza qarşı  soyqırımı törədənlərə  nifrət daha da artıb.  Lakin 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  illər öncə qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Nəticədə öz doğma yurdlarından didərgin düşmüş minlərlə vətəndaşımız bu gün öz torpaqlarına rahatlıqla, təhlükəsiz formada qayıda biləcək. Baxın budur əsl xoşbəxt gün. Bəxtiyar Vahabzadənin də dediyi kimi, mümkünə döndərdik çox namümkünü. Hüznlü xatirəni xoşbəxt misralarla əvəz etdi Azərbaycan əsgəri. Nəhayət qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. Növbəti aylarda artıq Xocalıya doğru ilk köç karvanı yola düşəcək. 30 illik həsrət nəhayət sona çatacaq. İlk köç karvanında evinə qovuşacaq Elmira Allahverdiyeva isə öz sevincini kəlmələrə sığışdıra bilmir.  Bir müddət əvvəl yerli medianın təşəbbüsü ilə doğma yurduna baş çəkən Elmira xanım göz yaşlarını boğaraq  deyir: "Orada yaşadığımız evin qapıları bağlı qalmışdı. Heç ümidim də yox idi ki, bir gün həmin qapı açılacaq. Qardaşımın, bacımın və qohumlarımın şəhid olması məni ruhdan salmışdı. Düşünürdüm ki, bir gün doğma yurduma qovuşsam hansı üzlə həmin qapıları açacam. Amma elə deyilmiş. İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olduğunu eşidəndə elə bildim ki, dünyalar mənim oldu. Sevincimdən hətta gecələr də yata bilmirəm. Həmin yerlərə köçəcəyimiz xəbərini  eşidəndən daha da səbirsiz olmuşam. Bu dəqiqə istəyirəm ki, ayaqyalın qaçaraq gedim. Hətta çamadanımı hazır yığıb qoymuşam ki, xəbər gələn kimi, ən öndə olum. Oğlum hazırda Xocalıdadır. Hər gün telefonla zəng edirəm. O da deyir ki, ana narahat olmayın. Tez bir zamanda işlər bitəcək, qovuşacaqsınız. İnsan istər-istəməz həyəcanlanır. Ötən gün media nümayəndələri məni kəndimizə aparmışdı. Mən öz evimizi tapa bilmədim. Həmin yerlərdən heç əsər-əlamət də qalmayıb. Evlərimiz ermənilər tərəfindən elə hala salınıb ki, doğma küçələr mənə tanış gəlmədi. İstəyirəm ki, ermənilərin bir dənə də orada izi qalmasın. Bizim torpağımız öz halal yurdumuzdur. Haram əllər bir də buralara dəyməsin, haram ayaqlar daha bizim torpaqlarımıza addım atmasın".

Bu gün işıqları 30 ildir sönmüş vətəndaşlarımız doğma evlərinə qayıdır. Bundan sonra həmin ocaqların sönməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Beynəlxalq arenada öz haqq mübarizəmizdən əsla dönməyəcəyik. Uzun müddətlik həsrət kitabı bir daha açılmamaq üzrə bağlandı. Bərpaedilən evlərdə artıq bayram süfrələri qurulur, el şənlikləri keçirilir. Quruculuq işləri gedən yerlərdə isə yüksək əhvali-ruhiyyə var. Hazırda Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan həmsöhbətimiz isə bildirir ki, Xocalıya ziyarət edən zaman orada işləyən işçilərin üzündən yorğunluq əvəzinə fərəh hissi gördüm. Hər kəs bir nəfər kimi, xoşbəxt gələcəyimiz üçün çalışır. İllərin həsrəti yorğunluq hissini alıb, aparır. Tək məqsəd tez bir zamanda torpaqlarımıza köçün başa çatmasıdır.

Röya RÜSTƏMLİ,

"Respublika".