Ölkəmiz qurub-yaratmaq, sülh, əmin-amanlıq tərəfdarıdır
Siyasət

Ölkəmiz qurub-yaratmaq, sülh, əmin-amanlıq tərəfdarıdır

44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə gözə görünməyən gizli düşmənlə mübarizəyə başlandı. Ölümsaçan minalardan təmizlənən torpaqlarda yenidənqurma işlərinə start verildi. 30 illik işğala son qoyan İkinci Qarabağ müharibəsində hərbi gücünü, iqtisadi potensialını ərazi bütövlüyünün təmin olunması üçün səfərbər edən ölkəmiz bu gün də eyni tendensiyanı davam etdirir. Yağı düşmənin yer üzündən sildiyi ərazilərin bərpası dövlətimizin daxili imkanları hesabına həyata keçirilir. Geniş vüsət alan quruculuq işləri nəticəsində salınan kəndlər, qəsəbələr, şəhərlər yurd yerlərimizə yeni həyat bəxş edir.

Qurub-yaratmaq, əmin-amanlıq tərəfdarı olan Azərbaycan 30 il tarixi ərazilərini işğal altında saxlayan düşmən ölkəyə sülh təklif etməklə təkcə iki ölkə arasında münasibətlərin normallaşmasını deyil, eyni zamanda regionda təhlükəsizliyi, sabitliyi təşviq edir, xalqların birgəyaşayışı, qonşuluq əlaqələrinin bərpası istiqamətində gərəkli addımlar atır. Lakin müharibədən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanın 5 baza prinsipindən ibarət sülh təklifinə adekvat cavab verməyən Ermənistan imzaladığı üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, siyasi manipulyasiyalarla münasibətlərin normallaşmasına mane olur. Azərbaycanın sülh naminə bütün cəhdlərinə məhəl qoymayaraq Cənubi Qafqazda maraqları olan ölkələrin boş vədlərinə uyub, yaranan tarixi şansı dəyərləndirməməklə özünü məhvə sürükləyir. İkinci Qarabağ müharibəsindən, lokal antiterror tədbirlərindən dərs almayan düşmən ölkə mənfur siyasətindən əl çəkmir, havadarlarına arxalanaraq vəziyyətin gərginləşməsinə, münaqişənin alovlanmasına çalışır. Öz tayı olan Fransanın fitvasına gedən Ermənistan regionda beynəlxalq layihələrin iştirakçısı olmaq, xalqını saldığı böhrandan çıxarmaq əvəzinə "silahdaşından" dəstək almaqla yeni müharibəyə hazırlaşmaq istəyir. Amma anlamır ki, öz maraqlarından çıxış edən bu ölkələr üçün Ermənistan yalnız alətdir. Özü də korşalmış bir alət...

Antiterror tədbirləri nəticəsində separatçıların Azərbaycan ərazilərindən təmizlənməsi ilə regionda yeni mühit yaranıb. Bu gün dövlətimiz suveren ərazisi olan Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinin açılmasına, sərhədlərin delimitasiyasına və bütün bunların fonunda sülh sazişinin imzalanmasına ciddi səy göstərir. Regionda davamlı sülhün bərqərar olmasına maraqlı olan ölkəmiz Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşların əmin-amanlıq şəraitində yaşamasına, onların hüquq və azadlıqlarının qorunmasına hərtərəfli təminat verir, regionda rifah, təhlükəsizlik, sabitlik naminə Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirir. Lakin illər boyu Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə olan Ermənistan bölgədə söz sahibinə çevrilən Azərbaycanın yaratdığı vəziyyətlə barışmaq, bu reallığı qəbul etmək istəmir. Belə ki, əgər Ermənistan havadarlarının təsir dairəsindən çıxmağa özündə güc tapıb sülh sazişini imzalayarsa, əsrlər boyu münaqişə mərkəzinə çevrilən Cənubi Qafqazda əmin-amanlığa, inkişafa nail olunacaq, regionda uzunmüddətli sülh bərqərar ediləcək.

Antiterror tədbirlərindən sonra xalqa müraciət edən ölkə başçımız demişdir: "Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq".

Bu gün Azərbaycan regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. Hər zaman milli maraqlarında qətiyyətli mövqe nümayiş etdirən dövlətimiz Cənubi Qafqazda sülhün bərqərar olmasına var gücü ilə çalışır və sülh müqaviləsinin imzalanmasının təkcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacağını bəyan edir. Gələcəyə xoş ümidlər bəsləyən Azərbaycan sülh, tərəfdaşlıq mövqeyini ortaya qoyaraq Ermənistana sülh razılaşması üzərində çalışmaq, düşmənçilik səhifəsini çevirmək və sərhədlərin delimitasiyasını təklif edir. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərinin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, 5 baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona əmin-amanlıq gətirmək istəyində olan Azərbaycanın dəyişməz mövqeyidir.

Mehparə ƏLİYEVA,

"Respublika".