Ölkəmiz enerji sahəsində yeni uğurlara imza atır
İQTİSADİYYAT

Ölkəmiz enerji sahəsində yeni uğurlara imza atır

Azərbaycan regionda enerji ölkəsi kimi əhəmiyyətli rol oynayır. Son illərdə Avropanın alternativ mənbələrə çıxış və enerji təhlükəsizliyinin təmin edilməsi zəminində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də təbiidir. Azərbaycan sabit və etibarlı nüfuzu ilə diqqət çəkir. Ölkəmiz enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır. Azərbaycan Respublikası Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti "Əsrin müqaviləsi" ilə regionun ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq enerji arenasında birbaşa iştirakçıya çevirib. Azərbaycanda külək və günəş enerjisi potensialı kifayət qədərdir və bu sahədə mühüm işlər aparılır. Külək enerjisi potensialı üzrə Xızı və Abşeron yarımadasının qərb hissəsi, Günəş enerjisi potensialı üzrə isə Naxçıvan əlverişli ərazilərdir.

Azərbaycan gündən-günə inkişaf edir və sürətlə yenilənir. Hətta bir sıra istiqamətlərdə dünyada və regionda lider qismində çıxış edir. Əldə etdiyimiz bu nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da öz əksini tapıb.

Qeyd etmək yerinə düşər ki, ölkəmiz Dünya İqtisadi Forumunun "Səmərəli Enerji Keçidinin Təşviqi-2023" hesabatında 32-ci pilləyə yüksəlib. Burada 120 ölkənin dayanıqlı və səmərəli enerji sisteminə doğru irəliləmək üçün göstərdiyi səylər qiymətləndirilib. Həmçinin bildirək ki, son 10 il ərzində ən yüksək irəliləyiş göstərən ölkələr sırasında olan Azərbaycanın iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olduğu vurğulanıb. Qeyd edək ki, ölkəmiz 2022-2023-cü illər arasında Enerji Keçid İndeksində ən yüksək irəliləyiş əldə edən ölkələr sırasında yer alıb. Bundan başqa, hesabatda vurğulanıb ki, Azərbaycan enerji keçidinə hazırlıq infrastrukturunun qurulması istiqamətində göstərdiyi güclü səylərə görə cari il üçün reytinqlərdə əhəmiyyətli dərəcədə yüksəlib.

Həmçinin ötən günlərdə Beynəlxalq Enerji Agentliyi (BEA) 2024-2025-ci illərdə Azərbaycanda neft hasilatının sutkada 570 min barelə artacağını proqnozlaşdırması ilə bağlı məlumat yayımlayıb. Agentliyin hesablamalarına görə, 2023-cü ildə ölkədə neft hasilatı sutkada 520 min barel təşkil edəcək. 2024-cü ildə hasilat sutkada 560,000 barelə, 2025-ci ildə isə 570,000 barelə qədər artacaq. Ölkəmiz neft sahəsində də region və ətraf ölkələr arasında öz sözünü deyir. Artan tələbat işin keyfiyyətini göstərən əsas amillərdəndir.

Hazırda Azərbaycandan gündəlik qaz ixracının ən böyük hissəsi Avropa bazarının payına düşür və avropalı istehlakçılar gündə təxminən 27 milyon kubmetr Azərbaycan qazı ilə təmin olunur.

2021-ci ildə Avropa Azərbaycandan 8 milyard kubmetr qaz alıbsa, 2022-ci ildə bu rəqəm 11,4 milyard kubmetrə yüksəlib.

Prezident İlham Əliyev Litvaya bu yaxınlarda səfəri zamanı bildirib ki, Avropaya mavi enerjinin tədarükünün bu il 12 milyard kubmetrə, 2027-ci ilə qədər isə 20 milyard kubmetrə çatacağı gözlənilir. 2023-cü ilin mart ayında Avropa bazarları Azərbaycandan təxminən 612 milyon kubmetr təbii qaz alıb və hesabat dövründə ölkəmiz 596 milyon avroya yaxın gəlir əldə edib.

Hazırda ölkəmiz quruda və dənizdə son dərəcə böyük həcmdə bərpaolunan enerji mənbələri emal edir. Əlbəttə, Azərbaycanda nə qədər çox bərpaolunan enerji mənbələrindən istifadə edilərsə, ixrac üçün bir o qədər çox təbii qaz olar. İşğaldan azad edilmiş ərazilərimizin də böyük həcmdə bərpaolunan enerji imkanları var. Orada 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Həmçinin Qarabağ bölgəsi Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Təsadüfi deyil ki, yerli su ehtiyatlarının 25 faizi bu ərazidə formalaşır. Bununla yanaşı, regionda digər mühüm enerji obyektləri, gücü 200 MVt olan "Xudafərin" və 80 MVt gücündə "Qız Qalası" hidroqovşaqları mövcuddur. Azərbaycan Respublikası ərazisində "Yaşıl" kənd və ya "Ağıllı" kənd, həmçinin Qarabağda "Ağıllı" şəhər və kəndlərin salınması isə bu sahədə aparılan ən böyük işlərdəndir. Qarabağ bölgəsində qurulan "ağıllı" şəhər və kəndlər ətraf qonşularımıza da nümunədir. Bu da beynəlxalq arenada "ağıllı şəhər"lərin tətbiqi üçün bünövrə ola bilər. Bərpaolunan enerji potensialımız 27 000 MVt təşkil edir. Ayrılıqda isə külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. Bu isə "yaşıl enerji" sahəsində Azərbaycanın beynəlxalq arenada bir çox ölkələrdən fərqli imkanlara malik olduğunun göstəricisidir. Yaşıl enerji məsələsində atılmış ən mühüm addımlardan biri də ötən il Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasıdır. Bununla da Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. Həmçinin ölkə başçımız bu il aprelin 25-də Bolqarıstana rəsmi səfərdə olub. Səfər çərçivəsində Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu" imzalanıb. Memoranduma əsasən, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 6-dan 10-a çatdırılacağı bildirilib. Ümumilikdə, memorandum nəticəsində Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və bu sahədə əldə edilən gəlirlərin səviyyəsinin artması nəzərdə tutulub.

Külək enerjisi təbiətdə ən geniş yayılmış təhlükəsiz bərpaolunan və təmiz enerji mənbələrindəndir. Külək enerjisi hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Həmin enerjini istifadəyə yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə edilir. Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatına əsasən, Azərbaycan külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.

Həmçinin ölkəmiz ötən ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu da imzalayıb. Memoranduma əsasən, 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil. Buna görə də Aİ-nin Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu bildirib. Azərbaycan bir çox Avropa ölkələrinin qaz istehlakının 80 faizini, digərlərinin isə 15-20 faizini təmin edir. Bu addımlar ABŞ prezidenti tərəfindən də dəstəklənir. O, Azərbaycan Prezidentinə ünvanladığı son məktubunda qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. Qeyd edək ki, enerji sahəsindəki uğurlara statistika əyani nümunədir. Buna əsasən, ötən il Azərbaycan 121 milyon 598,37 min dollar (artım 75,4%) dəyərində 1 milyard 711 milyon 432,88 min kVt/saat (2021-ci illə müqayisədə artım 7,7%) elektrik enerjisi ixrac edib. Həmçinin bu ilin birinci rübünə nəzər salsaq, enerji ixracının 6,1 dəfə artdığına şahid olarıq. 2023-cü ilin ilk üç ayında elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/st, yəni 7,7 faiz artaraq 7 756,2 milyon kVt/st olub.

Qeyd edək ki, bu il ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən "Bakı Enerji Həftəsi"ndə iştirakçılara müraciət edən ölkə başçımız vurğulayıb ki, Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. Həmçinin ölkə başçımız mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib. Tədbir çərçivəsində onun önəmi, görülən işlər, Azərbaycanın enerji sahəsində uğurları və enerji təhlükəsizliyi barəsində danışılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".