Aqrar sığorta dayanıqlı fermer fəaliyyəti deməkdir
İQTİSADİYYAT

Aqrar sığorta dayanıqlı fermer fəaliyyəti deməkdir

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının əlçatanlığının, dayanıqlı fermer fəaliyyətinin təmin edilməsində aqrar sığortanın rolu böyükdür. Bu sistemin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi olduqca zəruridir.

Aqrar Sığorta Fondu tərəfindən Xaçmaz rayonunda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən icra hakimiyyəti, bələdiyyə nümayəndələri, fermerlər, sığorta şirkətləri istehsalçılarla birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşlarının iştirakı ilə birgə keçirilən tədbir məhz bu məqsədə xidmət edir.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan meyvəçilik, tərəvəzçilik, kartofçuluq, üzümçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonda aqrar sahənin inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas vacib amildir. Anar Oruclu ötən həftələrdə respublika ərazisində ardıcıl yağan yağışlar, dolu, sel-subasma nəticəsində kənd təsərrüfatına ciddi zərər dəydiyini, məhsulunu sığortalamayan fermerlərin böyük itkilərlə üzləşdiyini söylədi. Qeyd etdi ki, bütün fermerlərin öz gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir bunun üçün hər bir imkan yaradılıb.

Çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirdi ki, dövlət dəstəkli aqrar sığorta Prezident İlham Əliyevin kənd təsərrüfatı istehsalçılarına xüsusi qayğısının bariz nümunəsidir. Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Fermerlərin bu xidmətlərdən istifadə edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95 faizini əhatə etmək imkanına malik olmuşdur.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən 400 min hektar əkin ərazisi sığortalanıb. Ötən 5 ay ərzində bunun 80 min hektarına müxtəlif dərəcədə ziyanlar dəyib. İlin əvvəlindən baş verən təbii hadisələr barədə 700-dən çox müraciət daxil olub. Müstəqil ekspertlərimiz hazırda zərərlərin qiymətləndirilməsi məqsədilə bölgələrdə səfərdədirlər. Qiymətləndirmə işi yekunlaşandan sonra sığortalı fermerlərimizə dəymiş zərərlər tam şəkildə ödəniləcəkdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".