BAKININ XİLASKARI: NURU PAŞA
Tarixi şəxsiyyətlər

BAKININ XİLASKARI: NURU PAŞA

Azərbaycan xalqının varlığı, ərazilərimizin bütövlüyü ciddi təhlükə altında idi. Mövcud plana görə, Bakı daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə keçməli idi. Məhz belə məqamda Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini - müstəqil Azərbaycan dövlətinin yarandığını elan etdi. Lakin Bakı və işğal altında olan torpaqlar azad edilməyincə bu müstəqillik hələ "kağız" üzərində qalmışdı. Müstəqilliyə "can verəcək" qüvvə isə Qafqaz İslam Ordusu və yaranmaqda olan Azərbaycan hərbi birləşmələri olmalı idi. Lakin həmin il iyunun 17-də Tiflisdən  Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti burada Müstəqillik  aktını qəbul etməyən bir dəstə yerli əhali və onların tanınmış xadimləri ilə üzləşir. Bu qrup Azərbaycan xalqının xilasını müstəqil dövlətçilikdə deyil, Osmanlı dövlətinə  birləşməkdə görürdü.

Həmin dövrdə Qafqaz İslam Ordusu və Azərbaycan hərbi birləşmələri torpaqlarımızı işğaldan azad edə-edə artıq 1918-ci ilin iyul ayının sonlarında Bakıya yaxınlaşırdı. Almaniya, Rusiya, İngiltərə kimi böyük dövlətlər və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələri hər vəchlə Bakının bu ordu tərəfindən alınmasına mane olmağa cəhd göstərirdilər. Azərbaycanlılara ən yaxşı halda Gəncə paytaxt kimi vəd olunur, Bakı isə "sərbəst" şəhər - hamının şəhəri, Bakı nefti - hamının nefti elan edilirdi. Lakin türk ordusu komandanlığı və Azərbaycan ziyalıları iradə nümayiş etdirirdi. Rəsulzadənin  bu məsələ ətrafında İstanbulda açdığı geniş diplomatik "döyüş", bu ideyanın əsas müəlliflərindən olan Almaniyanın İstanbuldakı səfirliyinə və bütün digər Avropa ölkələri nümayəndəliklərinə təqdim etdiyi "Bakı ... Azərbaycan üçün ölüm-dirim məsələsidir" - sonluqlu ultimatumlar, Azərbaycana göndərdiyi "Bakı alınmazsa, hər şey bitdi. Əlvida, Azərbaycan" məzmunlu teleqramlar, Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti, xüsusən də Almaniyaya çağırılan Tələt Paşanın Bakının Azərbaycana məxsus olduğuna dair açıq bəyanatı, Ənvər Paşanın Qafqaz İslam Ordusu komandanlığına teleqraf vasitəsilə yaza bilmədiklərini çaparla göndərərək "şəhəri tezliklə azad edin" əmrləri və s. AXC xadimlərinin məhz müstəqillik uğrunda mübarizəsinin həqiqətən şanlı səhifələri idi. Cümhuriyyət xadimləri qonşu və qardaş Osmanlı dövlətinin generallarının dəstəyindən yararlanırdılar.

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın Gəncəyə gəlişini belə qeyd edirdi: "Cənubi Qafqaz nümayəndələri ilə türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox zabitlər İran və Qarabağ istiqamətindən Gəncəyə daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi".

Nuru Paşa Gəncəyə gəldikdən sonra burada və ətraf bölgələrdə olan müqavimət dəstələrini təşkilatlandırmağa başladı. O, Gəncədəki vəziyyəti öyrəndikdən sonra Üçüncü Ordu Komandanlığına tarixi əhəmiyyətli bir məlumat göndərmişdi. Nuru Paşa ordu generalı Vəhib Paşaya yazdığı məktubda bildirirdi: "Gəncədə Milli Kolordu (hərbi birlik) adında təşəkkül edən 600 nəfərlik bir qüvvət vardır. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Moğola adında bir gürcü zabitinin komandanlığı altında 400-ə qədər əsgər vardır. Bakı qətliamında gürcülərin müsəlmanlarla təşrixi-məsai etmələrinə bir əlamət, ya müsəlmanlarla bir cəmilə olaraq Tiflisdən göndərilmiş olan bu əsgərlərin 300-dən ibarət olan gürcüləri Tiflisə dönüblər. Azərbaycanın milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərliyə layiq çox insan vardır. Fəqət ordu təşkili üçün paltar, silah və cəbbəxana yoxdur. Paşa həzrətləri bu xüsusda yardım edilməsini rica edir...".

Üçüncü Ordu Komandanı Vəhib Paşa Nuru Paşaya 1918-ci il iyunun 2-də yazdığı cavab məktubunda bildirirdi: "Azərbaycan hökuməti Müstəqilliyi İslamiyyəsinin tələbi üzərinə, islamları bolşevik təcavüzündən qorumaq üçün müxtəlif qüvvətli bir güclə Qazax üzərindən Gəncə istiqamətində gedəcəyəm. Bu mübarizə zəmin-taburun süvarisi Qazax ilə Gəncə arasındakı istasyonları mübarizə edəcəkdir".

Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri aparırdı. Ordu müəyyən hazırlığını başa çatdırdıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi. 1918-ci il iyunun 28-də düşmənə endirilən ilk zərbə ilə Qaraməryəm, Göyçay və sonra Ağsu, Kürdəmir azad edildi. İyul ayının ortalarında isə xilaskar ordu Bakıya iki istiqamətdə hücuma keçdi: birincisi Ağsudan Şamaxıya, digəri də dəmiryolu boyu Hacıqabuldan Bakıya doğru irəliləməkdə idi.

1918-ci il sentyabrın 15-də saat 10:30-da Bakı azad edildi. Bakıdakı qüvvələrin nümayəndələri İran Konsulluğunun nümayəndəsi ilə 5-ci birgə cəbhəsinə gələrək danışıqlar aparmağı təklif  etdilər. Bu məlumat Nuru Paşaya çatdırıldı və onun razılığı ilə 5-ci birgə cəbhəsinin rəhbərliyi Bakıdakı xarici konsulluqların nümayəndələrinin iştirakı ilə  heç bir şərt qoymadan şəhərin təslim olmasını bəyan etdi. Sentrokaspi və daşnak liderləri Bakını tərk etmək məcburiyyətində qaldılar...

Zümrüd QURBANQIZI,

"Respublika".