Nəticə verməyən növbəti erməni siyasəti
Siyasət

Nəticə verməyən növbəti erməni siyasəti

Tarix bir çox müharibələrə, süqutlara, yenidən dirçəlmələrə şahid olub. Bütün bunları edən insanlardır. Tanrının yaratdığı bu şüurlu varlıq yer üzünün altını üstünə gətirməyə, minlərlə günahsız varlığın ölümünə səbəb olacaq düyməni basmağa və bunun kimi bir çox şeyə qadirdir. Öz ağlından hiyləgərliklə istifadə edə bilən insanlar əgər dövlətin başına gələrsə, o zaman tarixin səhifələrinə düşəcək həmin dəhşətli hadisələr baş verir. Bundan təqribi 100 il əvvələ, İkinci Dünya müharibəsinin başladığı zamanlara nəzər yetirsək bir çox saxta əməllərə, hiyləgər planlara rast gələ bilərik. Belə ki, 1939-cu ildə Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında saziş imzalanır. Lakin iki tərəfin də niyyəti bütün dünyaya sahib olmaq, hakimiyyəti ələ keçirmək idi. Çox keçmir ki, qurulan saxta təməl yavaş-yavaş çatlamağa başlayır. Nəticədə iki dövlət bir-birinə müharibə elan edir və hücuma keçirlər. Həmin dönəmdə heç bir işə yaramayan və tarixə düşən bu anlaşma iki dövlətin şəxsi mənafeyi üçün atılmış addım kimi qeydə alınır.

Artıq naftalin iyi verən bu taktikalara təəssüf ki, günümüzdə də meyil salanlar var. Öz düşüncəsi və məntiqi ilə addım ata bilməyənlər indi də köhnə metodlara əl atırlar. Görünür, Qərb qonşumuz da özünə yeni "Dünya tarixi" kitabı alıb. Dərsliyi vərəqlədikcə oxuduqlarından feyz alan Paşinyan, orada yazılanları sanki öz fikri kimi beynəlxalq ictimaiyyətə təqdim edir. Kitabın 6-cı fəslinə yeni başlayan Paşinyan hələ "İkinci Dünya müharibəsinin başlaması" dərsini indi oxuyur. Buna görə də o, Almaniya və SSRİ arasında bağlanan müqaviləni özünə nümunə götürüb. Elə yerindəcə yeni bir pakt hazırladıb. Bunu yanvarın 28-də ictimaiyyətə təqdim edən Paşinyan Yerevanın Azərbaycana təklif etdiyi qoşunların sərhəddən qarşılıqlı çəkilməsi təklifindən danışıb: "Qoşunların qarşılıqlı çəkilməsi Azərbaycan SSR-in ərazisinin Azərbaycanın, Ermənistan SSR-in ərazisinin isə Ermənistanın nəzarətində qalmasına imkan verəcək. Biz həmin sərhədlərin demilitarizasiyasını, yəni Azərbaycanla demilitarizasiya təklif etmişik".

Özünü beynəlxalq arenada "Azərbaycanın qurbanı" kimi göstərməyə çalışan nazir unudur ki, onun indi oxumağa başladığı kitabları Azərbaycanın siyasi elitası əzbər bilir. Çeynənmiş fəndlərlə özünü üstə çıxarmaq heç də müsbət addım deyil. Azərbaycan bu kimi illüziyalara aldanmır. Qərb qonşumuzun niyyəti həqiqətən yaxşı olsaydı, o zaman sülh müqaviləsini imzalamaq üçün hərəkətə keçərdi. Əslində son dönəmlər Paşinyan hakimiyyətinin təmsilçiləri sülh sazişinin imzalana biləcəyi vaxt barədə tez-tez çıxış edirdilər. Mövzunu "ilin sonu", "yaxın 1 ay" kimi zaman intervalına bağlamağa çalışırdılar. Lakin onların açıqlamalarında yer alan bəzi məqamlar Ermənistanın hakim dairələrinin yekun sülh sazişi üzərindən siyasi manipulyasiyalar etdiyini büruzə verirdi. Lakin qəbul edilən bu kimi paktlar məsələnin heç də belə olmadığını göstərdi. Ermənistan elitası sadəcə vaxtı uzatmağa çalışır. Ordusunu gücləndirib, yenidən amansızcasına hücuma keçmək niyyəti açıq formada sezilir. Çünki artıq yekun sülh sazişindən deyil, "hücum etməmək barədə pakt"ın imzalanma ehtimalından danışmağa başlayıblar. Nikol Paşinyan çıxışı zamanı bunu açıq formada ifadə edir: "Əgər sülh prosesi gözlənildiyindən daha çox uzanarsa, "hücum etməmək barədə pakt"ın imzalanmasına ehtiyac yarana bilər. Eyni zamanda Azərbaycana qarşılıqlı olaraq, silahlara nəzarət edilməsi barədə də təklif göndərmişik".

Lakin Qərb qonşumuz bunun çıxış yolu olmadığını artıq anlamalıdır. Paşinyanın mənasız addımları iki ölkə arasındakı münasibətləri sadəcə "düyün" halına salır. Ümumiyyətlə, Ermənistan nəyə əsasən Azərbaycanın öz maliyyəsi hesabına aldığı silahlara nəzarət etməlidir? Bu təklifi irəli sürmək Ermənistan üçün çətin olmayıb, çünki onların nəzarət üçün təhvil verəcəyi hər hansı güclü və ya işlək vəziyyətdə olan silah-sursatı mövcud deyil. Necə deyərlər, Nikolayın dövründən qalma arsenalları var idi, onu da 44 günlük müharibədə itirdilər. Yox, əgər son dönəmlər Hindistan və Fransadan idxal etdiyi silahlara güvənirsə, o zaman məsələ daha da qəlizləşəcək. Çünki Paşinyan özü rəsmən etiraf etmişdi ki, Ermənistan silah-sursat və hərbi texnika alınması üçün istehsalçı ölkələrlə bir neçə milyard dollar dəyərində müqavilələr imzalayıb. Eyni zamanda daxili hərbi istehsal üçün də bir neçə yüz milyon dollarlıq maliyyə vəsaiti ayrılıb. Baş nazir vurğulayıb ki, Ermənistan ordusunun gücləndirilməsinə hər hansı başqa alternativ variant yoxdur. Əsas sual odur ki, Ermənistanın iqtisadi gücü həqiqətən buna imkan verirmi? Yoxsa bu da Qərbin yardımları ilə atılmış bir addımdır? Bu sualların cavabını isə gələcək proseslər göstərəcək.

Nəticə etibarilə deyə bilərik ki, Paşinyanın belə təkliflərlə ictimai rəyi çaşdırması heç də əbəs yerə atılmış addım deyil. Qərbə özünü "məzlum", Azərbaycanı isə "hücuma hazırlaşan tərəf" kimi göstərmək niyyəti daşıyır. Bulanıq suda balıq tutmağa çalışan Ermənistan bu dəfə də istədiyini əldə edə bilməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".