Miqrasiya və insan hüquqları: Qlobal trendlər və milli çağırışlar
Siyasət

Miqrasiya və insan hüquqları: Qlobal trendlər və milli çağırışlar

Müasir dünyada miqrasiya məsələləri dövlət idarəçiliyinin sosial, iqtisadi, siyasi, mədəni və digər müstəsna əhəmiyyətə malik sahələrə öz təsirini göstərməkdədir. Miqrasiya prosesləri həm ayrı-ayrı ölkələri, həm də qitələri əhatə edir və bütün innovasiya proseslərində əhəmiyyətli rol oynamaqla müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının qorunması prinsiplərini özündə ehtiva edir.Bu gün dünyada cərəyan edən miqrasiya proseslərinin müxtəlif səbəbləri vardır. Silahlı münaqişələr, müharibələr, siyasi və iqtisadi böhranlar, ərzaq və içməli su çatışmazlığı, dərman preparatları ilə təminatın qənaətbəxş səviyyədə olmaması, keyfiyyətsiz tibbi və sosial xidmətlərin göstərilməsi, nəticədə yoluxucu xəstəliklərin yayılması da məcburi yerdəyişmənin əsas səbəbləri kimi qəbul edilə bilər. Didərginlik vəziyyətində əhalinin ən həssas qrupları, xüsusən də uşaqlar, həmçinin qadınlar, ahıllar və əlilliyi olan şəxslər daha çətin həyat şəraitində yaşamağa məcbur qalırlar. Bu kimi problemləri həll etmək üçün təkcə dövlətlər deyil, beynəlxalq və regional təşkilatlarda hər bir cəmiyyət birgə fəaliyyət göstərməlidir. Bununla bağlı geniş miqyasda humanizm və obyektiv yanaşmanın tətbiqi olduqca zəruridir.

Təəssüf ki, son dövrlərdə dünyada baş verən kütləvi insan yerdəyişməsi beynəlxalq sistemdə humanitar vəziyyəti gənginləşdirən amilə çevrilməklə regionlararası, ölkələrarası, hətta dövlətdaxili miqrasiya proseslərinin idarəedilməsində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Miqrasiya proseslərində iştirak edən insanlar arasında müxtəlif millətlərə, dinlərə və mədəniyyətlərə, ayrı-ayrı yaş və sosial qruplara mənsub insanlar vardır. Onların fərdi xüsusiyyətlərindən asılı olaraq ehtiyaclarının artması müşayiət olunduğundan yaranmış vəziyyətin qlobal səviyyədə təhlili və düzgün idarəedilməsi olduqca vacibdir. Sözsüz ki, yaranmış bu vəziyyətdə hər bir dövlət öz yurisdiksiyasından kənarda olan və yaşayan vətəndaşları haqqında məlumatlı olmalıdır. Belə olan halda təcili həllini gözləyən aktual problemlər daha operativ həll olunur.

Son illər miqrasiya axınlarının intensivləşməsi, o cümlədən də coğrafi xəritəsinin genişlənməsi ölkələrin demoqrafik və iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərməklə yanaşı, bu, proses iştirakçılarının sosial adaptasiyası, yerli əhali ilə münasibətlərin formalaşması sahəsində bir sıra problemlərə səbəb olur. Beynəlxalq Miqrasiya Təşkilatının hesabatlarına əsasən, bu gün ümumi miqrantların sayı rekord saya - 290 milyona çatmışdır.

Artıq presedentsiz həddə çatmış bu rəqəmlər onu deməyə əsas verir ki, kütləvi insan hüquqları pozuntularının aradan qaldırılması, böhran vəziyyətlərinin idarə edilməsi, yeni münaqişələrin yaranmasının qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar davamlı həll yolları axtarmalıdırlar. Bununla bağlı olduqca sərt mövqe sərgilənməli, yerdəyişməyə məcbur olan şəxslər insan hüquq və azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirilməsinə hərtərəfli dəstək və həmrəylik göstərilməlidir.

Ermənistanın uzun illər davam etmiş işğalçılıq siyasəti nəticəsində Azərbaycan dövləti insanların öz ölkəsində məcburi yerdəyişmənin fəsadları ilə üzləşmiş ölkələr sırasında olmuşdur. Bundan başqa, adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. Ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşamaq, təhsil, əmək, sağlamlığın qorunması və digər hüquqlarının müdafiəsi sahəsində kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlar, əsasını qoyduğu tolerantlıq və multikulturalizm siyasəti bu gün də miqrantların hüquqlarının səmərəli təmin edilməsinə və inteqrasiyasına öz töhfəsini verməkdədir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməkdədir.

Bu qətiyyətli siyasətin nəticəsi olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu otuz il işğal altında olan torpaqlarımızı azad etməklə və ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, qaçqın və məcburi köçkünlərin pozulmuş fundamental hüquqlarını bərpa etmişdir. Bunun bariz nəticəsi kimi hazırda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququ bərpa olunmuşdur. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dirçəldilməsi, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının səmərəli təşkili, o cümlədən onların davamlı məskunlaşması və hərtərəfli reinteqrasiyasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Əzəli torpaqlarımızın kütləvi şəkildə minalarla çirkləndirilməsi hazırda həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə maneə yaratmaqla yanaşı, insanların həyat və sağlamlığına ciddi təhlükə törədir, onilliklərlə yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə məcburi köçkünün qayıdışına və hüquqlarının həyata keçirilməsinə böyük əngəl yaradır.

Ölkəmizin 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən birini məhz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış təşkil edir. Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlarda dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyası bu sənədin əsas məqsədlərindəndir. Artıq üç mindən çox məcburi köçkün daimi məskunlaşmaq üçün öz torpaqlarına geri qayıtmışdır. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluğunun təmin edilməsi istiqamətində də tədbirlər davam etdirilməkdədir.

18 dekabr - Beynəlxalq Miqrant Günü ərəfəsində edilən beynəlxalq çağırışlar bu məqsədlərə çatmağa hədəflənir və miqrantların fundamental insan hüquqlarının qlobal səviyyədə tanınmasını və təmin olunmasını özündə ehtiva edir.

Bu il qəbul edilməsinin 75-ci ildönümünü qeyd etdiyimiz Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bütün xalqların və etnik qrupların əsas ayrılmaz insan hüquqları təsbit olunmuşdur. Həmin sənəddə bəşər tarixində ilk dəfə olaraq bütün insanların malik olduğu minimum mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları ümumqlobal müstəvidə bəyan edilmişdir.

Dayanıqlı inkişaf kontekstində miqrantların hüquqlarının müdafiəsi fenomeni dövrümüzün kifayət qədər mütərəqqi, aktual, eyni zamanda mürəkkəb tələblərindən biridir. İnsan mobilliyinin geniş coğrafiyası və say tərkibini nəzərə alaraq, miqrasiya proseslərinin iştirakçısı olan fiziki şəxslərin hüquq və azadlıqlarının qorunmasına yönəlmiş kifayət qədər beynəlxalq, regional və milli normativ hüquqi aktlar mövcuddur. Bu sahədə əhəmiyyətli institusional islahatlar davam etdirilməkdədir.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və Uşaq hüquqları haqqında Konvensiya ilə yanaşı, bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiya miqrantların demək olar ki, bütün fundamental hüquqlarını müəyyən edir. Bundan başqa, bu hüquqlar insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya, habelə bir sıra digər beynəlxalq müqavilələrdə də bəyan edilmişdir.

Dövlətlər bu beynəlxalq müqavilələrin tərəfləri olmaqla, beynəlxalq hüquq çərçivəsində öhdəliklər götürür və bu istiqamətdə daxili qanunvericilik çərçivəsində təsirli tədbirlər görürlər. Beynəlxalq hüququn normativ sistemi bütün miqrantların statusundan, olduğu və yaşadığı yerdən asılı olmayaraq müdafiəsini təmin edir.

Mütərəqqi haldır ki, Azərbaycan Respublikası regionda bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiyaya qoşulan ilk dövlətlərdən biridir. Ölkəmiz bu sənəd üzrə öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq dövlətdaxili normativ-hüquqi bazanı və hüquq-müdafiə sistemini təkmilləşdirir.

Bununla yanaşı, ölkədə miqrasiya siyasəti insan hüquq və azadlıqlarına hörmət, qanunçuluq, ədalətlilik, əlçatanlıq kimi hamılıqla qəbul edilmiş prinsiplərə əsaslanır, miqrasiya qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində və şəffaflığın təmin olunmasında innovativ metodların tətbiqi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası digər strateji sahələrdə olduğu kimi, miqrasiya sahəsində də beynəlxalq aləmə inteqrasiyanı sürətləndirmək və dayanıqlı inkişafa nail olmaq məqsədilə addımlar atmaqdadır. Bu xüsusda, ölkəmiz beynəlxalq miqrasiya idarəçiliyinə ümumcəmiyyət və ümumdövlət yanaşmasının tətbiqi ilə bağlı hökumətlərarası səviyyədə razılaşdırılmış ilk və yeganə BMT sazişi olan "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"a qoşulmuşdur.

Bu sənədin səmərəli icrasını dəstəkləmək, izləmək və nəzərdən keçirmək məqsədilə BMT tərəfindən onun ixtisaslaşmış təsisatlarından ibarət Miqrasiya Şəbəkəsinin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında təsis edilmiş "Çempion ölkə" təşəbbüsünə qoşulan Azərbaycan Respublikası Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ilk ölkədir.

Demək olar ki, Azərbaycanın miqrasiya siyasəti 23 məqsəd və 10 rəhbər prinsipi özündə ehtiva edən həmin Paktın əsas prinsiplərinə uyğundur və hazırda bu sənəd ölkədə miqrasiya idarəçiliyinin mühüm tərkib hissəsini təşkil edir.

Azərbaycan regionda həmin Paktla bağlı Regional Könüllü Hesabatını təqdim edən və onu yeniləyən, eləcə də dialoq və məsləhətləşmələr vasitəsilə milli səviyyədə Paktın icrasında vacib rol oynayan BMT-nin Miqrasiya üzrə Şəbəkəsini təsis edən ilk ölkələrdən olmuşdur.

Əlavə olaraq, Azərbaycan BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən irəli sürülən və müxtəlif vədlərin verilməsi yolu ilə üzv dövlətləri miqrantlar və onların icmaları üçün daha yaxşı şəraitin təmin olunmasına uzunmüddətli yanaşma əsasında təşviq edən "Vəd etmə" təşəbbüsünü dəstəkləyir. Hazırkı vaxtadək Azərbaycan uzunmüddətli davamlılığın təmin edilməsi və miqrasiyanın bütün aspektlərinin əhatə olunması baxımından "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın həyata keçirilməsini daha geniş şəkildə dəstəkləmək üçün proses yönümlü fəaliyyətlər də daxil olmaqla, üzərinə 10-dan çox könüllü vəd götürmüşdür.

Azərbaycan həmin Paktın icrasının qiymətləndirilməsi və müzakirəsi məqsədilə əsas hökumətlərarası qlobal platforma rolunu oynayan Beynəlxalq Miqrasiya İcmalı Forumuna yaxından dəstək vermişdir. Azərbaycan Forumda yaxından iştirak etmiş və miqrasiyanın bir sıra istiqamətləri üzrə özünün ən yaxşı təcrübələrini bölüşmüş, eyni zamanda Forum çərçivəsində təşkil olunan dörd dəyirmi masadan birinə həmsədrlik etmişdir. 2023-cü ildən etibarən ölkəmiz iki il müddətinə Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi statusa malik "Almatı prosesi"nə sədrlik etməyə başlamışdır.

Qeyd olunanlar bir daha təsdiq edir ki, ölkəmiz miqrasiya sahəsində beynəlxalq əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişafına, müqavilə-hüquq bazasının genişləndirilməsinə böyük əhəmiyyət verir.

Bu pozitiv inkişaf tendensiyaları fonunda ölkəmizdə insan hüquqlarının qorunması prinsipinin səmərəli tətbiqi davam etdirilməkdədir. İyirmi ildən artıq müddətdir ki, ölkəmizdə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu miqrantların və onların ailə üzvlərinin hüquqlarının təşviqi və müdafiəsi üzrə əhatəli tədbirlər həyata keçirməkdədir.

Bu əsnada, həmin kateqoriyadan olan şəxslərin maraqlarının qorunması, miqrasiya qanunvericiliyinin və bu sahədə hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi, institusional potensialların artırılması, miqrantların statuslarının tənzimlənməsi sahəsində Azərbaycan Ombudsmanının rolu artmaqdadır.

Bu məqsədlə, Ombudsmanın fəal və uğurlu şəkildə davam etdirdiyi tədbirlərdən olan monitorinq, hüquqi maarifləndirmə, ictimai görüşlər, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə başçəkmələr, fərdi şikayət və müraciətlərin araşdırılması, habelə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə müsbət nəticələr əldə edilmişdir. Bu xüsusda, təşəbbüsləri və innovativ yanaşmaları ilə Ombudsman üzv olduğu insan hüquqları üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatlar arasında layiqli yer tutmaqdadır.

Ombudsman əcnəbilərə miqrasiya qanunvericiliyinin tələbləri barədə aktual məlumatların əlçatan formada təqdim edilməsi, xüsusən Müvəkkilin internet resursları vasitəsilə hüquq mədəniyyətinin artırılması istiqamətində sistemli iş aparmaqdadır.

Ombudsman ölkəmizdə olan əcnəbilərin, vətəndaşlığı olmayan, o cümlədən Azərbaycan Respublikasındakı qeyri-müəyyən hüquqi statusa malik şəxslərin miqrasiya sahəsində hüquqları həyata keçirilərkən üzləşdiyi problemlərin operativ və dayanıqlı həllini diqqətdə saxlayır.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında" Konstitusiya Qanununa əsasən, Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan hüquqlarının pozulması ilə bağlı müraciət və şikayətlərinə baxır.

Qabaqcıl təcrübədən istifadə edilməklə, beynəlxalq təşkilatlar və onların ölkəmizdəki nümayəndəlikləri, o cümlədən dövlət orqanları ilə tərəfdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin hüquqlarının təşviqi və təmin edilməsi, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə, vətəndaşsızlığın qarşısının alınması problemlərinin kompleks həlli üçün metodiki əsasların hazırlanması sahəsində Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə, qaçqın və sığınacaq axtaran şəxslərin iştirakı ilə mütəmadi tədbirlər həyata keçirilir. Onlara hüquq və vəzifələri barədə məlumat, müvafiq məsələlərlə bağlı məsləhətlər verilir. Həyata keçirilən tədbirlər çərçivəsində bu şəxslərə müxtəlif dillərdə tematik materiallar təqdim edilir.

Əhalinin bütün qruplarının, o cümlədən miqrantların və digər sosial cəhətdən həssas qrupların hüquqlarının müdafiəsi məqsədilə Ombudsmanın 7/24 "916 Çağrı Mərkəzi" intensiv fəaliyyətini davam etdirir.

Ombudsmanın ünvanına daxil olan müraciətlərə baxılmasının nəticələrinə əsasən miqrantların pozulmuş hüquqları bərpa edilmiş, vətəndaşlıq hüququnun həyata keçirilməsinə köməklik göstərilmiş, qanunvericiliyin və hüquq-mühafizə təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və təkliflər verilmişdir.

Müraciətlərə baxılması nəticəsində xarici ölkələrdə etibarsız sənədlər əsasında və ya sənədsiz vəziyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarına qayıtma şəhadətnamələrinin verilməsi prosesi sürətləndirilmişdir. Ombudsmanın köməkliyi ilə dəfələrlə müvafiq icazələr verilmiş, ayrı-ayrı hallarda inzibati qərarlara yenidən baxılmışdır. Beynəlxalq ailə birliyi prinsipi rəhbər tutulmaqla miqrasiya statusunun leqallaşdırılması istiqamətində müsbət təcrübə formalaşdırılmışdır.

Miqrasiya sahəsində çalışan əməkdaşların insan hüquqlarının müxtəlif istiqamətləri üzrə biliklərinin gücləndirilməsi, habelə onların potensialının və hüquq mədəniyyətinin artırılması məqsədilə treninq-seminarlar, motivasiya xarakterli görüşlər sistemli şəkildə uğurla davam etdirilir.

Qeyd olunan məqsədlərə nail olunması üçün miqrasiya dövriyyəsinin bütün mərhələlərində hüquqların səmərəli həyata keçirilməsi və əlverişli şəraitin yaradılması üzrə dövlət qurumları ilə yanaşı, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də kütləvi informasiya vasitələri ilə əməkdaşlıq davam etdirilir.

Miqrantların hüquqlarının müdafiəsi sahəsində iş ilk növbədə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Ombudsmanın xarici dövlətlərin ombudsmanları və qeyri-hökumət təşkilatları ilə imzaladığı beynəlxalq müqavilə və sazişlərə əsaslanır. Ombudsmanla xarici ölkələrin (Türkiyə, Rusiya, Pakistan, Bolqarıstan, Moldova, Ukrayna, Polşa və s.) insan hüquqları qurumları arasında əməkdaşlıq haqqında 15-dən çox memorandum imzalanıb. Həmin sənədlər həm də miqrasiya proseslərinin sadələşdirilməsi, sığınacaq sahəsində institusional əlaqələrin inkişafı, vətəndaşlıq məsələləri ilə bağlı əməkdaşlıq üçün hüquqi bazanı genişləndirməklə məlumat və qabaqcıl təcrübə mübadiləsi məqsədini daşıyır. Bu platforma çərçivəsində institusional səviyyədə qarşılıqlı işgüzar səfərlər və görüşlər davam etdirilir.

Ombudsman yanında Milli Preventiv Qrupun üzvləri mütəmadi olaraq Bakı, Yevlax və Naxçıvan şəhərlərində qanunsuz miqrantların saxlanılması mərkəzlərinə baş çəkir, müntəzəm monitorinqlər həyata keçirirlər. Bu müəssisələrdə saxlanılan şəxslərlə söhbətlər aparılır, sənədləri, habelə saxlanılma yerlərinin maddi-məişət və sanitar şəraiti yoxlanılır, idarənin rəhbərliyi ilə işgüzar görüşlər keçirilir. Mövcud vəziyyət və ehtiyaclar nəzərə alınmaqla hər bir saxlanılan şəxsə fərdi yanaşma tətbiq edilir, Ombudsmanın səlahiyyətləri çərçivəsində hərtərəfli köməklik göstərilir.

Beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin tərkib hissəsi kimi ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıqda mütəmadi görüşlər, məsləhətləşmələr, layihələr və digər işlər həyata keçirilməkdədir.

Son illərin təcrübəsi aydın şəkildə göstərir ki, konkret hüquqi statusu olmayan şəxslər tibbi və digər sosial xidmətlərə çıxış əldə etməkdə, mülki hüquqi hərəkətlər, pensiya təyin edilərkən, məşğulluq və digər sahələrdə bir sıra çətinliklərlə üzləşirlər. Ombudsman həm illik məruzələrində, həm də müxtəlif beynəlxalq platformalarda bu məsələləri mütəmadi şəkildə qaldırır və dünya ictimaiyyətini maksimum səfərbərliyə çağırır. Bu məqsədlə, miqrantların ehtiyaclarının layiqli səviyyədə ödənilməsinə qlobal yanaşma, onların təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi, geniş miqyasda tənzimlənməyən miqrasiyanın qarşısının alınması üzrə dəfələrlə çağırışlar edilmişdir.

Ombudsman Azərbaycan Respublikası ərazisinə giriş-çıxışla bağlı yaranan çətinliklərlə əlaqədar müvafiq diplomatik korpusla əməkdaşlıq edərək xaricdə yaşayan soydaşlarımızın vətənə qayıtmalarına, habelə əcnəbilərin öz ölkələrinə geri dönmələrinə dəfələrlə köməklik göstərmişdir.

Qeyd olunmalıdır ki, Ombudsman miqrasiya proseslərində iştirak edən həssas əhali qruplarının, xüsusilə uşaqların yaşayış şəraiti, inkişafı və tərbiyəsi məsələsinə xüsusi diqqət yetirir. Valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayanların təhsil, sağlamlıq hüququnun həyata keçirilməsinə, habelə sosial-psixoloji vəziyyəti nəzərə alınmaqla onlara mümkün köməklik göstərilir. Yerlərdə yaşayış şəraiti yoxlanılır, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti və rəhbərliyi ilə izahedici söhbətlər aparılır, tövsiyələr verilir. Miqrant uşaqların mənafelərinin təmin edilməsi, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, o cümlədən yetkinlik yaşına çatmayanların reabilitasiyası sisteminin təkmilləşdirilməsi məqsədilə regionlarda tədbirlər davam etdirilir. Psixoloqlar, sosial işçilər və digər mütəxəssislər də bu fəaliyyətə cəlb olunur, fərdi müdafiə planı tətbiq edilir. Xüsusilə, Ombudsmanın operativ müdaxiləsi və prinsipial mövqeyi sayəsində uşaq-valideyn münasibətləri dəfələrlə bərpa edilmiş, sosial təhlükəli vəziyyətdə olan miqrant ailələrə təxirəsalınmaz yardımlar göstərilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində miqrant uşaqların cəmiyyətə səmərəli inteqrasiyası, hüquqi statusunun leqallaşdırılması, habelə müvafiq sənədlərin dublikatlarının verilməsi sahəsində müsbət təcrübə əldə edilmişdir.

Bundan əlavə, Ombudsman beynəlxalq hüququn milli qanunvericiliyə tətbiqində və bu sahədə işin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasında fəal iştirak edir, həmçinin beynəlxalq təşkilatların tövsiyələrinin həyata keçirilməsi üçün təşəbbüslər irəli sürür. İnstitut "Vətəndaşsızlığın Azaldılması üzrə İşçi Qrupu"nun üzvü olmaqla vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müəyyən edilməsi və sənədləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Ombudsman beynəlxalq hüquq normaları çərçivəsində qayıdış prosesinin tənzimlənməsi, inteqrasiya ilə bağlı strateji sənədin hazırlanması, təhsil, məşğulluq, miqrantlara sosial dəstək göstərilməsi, onlar üçün əlverişli şərait yaradılmasına dəstək göstərir. Bu istiqamətdə dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti əlaqələndirilir, konkret situasiyalar təhlil edilərək işin təkmilləşdirilməsi üzrə tövsiyələr verilir.

Beləliklə, qaçqınların və keçmiş məcburi köçkünlərin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının hərtərəfli təmin edilməsi, o cümlədən onlara hüquqi, psixoloji və digər yardımların göstərilməsi həmin şəxslərin statusunun leqallaşdırılması üçün əlavə şəraitin yaradılması, "Bütün əməkçi miqrantların və üzvlərin hüquqlarının müdafiəsi haqqında" Konvensiyadan irəli gələn öhdəliklərin icrasının qiymətləndirilməsi məqsədilə Ombudsman tərəfindən məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Hesab edirəm ki, miqrantların hüquqlarının müdafiə mexanizmi çərçivəsində hüquqi, məsləhət və praktiki fəaliyyətin genişləndirilməsi üçün birgə səylərin artırılması olduqca vacibdir. Bunun üçün vahid informasiya-hüquqi bazasının formalaşdırılması məsələsi diqqətdə saxlanılmalıdır.

Bu inkişaf yolunda təşəbbüskarlıq, əzmkarlıq, qətiyyətlilik və fəallıq göstərməklə müntəzəm və konstruktiv dialoqun gücləndirilməsi uzunmüddətli perspektivdə inkişaf hədəfimizdir.

Sonda xüsusi vurğulanmalıdır ki, Ümummilli lider Heydər Əliyevin müdrik kəlamları onun bizlərə bəxş etdiyi ən dəyərli mirasdır. Məhz öz müdrikliyi və uzaqgörənliyi ilə o, bir çox strateji əhəmiyyətli proseslərlə yanaşı, miqrasiya prosesinin mahiyyətini açaraq bu fenomeni aşağıdakı kontekstdə qiymətləndirmişdir:

"Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir".

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman).