Nəsillərə örnək həyat yolu
Sosial həyat

Nəsillərə örnək həyat yolu

İkinci Qarabağ müharibəsində torpaq və Vətən yolunda canın fəda edən qəhrəman oğullarımız şərəfli, örnək həyat yolu keçdilər. Nəsibi müqəddəs şəhidlik zirvəsi olan bu Vətən sevdalıları daim xalqın qəlbində yaşamaqla heç zaman unudulmaz. 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olan Məmmədağa Həsənağa oğlu Bağırov da haqq savaşımızda Vətən naminə düşmənlə son damla qanınadək döyüşərək əbədiyyət adlı dünyasına qovuşub.

Vətənə məhəbbət, düşmənə nifrət ruhunda boya-başa çatan Məmmədağa Həsənağa oğlu 2016-cı ildə SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən ordu sıralarına çağırılıb. Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidmət edən Məmmədağa doğma Azərbaycana olan şərəfli borcunu vicdanla yerinə yetirib. Vətənsevərliyi, təlimlərdə yüksək döyüş hazırlığı, əzmkarlığı, yoldaşlığa önəm verən sağlam əqidəsi sayəsində hörmət qazanıb, əsgərlərə nümunə olmağı bacarıb. 2017-ci ilin iyul ayında ordudan tərxis edilib.

Bəli, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi başlanan kimi Məmmədağa düşmənlə ölüm-dirim savaşına girib. İlk olaraq Füzuli rayonunun işğaldan azad olması uğrunda düşmənə qarşı böyük mərdliklə döyüşüb. Ordumuzun qarşısında tab gətirməyən dığalar xeyli canlı qüvvə, texnika itirməklə darmadağın olub. Beləcə Füzuliyə qələbə bayrağımızı sancan igidlərin önündə Məmmədağa da gedib. Qazanılan qələbədə onun göstərdiyi hünər hamını heyran qoyub. Şuşa ətrafında gedən ölüm-dirim savaşı onun son döyüşü kimi tarixə yazılıb. Düşmənə sarsıdıcı zərbələr endirsə də, əsl qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Qanı bahasına torpağı Vətən etməklə ölümsüzlük qazanıb. Milyonların ürəyinə köçməklə bərabər, həm də dövlət tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU.