Nəqliyyatın inkişaf dinamikası yüksəlir
Sosial həyat

Nəqliyyatın inkişaf dinamikası yüksəlir

Azərbaycanda nəqliyyat sisteminin inkişafına böyük diqqət göstərilir. İlk olaraq qeyd etmək lazımdır ki, iqtisadiyyatın infrastruktur sahələrindən olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat da cəmiyyətin həyat fəaliyyətinin əsas tələbatının təmin edilməsində əhəmiyyətli rola malikdir.

Azərbaycan hələ 1990-cı illərin əvvəllərində bazar iqtisadiyyatına keçidə doğru addımlar atıb. Həmin dövrdən etibarən həyata keçirilən islahatlar nəqliyyat sektorunda böyük dəyişikliklərə səbəb olmaqla yanaşı, nəqliyyat xidmətlərinə olan tələblərə də öz təsirini göstərmişdir. Bundan başqa, nəqliyyat sahəsi strukturlarında və idarəetmə institutlarında əsaslı yeniləşdirmə aparılmışdır. Həmçinin təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsü ilə yanaşı, inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilməsi, nəqliyyat fəaliyyətinin müəyyən dərəcədə hüquqi əsasının yaradılması da təqdirəlayiq addımlardandır. Nəqliyyat-yol kompleksinin tərkib hissələrindən olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı subsektorları, avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılması ölkəmizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsi olmuşdu. Bu istiqamətdə atılan addımlar nəinki sərnişin və yükdaşımalara olan tələbatı artırıb, hətta nəqliyyat sektorunda islahatların aparılmasının inkişafına da əlverişli şərait yaradıb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra nəqliyyat sistemi yeni inkişaf mərhələsinə keçid edib, əsaslı struktur islahatları tamamlanıb. Bu isə özlüyündə sürətli inkişafa, bazar iqtisadiyyatı şəraitində nəqliyyat sahəsinin hüquqi bazasının yaradılmasına, bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə gətirib çıxarıb. Nəqliyyat sahəsində sektor islahatlarının tamamlanması, həmçinin vahid nəqliyyat siyasətinin formalaşması məqsədilə stimulun yaranması da bununla bağlıdır.

Xatırladaq ki, vahid nəqliyyat siyasətinin hədəflərindən biri də sub sektorların inteqrasiyası və nəqliyyat xidməti bazarında birləşmiş, multimodelli nəqliyyat sistemlərində bacarıqların artırılmasıdır. Demək yerinə düşər ki, nəqliyyat sektorunda başlıca məqsəd tələbatın təmin edilməsi, eyni zamanda dövlət tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq prinsiplərinə müvafiq inkişafdır. Dövrün tələblərindən asılı olaraq dəyişən şərtlər isə öz növbəsində nəqliyyat sisteminin inkişafında əsas istiqamətlərin bu sahənin tərəqqisi üçün vəzifələrin müəyyənləşdirilməsini prioritet edir. Geridə qoyduğumuz 20 il ərzində ölkəmizdə 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib ki, bu da dövlətimizin bu sahəni daim diqqət mərkəzində saxladığından xəbər verir. Digər bir vacib fakt, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və yüzlərlə kilometr dəmir yolunun çəkilməsidir. Bundan başqa, respublikamız regionda 18 təyyarə ilə ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Həmçinin, Azərbaycanda 2024-cü ilin sonuna qədər beynəlxalq hava limanlarının ümumi sayının 9-a çatdırılması nəzərdə tutulub. Qeyd etdiklərimiz bir daha Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunun bariz nümunəsidir.

Digər bir qeyd etməli olduğumuz məqam nəqliyyat sahəsində görülən işlər nəticəsində əldə olunan uğurlardır. Prezident İlham Əliyevin iyulun 11-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks-istiqamətdə, həm də Şərqdən Qərbə və əks-istiqamətdə yükdaşımaların artması göz önündədir".

Bütün bunlar bunu deməyə əsas verir ki, Azərbaycanda nəqliyyat sahəsində ciddi təkmilləşdirmə işləri həyata keçirilir. Bu istiqamətdə irimiqyaslı layihələrin reallaşdırılması, eləcə də nəqliyyat-yol kompleksində inkişaf tempi gələcək perspektivlərimiz baxımından uğurlu hesab olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".