Yolumuz haqq yoludur
Siyasət

Yolumuz haqq yoludur

Ermənistan Qarabağ ərazisindən öz istəkləri ilə köçən ermənilərə qaçqın statusu verməyə çalışır. Əlbəttə bu, baş tutan məsələ deyil. Çünki onların çoxu Ermənistan pasportları ilə təmin olunmuşdu və digər dövlətin ərazisinə deyil, məhz Ermənistana köçməklə orada qaçqın statusu ala bilməzdilər.

Onlara qaçqın statusu alınmasında əsas məqsəd Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlardan yardım almaq, daha çox vəsait toplamaq, "etnik təmizləmə"ni qabartmaq və gələcəkdə bunu məhkəmə predmeti kimi ortaya qoymaq idi. BMT səviyyəsində təsdiqləndi ki, burada etnik təmizləmə baş verməyib, erməni əsilli əhali könüllü olaraq öz istəkləri ilə çıxıb. Qayıtmaq və ya qalmaq istəyənlər Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyasına uyğun olaraq yaşaya bilərlər.

Bildiyiniz kimi, Fransanın "Coordination des Associations et des Particuliers pour la Liberte de Conscience" ("CAP Freedom of Conscience" - CAP-LC) hüquq müdafiə təşkilatı da Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib. Baxın, Fransanın destruktiv mövqeyinə qarşılıq olaraq fransalı hüquq müdafiəçiləri Qarabağda etnik təmizləmənin olmaması ilə bağlı bəyanat verirlər. Azərbaycan multikultural ölkədir. Suveren ərazilərimizdə yaşayan bütün azlıqların hüquq və azadlıqları qorunur. Məhz hüquq müdafiəçiləri bunun bir daha şahidi olduqdan sonra bu nəticəyə gəliblər.

Bu, Azərbaycanın daxili və xarici siyasətinin uğurudur. Azərbaycanda heç bir zaman etnik zəmində problemlər yaşanmayıb və düşünürəm ki, yaşanmayacaqdır. Sadəcə olaraq ermənilər cidd-cəhdlə bundan istifadə edərək bütün dünyaya car çəkməyə çalışırdılar ki, onlara qarşı zorakılıq var. Lakin bunun belə olmadığı ortadadır. Bu, onların çoxdankı adətidir. Necə ki, vaxtilə qondarma soyqırımı şişirtmiş, dünya səviyyəsinə çatdırmışdılar. Eyni qaydada, bunu yenidən reallaşdırmağa cəhd göstərirlər. Heç şübhəsiz ki, bu da alınan deyil. Çünki bizim yolumuz haqq yoludur və bu yoldan dönən deyilik.

Arzu NAĞIYEV,

Milli Məclisin deputatı.