“Neftçi”nin legioneri növbəti het-trikinə, “Turan Tovuz” 10-cu ev qələbəsinə imza atıb
İdman

“Neftçi”nin legioneri növbəti het-trikinə, “Turan Tovuz” 10-cu ev qələbəsinə imza atıb

“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında ikinci het-trikə imza atıb.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, xorvat əsilli yarımmüdafiəçi iki fərqli klubda het-trik edən futbolçular siyahısına daxil olub.

F.Ozobiç bunu Azərbaycan Premyer Liqasının XXVI turunda rəsmiləşdirib. Bakı klubunun oyunçusu “Kəpəz”lə səfər matçında (3:3) üç qol vurub. O, 2020-2021-ci illər mövsümündə “Qarabağ”ın heyətində də belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də də səfərdə üç qol vuran Ozobiç indiki komandası “Neftçi”ni məyus edib. Həmin görüşdə də 6 qol qeydə alınsa da, bütün topları qonaqlar vurublar – 0:6.

“Qarabağ” və “Neftçi”də het-trikə imza atan Filip Azərbaycan çempionatının XXI əsrdə keçirilən oyunlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçudur. Ona qədər 9 oyunçu bunu bacarıb. Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) hərəsi üç klubun heyətində belə məhsuldar matç keçirib. Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurub.

XXVI tur “Turan Tovuz” üçün də əlamətdar olub. Bölgə təmsilçisi 10-cu ev qələbəsini qazanıb. Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib. 10-cu ev qələbəsi 31-ci matça təsadüf edib. Tovuzlular öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.

“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022/23 mövsümünə təsadüf edib. 2022-ci il sentyabrın 9-da tovuzlular “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.