İDMAN:DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN:DAİM ZİRVƏLƏRDƏ

İdmançılarımız Latviyada 10 medal qazanıblar

Latviyanın Dauqavpils şəhərində kombat ciu-citsu üzrə dünya çempionatı keçirilib. Azərbaycanı həmin yarışda Daxili İşlər Nazirliyinin (DİN) idman cəmiyyətinin 7 üzvü təmsil edib. Onlar "Ground fight", "Full contact", "Close contact" və "Self-defence" növlərində yarışıblar.

Qadınlar arasında Fidan Yusifova "Close contact" növündə qızıl medal qazanıb. O, "Ground fight"da üçüncü, "Self-defence"də isə ikinci yeri tutub. 45 yaşdan yuxarı kişi veteranlar arasında Məğrur Əhmədov "Self-defence" növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, "Full contact"da gümüş, "Close contact" və "Ground fight" növlərində isə bürünc medala sahib çıxıb. 10-11 yaşlılar arasında Əli Bəylərov "Ground fight" növü üzrə üçüncü yerə, 18-36 yaşlılar arasında Şirin Şirinov "Self defence" növündə, Amir Abdi isə "Close contact"da üçüncü yerə layiq görülüb. Beləliklə, Azərbaycan idmançıları mundialı 10 medalla başa vurublar.

Boksçularımız növbəti mərhələdə

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günündə milli komandanın daha 3 idmançısı qələbə qazanıb.

Avropa çempionu Nicat Hüseynov (51 kiloqram) ilk görüşdə rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda italiyalı idmançı ilə mübarizə aparacaq. Görüş noyabrın 16-da olacaq. Ruslan Qədirov (54 kiloqram) isə 1/4 finalda türkiyəli Kaya Canla görüşəcək. Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq.

Gimnastlarımız Avropa çempionatına yola düşüblər

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.

Yarışda ölkəmizi Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova təmsil edəcəklər. Gimnastlar artıq qardaş ölkəyə yola düşüblər. Qeyd edək ki, Avropa çempionatı noyabrın 17-dən 19-dək təşkil olunacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".