Nəcəfqulubəyli kəndinin elektrik problem nə vaxt həll ediləcək
Region

Nəcəfqulubəyli kəndinin elektrik problem nə vaxt həll ediləcək

Respublikamızda həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında ən ucqar kəndlərdəki problemlərin həll edilməsi, sakinlərin rahat və asudə yaşamaları diqqətdə saxlanılır. Lakin bəzi məmurların səhlənkarlığı nəticəsində əhalini narahat edən məsələlər vaxtında həll edilmir, süründürməçiliyə yol verilir. Ağcabədi rayonu Nəcəfqulubəyli kəndinin sakinləri də onların həyatı üçün təhlükə mənbəyinə çevrilən köhnə elektrik dirəkləri və sınıq-salxaq naqillərdən əziyyət çəkirlər. Kənd sakinləri bu acınacaqlı vəziyyət barədə dəfələrlə "Azərişıq" ASC-yə, Ağcabədi Elektrik Şəbəkəsinə müraciət etsələr də, lakin onları ciddi narahat edən problemin həll edilməsi düyünə düşüb. Nəzərə alsaq ki, artıq payızın yağışlı-çiskinli günləri başlayıb, bir azdan isə qarlı-çovğunlu qış qapını kəsəcək, görün onda vəziyyət necə olacaq? Bir balaca külək əsən kimi vaxtı keçmiş naqillər qırılır, sakinlərin elektrik dirəyi yerinə basdırdıqları ağac dirəklər böyrü üstə aşır, işıqlar sönür. Kənd sakinləri deyirlər ki, ayrı əlacımız qalmayıb, məcburuq ki, köhnə əyyamlarda istifadə olunan neft çırağından istifadə edək.

Qeyd edək ki, Nəcəfqulubəyli kəndi rayon mərkəzindən 20 kilometr aralıda yerləşir, necə deyərlər, gözdən uzaq olduğu kimi, könüldən də iraq düşüb. 1400 nəfərə yaxın əhalisi olan kənddə sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurlar. Güzəran sarıdan giley-güzərları olmasa da, yeganə onları narahat edən bu köhnə, yararsız dirəklərin və yararsız məftillərdən olan elektrik naqillərinin dəyişdirilməməsidir. Hətta bəzi naqillər qaz xəttinə bərkidilib, bəziləri isə ağaclardan asılı qalıb. Çox təəssüf ki, belə dözülməz mənzərə cavabdeh şəxsləri əsla narahat etmir. Nəcəfqulu kənd bələdiyyəsinin sədri Fərid İbrahimov elektrik dirəkləri və naqillərlə bağlı problem barədə Ağcabədi Elektrik Şəbəkəsinə bir neçə dəfə müraciət etdiyini bildirir və deyir ki, hər dəfə də söz verilir ki, gələn ildən bu problem öz həllini tapacaq. Əslində, əraziyə elektrik xətti çəkiləndə kəndin inkişaf planı nəzərə alınmayıb, eyni zamanda, texniki-normativ şərtlər pozulub, kim necə istəyibsə, elə də elektrik xətti çəkdirib. Beləliklə, vaxtında buraxılan adi səhlənkarlıq indi böyük bir kəndin probleminə çevrilib. Eyni zamanda, kənddə yeni evlər də tikilir və mövcud olan transformator məntəqəsi ilə məsafə 700 metrdən çoxdur.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kəndində sakinlərlə görüş zamanı da bu məsələ qaldırılıb. Buna baxmayaraq, kənd hələ də problemdən qurtula bilmir. Şəhid ailələrinin müraciəti əsasında rayon icra hakimiyyətinin daxili imkanları hesabına yaxın günlərdə kənddə kiçiktutumlu transformator məntəqəsi qurulacaq və bu, 50 ailənin elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq. Amma bu, problemin tam həlli deyil. Yuxarıda qeyd etdiyimiz kimi, kənddə vaxtilə enerji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmayıb, bir çox hallarda elektrik naqilləri və avadanlıqlar qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən sakinlər keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin edilmir. Çox təəssüf ki, qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmayıb.

Problemə aydınlıq gətirmək üçün "Azərişıq" ASC-nin (012) 440-39-93 nömrəli telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı. 199 çağrı mərkəzinə etdiyimiz zənglərin də faydası yoxdur. Ağcabədi Elektrik Şəbəkəsi ilə isə əlaqə qurmaq mümkün deyil. Məlum olan əlaqə nömrələri ya işləmir, yaxud da həmin nömrələrə zəng çatmır. Əhalini narahat edən məsələlərə belə başdansovdu, laqeyd münasibətə nə ad vermək olar?! Nəcəfqulubəyli kənd sakinlərini yalnız bir məsələ maraqlandırır: kənddəki yararsız elektrik dirəklərinin və keyfiyyətsiz naqillərin yeniləri ilə əvəz edilməsi nə vaxta qalıb?!

Salman ALIOĞLU,

"Respublika".