Müstəqillik Günü böyük coşqu ilə qeyd olunub
Diaspora

Müstəqillik Günü böyük coşqu ilə qeyd olunub

28 May – Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Türkiyənin bir çox şəhərlərində, o cümlədən İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Türkiyədə fəaliyyət göstərən QHT-lərin, siyasi partiyaların və dərnəklərin nümayəndələrinin iştirakilə baş tutan bayram tədbirini giriş sözü ilə açan İSTAD-ın Baş katibi Metin Yıldırım Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin türk xalqları üçün nümunə olduğunu qeyd edib.

Ölkəmizin İstanbuldakı Baş konsulluğunun konsulu Cavid Ələkbərov 106 il öncə, məhz 28 may tarixində Azərbaycan xalqı tərəfindən müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın qurulduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı öz dövlətçilik ənənələri, şanlı tarixi ilə qürur duyur və ölkənin ərazi bütövlüyü, suverenliyi yolunda hər cür fədakarlığa hazırdır. O, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin rəhbərliyi ilə Azərbaycan xalqının son 4 ildə Müstəqillik Gününü ərazi bütövlüyünü bərpa etmiş qalib və məğrur xalq kimi qeyd etdiyini nəzərə çatdırıb.

İSTAD-ın sədri Sefer Karakoyunlu Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun cəmi 23 ay mövcud olmasına baxmayaraq, müstəqil dövlətçiliyin formalaşmasında mühüm rolundan, Azərbaycanın regionda davamlı sülhə və inkişafa verdiyi töhfədən, yaratdığı yeni reallıqlardan danışıb. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" kəlamını xatırladan sədr vurğulayıb: "Tarixlərə nur saçan Azərbaycan-Türkiyə qardaşlığı gələcək nəsillərə örnəkdir. Bir olaq, bütün türk dövlətləri ilə həmrəy olaq!".

Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, bir o qədər də şərəfli yoldan danışan TADEF-in sədr müavini Pərviz Məmmədzadə bildirib ki, Azərbaycan xalqı daim öz müstəqilliyi uğrunda mübarizə aparıb, bu yolda minlərlə şəhid verib. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər Azərbaycanın əzminin və cəsarətinin ən bariz nümunəsidir. Bu gün Qafqazın parlaq ulduzu olan Azərbaycan regionda söz sahibinə çevrilib.

***

Növbəti bayram tədbiri Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunub. Bayram tədbirində İstanbul Valiliyi və digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının qardaş ölkədəki nümayəndələri, təhsillərini Türkiyədə davam etdirən hərbçilərimiz və digər qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Baş Konsul Nərminə Mustafayeva bu günün Azərbaycan tarixində xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, qısa bir dövrü əhatə etməsinə baxmayaraq, 1918-ci il mayın 28-də türk və islam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.

Azərbaycanın müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan N.Mustafayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev indiki güclü-qüdrətli Azərbaycanın təməlini qoydu. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin xalqına verdiyi ən böyük töhfələrdən biri isə tarixi Qarabağ torpağımızın bizə qaytarılmasıdır. İndi biz uğurlu, güclü Azərbaycanın vətəndaşları olmağın qürurunu yaşayırıq.

Mərasimdə çıxış edən İstanbul valisi Davut Gül Türkiyə ilə Azərbaycanın əbədi qardaşlıq münasibətlərindən danışaraq qeyd edib ki, həm kədərli, həm də sevincli günlərdə daim bir yerdə olacağıq. Qarabağda zəfərə gedən yolda tək yumruq olmağımız bunun ən gözəl nümunələrindən biridir.

Sonra noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məlumatlandırıcı videoçarx nümayiş olunub.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan və Türkiyənin milli musiqiləri səsləndirilib, rəqsləri ifa edilib.

Onu da qeyd edək ki, İstanbulun rəmzlərindən hesab edilən "15 İyul Şəhidləri", "Fatih Sultan Mehmet" və "Yavuz Sultan Səlim" körpüləri 28 May - Müstəqillik Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.