Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir
Siyasət

Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün də milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Böyük tarixi missiyaları yerinə yetirmək qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri var. Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Dahi liderin adı Azərbaycan xalqının xilaskarı kimi müasir tariximizə əbədi həkk olunmuşdur.

Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialının yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Bu mənada Azərbaycan xalqı qazanılmış müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə edilmiş bütün nailiyyətlərə görə dahi şəxsiyyətə daim minnətdar olmalıdır. Ümummilli lider demişdir: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir".

Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamış ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Ümummilli Liderimizin ən böyük xidməti isə müstəqil siyasət yürüdən güclü Azərbaycan dövlətini yaratmasıdır. Azərbaycan xalqı Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi qəbul edir. Həqiqətən də Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu Öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli lider gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaq. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə xalqımız deyil, bütün dünya görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.

Bu gün müstəqil Azərbaycanın mövcudluğu və qüdrətli bir ölkəyə çevrilməsi üçün hamımız Heydər Əliyevə borcluyuq. Azərbaycan xalqı müstəqil dövlətini elan etdikdən sonra Heydər Əliyev fenomeninə ehtiyac daha aydın hiss olunmaqda idi. Həmin dövrdə siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, ölkəni bürümüş xaos və anarxiya, erməni təcavüzkarları ilə müharibədə məğlubiyyətlər müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Getdikcə daha çox insan dərk edirdi ki, zamanında milli məfkurənin formalaşmasına müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla, respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir", - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət də qismət edib. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır".

Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş, onun müsəlləh əsgəri olmuş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, türk dünyası və bütün bəşəriyyət onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir.

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və digər keyfiyyətlər ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı misilsiz rolu təmin edən əsas cəhətlər kimi çıxış edib. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanıb, daim böyük hörmət və ehtirama layiq görülüb. Bu mənada, Azərbaycan xalqı özünü xoşbəxt saya bilər. Kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 il müddətində Heydər Əliyev kimi bənzərsiz lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

Heydər Əliyevin dövlətimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Vətənə, xalqa məhəbbəti hədsiz-hüdudsuz olan ulu öndərin ürəyi Azərbaycan qədər geniş idi. Dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparan Heydər Əliyev vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün daim çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Əsl ümumxalq məhəbbəti qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindən olan Heydər Əliyev müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı isləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur. Hər bir Azərbaycan vətəndaşı iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə, Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Bu nəhəng şəxsiyyət müdrik və əvəzsiz lider idi. Xalqımızın bu dahi və fədakar oğlunun bir sözü, bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Bu dahi şəxsiyyət Azərbaycanı qüdrətli bir dövlət kimi formalaşdırmaq üçün son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib. Ulu öndərimizin bəşəri xidmətləri sırasında neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Heydər Əliyevin dahiyanə uzaqgörənliklə mərhələ-mərhələ reallaşdırdığı bu strategiya ölkəmizə böyük uğurlar gətirib.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Ulu öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlığın yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Ölkəmizdə hüquqi dövlətin yaradılması, hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün hər şeydən əvvəl yeni konsepsiya işlənib hazırlanmalı idi. Bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmalı idi. Böyük strateq, ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, ölkənin milli Konstitusiyası olmadan hüquqi dövlət yaratmaq mümkün deyil. Təsadüfi deyil ki, müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev olmuşdur. Bununla əlaqədar müvafiq Komissiyanın yaradılmasına qədər ulu öndərimiz layihənin işlənib hazırlanmasına rəhbərlik etmiş və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur.

Ümummilli Liderimizin ən böyük xidməti müstəqil siyasət yürüdən güclü Azərbaycan dövlətini yaratmasıdır. Azərbaycan xalqı Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi qəbul edir. Həqiqətən də Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu Öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı.

Dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoyan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə milli ideologiyanın təsir gücünü möhkəmləndirən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. Hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olan ideologiya təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli lider azərbaycanlı olması ilə fəxr edir, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirirdi. Heydər Əliyev bütün zəngin və mənalı ömrünü Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf edib. Heydər Əliyev ideyaları ölkəmizin ictimai və iqtisadi-siyasi, milli-ənənəvi, mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. Ulu öndərin dərin islahatlar strategiyasının nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmuş, regional liderliyini təmin etmiş, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq yeni dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin öz xalqı qarşısında əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, həm də onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı ulu öndər layiqincə yerinə yetirməyə müvəffəq oldu.

Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmisdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda mübarizə aparmısdı. "Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır". Bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın Prezidenti olduğu son 10 ildə həyat devizi, amalı idi. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalasdırıb.

Ümummilli liderinə olan böyük xalq məhəbbətinin əsas səbəblərindən biri də özündən sonra çox qiymətli bir varis qoymasıdır. Ulu öndər deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda hər kəsin inam, etimad ünvanlarından birinə çevrilən Heydər Əliyev Fondu ulu öndərin mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı olduğunu öz fəaliyyəti ilə təsdiq edir və illərdir ki, bu dəyərləri dünyada layiqincə təbliğ edir. Bu fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardıma ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir edilir, onlarla digər sosial layihələr icra olunur. Beləliklə, Heydər Əliyevin bəşəri ideyaları bütün dünyada yayılır.

Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Ümumiyyətlə, insan amilinin yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür. Fond bütün sahələrdəki fəaliyyətini uğurla davam etdirir, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına söykənərək milli tərəqqi və intibah prosesinə layiqli töhfələrini verir.

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında ulu öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir. Dövlətimiz Heydər Əliyev siyasi kursunun ən ləyaqətli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin idarəçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Biz ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu arasdıracaq və öyrənəcəklər.

44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu ilin sentyabrında rəşadətli ordumuz tərəfindən Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyev siyasətinin zirvəsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər nəticəsində bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevrilir! Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq.

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün qurub yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Azərbaycanın sürətli inkişafının təməli də məhz Heydər Əliyevin qüdrətli əlləri ilə qoyulub. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq demişdir: "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün qurub yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Azərbaycanın sürətli inkişafının təməli də məhz Heydər Əliyevin qüdrətli əlləri ilə qoyulub. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi respublikamız iqtisadi inkişaf tempinə görə dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, ulu öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında layiqli yüksəkliyə ucalacaqdır.

Aydın QASIMOV,

hüquq elmləri doktoru,

professor.