Mürəkkəb beynəlxalq münasibətlər şəraitində ölkəmizə inam böyükdür
Siyasət

Mürəkkəb beynəlxalq münasibətlər şəraitində ölkəmizə inam böyükdür

Yeni dünya nizamında baş verən proseslər onu göstərir ki, Azərbaycan regionda siyasi, iqtisadi, sosial və digər sahələrdə etibarlı mühitin yaranmasının təminatçısıdır. Avropa ilə Asiyanı birləşdirən ölkəmiz beynəlxalq əhəmiyyətli tərəfdaş kimi tanınır. Bəşəri problemlərin həllinə münasibətdə Azərbaycan beynəlxalq əməkdaşlığı prioritet kimi dəyərləndirərək etibarlı tərəfdaş imici formalaşdırmağı bacarıb. Xüsusilə qonşu dövlətlərlə mehriban əlaqələrin qurulması, dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış, qarşılıqlı hörmət və bərabərtərəfli prinsiplər əsasında münasibətlərin qurulması onun nüfuz dairəsini daha da genişləndirir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin Cənubi Qafqazda yaratdığı reallıqla hər kəs barışmaq məcburiyyətindədir.

Bu tendensiyanı rəsmi Bakının iradəsindən kənar dəyişmək qeyri-mümkündür. Lokal çərçivədə baş verən bütün iqtisadi və siyasi proseslərdə ölkəmiz fəal iştirak edir. Sülhün, dinamik inkişafın yeganə qarantı kimi məhz Azərbaycanın imperativləri qəbul edilir. Bunun nəticəsidir ki, dünyanın inkişaf etmiş ölkələri Cənubi Qafqazda yalnız Azərbaycanla hesablaşırlar. Əlbəttə ki, bunda ölkəmizin Şərqlə Qərb arasındakı meqalayihələrinin həm müəllifi, həm də iştirakçısı olması böyük rol oynayır.

İstər 44 günlük Vətən müharibəsində, istərsə də, lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin beynəlxalq aləmdə olan nüfuzu artıb, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məlumdur ki, uzun illər beynəlxalq ictimaiyyət mənfur düşmənin spekulyasiya və manipulyasiyalarına bilərəkdən göz yumur, erməni diasporunun ölkəmizə qarşı apardığı total təbliğata töhfə verirdilər. Lakin ölkə başçısı, Ali Baş Komandanın rəhbərliyi, onun yüksək natiqlik və diplomatik məharəti ilə bütün məkrli planlar alt-üst edildi. Məhz tarixi ədalətin bərpa olunması, Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində dəstəklənməsi, beynəlxalq hüququn tətbiq edilməsində nümayiş etdirilən qətiyyətli mövqe bugünkü reallıqların ortaya çıxmasına zəmin yaratdı. Zəfər salnaməmiz bütün dünyanın diqqət mərkəzinə çevrildi. Qüdrətli dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək XXI əsrdə misli görünməmiş qələbə qazandı.

28 May - Azərbaycanın Respublikasının Müstəqillik Günü yaxınlaşır. Məhz bu çərçivədə dövlət başçısının ünvanına dünya liderləri, beynəlxalq qurum və təşkilatlardan təbrik məktubları gəlir. Xüsusilə Çin, ABŞ və Rusiya kimi qlobal güclərin liderləri ən xoş duyğularını ifadə edirlər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubunda Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət verildiyi bir daha diqqətə çatdırılıb. Eləcə də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz xanımı ilə birgə xalqlar arasındakı əlaqələri yüksək qiymətləndirdiyini və mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Bundan başqa, beynəlxalq təşkilat, qurum və aparıcı iqtisadi beyin mərkəzlərinin başçıları da Müstəqillik Günü münasibətilə ölkə başçımızı təbrik ediblər. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha əməkdaşlığın yeni prespektivləri və daha səmərəli olması ilə bağlı arzularını çatdırıblar.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə əldə edilən bu uğurlara Türk dövlətlərinin dəstəyi daha aydın şəkildə büruzə verir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib, bu birliyin amallarına sadiq qalıb. Bu gün Türk dövlətləri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi respublikamızın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Hazırda Azərbaycanın türk dövlətlərinin birliyində, əməkdaşlığında özünəməxsus və aparıcı rolu var. Dövlətimizin başçısının şəxsi səyləri nəticəsində türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxmaqla yanaşı, dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparır. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin Türk dövlətləri ilə əlaqələri yeni mərhələyə qədəm qoyub, daha da genişlənib. Bu gün qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məhz rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi nəticəsində tarixən var olan türk birliyinin coğrafiyasını da bərpa etdi. Bu qələbə, həmçinin türk birliyinin daha da güclənməsi üçün yeni yollar açdı. Bu gün Türk dövlətlərinin liderləri Prezident İlham Əliyevə xüsusi etimad göstərir, Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Müstəqillik Günü ərəfəsində Türk dövlətlərinin başçıları tərəfindən Prezident İlham Əliyevə gələn təbriklər bir daha ölkə liderimizin nüfuzundan xəbər verir. Qardaş ölkə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun və başqa dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları türk dünyasında ölkə başçımıza verilən dəyərin əyani sübutudur.

Məktublar arasında Prezident İlham Əliyevə "qardaşım" deyə müraciət edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ürək sözləri iki dövlət arasındakı möhkəm bağların təcəssümüdür. Ölkəmizin həm regionda, həm də qlobal sferada nail olduğu irəliləyişlərlə daim fəxr etdiyini bildirən Türkiyə Prezidenti yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək arzusunda olduğunu bildirib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunda bu türk dövlətinin müstəqil Azərbaycana verdiyi dəyər aydın ifadə olunur: "Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir".

Müasir dövrdə çox az dövlət var ki, müstəqil siyasət yürüdür, yeni reallıqlar yaratmağa nail olur. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, eləcə də qlobal aləmdə də nüfuz qazanmış ölkələr sırasında yer alır. Bu gün əminliklə qeyd edə bilərik ki, fərqli qütbləri, güc mərkəzlərini vahid platforma altında birləşdirməyi bacaran Azərbaycanın nailiyyətləri hələ bundan sonra daha da artacaq. Beynəlxalq aləmdə nüfuzumuzun genişlənməsi uğurlarımızı da artıracaq.

Nurlan ABDALOV,

"Respublika".