Münxendən başlayan siyasi-diplomatik zəfər
Siyasət

Münxendən başlayan siyasi-diplomatik zəfər

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən panel müzakirələr zamanı Ermənistanın baş naziri Nikol Paşinyana tarixi dərs verməsindən dörd il keçir.

2020-ci il fevralın 15-də baş tutan bu debatda səslənən bəyanatlar Azərbaycan ərazilərinin işğalına son qoyan 44 günlük müharibə nəticəsində təsdiqini tapdı. Münxendən başlanan siyasi-diplomatik zəfər 2020-ci il noyabrın 10-da Ermənistanın hərbi kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

Konfrans çərçivəsində təşkil olunan müzakirələrdə ən yaddaqalan hadisə, şübhəsiz, Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ problemi ətrafında debatının təşkili sayılmalıdır. Bu debat Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazıldı. Münxendə Prezident İlham Əliyevin siyasi təcrübəsi, rəqibi çıxılmaz vəziyyətə salan sərrast cavabları, çevik məntiqi və rasional-effektiv nitqi ilə dünya ictimaiyyəti Azərbaycanın ədalətli, baş nazir Nikol Paşinyanın qeyri-səlis, məntiqsiz, savadsız, təcrübəsiz çıxışı sayəsində Ermənistanın təcavüzkar tərəf olduğuna bir daha şahidlik etdi.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirlən debat bütün bu dramın finalı oldu. İdmançıların dilində desək, həmin savaş parlaq ippon fəndi və Paşinyanın bütün dünyanın gözü qarşısında kürəyi üstə yıxılması ilə nəticələndi. Nikol Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi gülüş doğurmuşdu. Nikol Paşinyan özündən əvvəlki sələflərinin tərzinə uyğun olaraq, qeyri-səmimi danışıq üslubunu, rəvayətlərə söykənən fikirlərini davam etdirirdi. Həmin səbəb üzündən onun söylədiyi bütün yalanlar bu dəfə də fiaskoya uğradı. Çünki qarşısında özündən dəfələrlə hazırlıqlı, tarixi bilən, fikirlərini dəqiq ifadə etməyi bacaran bir lider var idi. Paşinyan, sözün həqiqi mənasında, çətin vəziyyətə düşmüşdü. Hətta mövzunu başqa istiqamətlərə çəkirdi ki, Ermənistanın işğalçı sifətini pərdələsin. Amma alınmadı. Cənab İlham Əliyev arqumentlərə söykənən, tarixə əsaslanan fikirləri ilə onu ifşa etdi. İlham Əliyev Münxendə Ermənistan baş nazirinə unuda bilməyəcəyi bir tarix dərsi keçdi.

Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanmışdı. Ən əsası isə dövlət başçımız Azərbaycanın mövqeyini layiqincə müdafiə etməklə, təcavüzkar dövlətin rəhbərini demək olar ki, tərk-silah edə bilmişdi. Münxenə gəldiyinə peşman olan Paşinyan isə Prezident İlham Əliyevin dəmir məntiqi, yüksək intellekti qarşısında aciz duruma düşmüş, özünü itirmiş, dil bilmədiyi ucbatından kobud səhvlərə yol vermişdi. Bu debat Ermənistanda da ciddi rezonans doğurmuş, erməni siyasətçiləri və ekspertləri Paşinyanı sərt ittiham etmişdilər.

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev növbəti dəfə sübut etdi ki, o, böyük bir siyasi irsin daşıyıcısıdır və bu irs xalqının maraqlarını ən mürəkkəb vəziyyətlərdə belə qorumaq imkanını təmin edir. Sözlə əməli bir olmayan, millətin gücünə və ədalətə söykənməyən liderlər isə məşhur amerikalı politoloq Zbiqnev Bjezinskinin yazdığı kimi, "Böyük şahmat lövhəsi"ndən heç vaxt qalib çıxa bilməzlər.

Beləliklə, Münxendə Azərbaycanın Qarabağ müharibəsindəki tarixi zəfərinin başlanğıcı qoyulmuşdu.

Aiza ŞABANOVA,

"Respublika".