MÜKƏMMƏL MÜRƏKKƏM MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏM MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Tbilisi Ədliyyə Evi

Müasir gürcü memarlığının ən parlaq nümunələrindən biri olan Tbilisi Ədliyyə Evi paytaxtın Skudieri küçəsində inşa olunub. İtalyan memarı Massimiliano Fuksasi tərəfindən layihələndirilən bu bina minimalist üslubunda dizayn edilib. Qurumun özəlliyi isə ondan ibarətdir ki, burada 300-dən çox xidmət bir arada cəmləşib. Binanın tikinti işlərində dünyanın müxtəlif ölkələrindən 2500-dən çox mütəxəssis iştirak edib,  əsas tikinti-quraşdırma işlərini isə Çinin "Huachuan Georgia" və Türkiyənin "ATAKİ" MMC şirkətləri həyata keçirib. Dünyanın ən böyük ictimai xidmət mərkəzinin  açılış mərasimi 2011-ci ildə baş tutub.

Ümumi sahəsi 32000 kvadratmetr olan binanın damının hündürlüyü 35 metrdir. Tamamilə şüşədən ibarət fasadın yuxarı hissəsindəki fərqli ölçülü "ağ ləçəklər"in hər biri polad sütunlara bərkidilib və tikiliyə xüsusi gözəllik verir. Burada olan xidmət sahələri 7 hissədən ibarətdir. Binanın tam qarşısında isə futuristik üslubda hazırlanmış asma körpü var.

Funksional dövlət qurumu olan Tbilisi Ədliyyə Evi "Ən mühüm dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında BMT-nin nüfuzlu mükafatına layiq görülüb.

"Kiji" Dövlət Muzey-Qoruğu

Memarlığın şah əsəri hesab edilən "Kiji" Dövlət Muzey-Qoruğu Rusiyanın Kareliya Respublikasının Oneqa gölünün şimal hissəsində yerləşən Kiji adasında inşa olunub. Nadir heyvan və bitki növlərinin yer aldığı bu qoruq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Muzey 1951-ci ildə taxta memarlığının tədqiqatçısı A.V.Opolovnikov tərəfindən təsis edilib. 1966-cı ildən bu muzey dövlət mədəniyyət müəssisəsi  kimi fəaliyyət göstərib. 2020-ci ildə isə muzey-qoruğun bazasında Ümumrusiya Taxta Memarlığın Qorunması Mərkəzi fəaliyyətə başlayıb.

Rusiyanın Avropa hissəsinin ən gözəl nümunələrindən olan "Kiji" Muzey-Qoruğu dünyanın ən böyük açıq səma altında yerləşən komplekslərindən biridir. Onun kolleksiyasına XIX- XX əsrlərə aid rus taxta memarlığının 80 unikal abidəsi daxildir. Bu memarlıq ansamblı həm də Avropanın ikinci ən böyük gölü olan Oneqa gölünün sahillərində mənzərəli arxipelaqda yerləşən kəndli mədəniyyəti və xalq memarlığının unikal qoruğudur.

"InterActiveCorp" şirkətinin inzibati binası

Nyu-Yorkun Manhetten şəhərinin Çelsi məhəlləsində yerləşən "InterActiveCorp" (İAC) şirkətinin inzibati ofis binası öz maraqlı dizaynına görə bütün dünyanın diqqətini özünə çəkib. Məşhur memar Frenk Henrinin layihələndirdiyi bu bina dekonstruktivizm üslubunda inşa olunub və 2007-ci ildə istifadəyə verilib. 

10 mərtəbədən ibarət binanın fasadında 1400-dən çox şüşə paneldən istifadə edilib və hər tərəfinə nəhəng panoramik pəncərələr quraşdırılıb. IAC-nin rəhbəri Barri Dilerin xahişi ilə binanın fasadı titanla deyil, hamar şüşə ilə örtülüb. Dəmir-beton karkas üzərində qurulan binanın fasadındakı əyri xətlər xüsusi maili dayaq sütunların üzərində  inşa edilib. Kompleksin dizaynında daha çox qırıq xətlərdən istifadə edildiyi üçün gündüzlər bina sanki küləkdə çırpınan yerkəni xatırladır. Lakin gecələr xüsusi sarı işıqlandırma sayəsində  baş qərargah qızıl külçəyə bənzəyir. 

Yüngül və axıcı formaları ilə seçilən bu unikal bina dünyanın ən cəlbedici biznes mərkəzlərindən biri hesab olunur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".