Müəllim adı ən uca, ən ülvi addır
Region

Müəllim adı ən uca, ən ülvi addır

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müəllimlərin əməyinə diqqət çəkməkdir.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü dövlət səviyyəsində 1993-cü ildən qeyd edilir.  “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.

Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
Qeyd edək ki, bu il Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq qeyd  edir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həmin təhsil işçilərindən biri də Cəbrayıl rayon, Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Rəhimov Zamin Vahid oğludur.

Cəbrayıl rayonunun müəllimləri ziyalı adını daim yüksək tutmuş, xalqımızın mədəni və mənəvi səviyyəsinin yüksəldilməsində, savadlı, vətənpərvər gənc nəslin formalaşdırılmasında mühüm rol oynamışlar. Təsadüfi deyil ki, rayon öz təhsil ənənəsi ilə həmişə seçilmiş, ölkəmizə çoxlu sayda alimlər, ictimai, siyasi və dövlət xadimləri bəxş etmişlər. Cəbrayıl müəllimləri Azərbaycan müəlliminin şərəfli adını daim uca tutur və müstəqil vətənimizin yeni nəslinin yetişdirilməsində səylə çalışırlar.
Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim kollektivi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününü təntənəli surətdə qeyd etdilər. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Rayon müəllimləri öz çıxışlarında təhsildə qazanılmış nailiyyətlərdən, qarşıda duran vəzifələrindən danışdılar. Cəbrayılın işğaldan azad olunmasının ildönümü  münasibətilə doğma torpaqda  keçirilən görüşdə Cəbrayıl sakinlərinə verdiyi yüksək qiymətə və akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər orta məktəbinin təməlqoyma mərasimində iştirakına görə Ali Baş Komandan İlham Əliyevə  öz minnətdarlıqlarını bildirdilər.                                              

Tofiq HÜSEYN,

 “Respublika”.