Müəlliflik hüququnun qorunması qanunla tənzimlənir
Sosial həyat

Müəlliflik hüququnun qorunması qanunla tənzimlənir

"Müəllif hüququ ifadə azadlığının mühərrikidir" - hüquqşünas akademik Lovrens Lezziq belə deyib. "Müəlliflik hüququ rəqəmsal əsrdə mədəniyyətin, yaradıcılığın və innovasiyanın can damarıdır". Bu fikirlərin müəllifi isə britaniyalı hüquqşünas və insan haqları müdafiəçisi Helena Kennedidir.

Hər il aprelin 23-də qeyd olunan Dünya Kitab və Müəllif Hüququ Günü ədəbiyyatın həyatımıza dərin təsirini və əqli mülkiyyətin qorunmasının zəruriliyini bir daha ifadə edir. Bu gün təkcə mütaliənin önəmini xatırlatmır, həm də yaradıcılığın təşviqində və yaradıcı insanlar üçün ədalətli kompensasiyanın təmin edilməsində müəllif hüququ qanunlarının əhəmiyyətini vurğulayır.

Dünya Kitab və Müəlliflik Hüququ Günü barədə qərar 23 aprel 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Bu gün məşhur dramaturqlar Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə qeyd edilir. Qeyd edək ki, hər üç yazıçının ölüm günü - 23 aprel 1616-cı ildir. Ölkəmizdə isə bu gün 1997-ci ildən etibarən qeyd edilir.

Kitablar insan təxəyyülünün nəticəsi, bilik mənbələridir və tarix boyu cəmiyyətin formalaşmasında, ideologiyalara təsir etməkdə və insan təcrübələrinin sənədləşdirilməsində mühüm rol oynayıb. Qədim əlyazmalardan  tutmuş müasir elektron kitablara qədər yazılı söz əsas ünsiyyət və ifadə vasitəsi kimi mövcud olub. Kitablar oxucuların təxəyyüllünü formalaşdırır. Şeir və ya nəsr vasitəsilə kitablar ilham vermək, maarifləndirmək və əyləndirmək gücünə malikdir. Onlar həyatımızı əks etdirən güzgü, mənzərələrə açılan pəncərələr kimidir.

Müəlliflik hüququ qanunları yaradıcı insanların stimullaşdırılmasında və hüquqlarının qorunmasında mühüm rol oynayır, həm də müəlliflərə  iqtisadi stimul verir. Bu həvəsləndirmə mexanizmi innovasiya və bədii ifadəni təşviq etməklə yanaşı, mədəni və intellektual diskursun zənginləşməsinə də töhfə verir. Həmçinin müəllif hüquqlarının qorunması yaradıcıların əməyinə görə ədalətli təzminat almasını təmin edir. Əsərləri üzərində mülkiyyət hüquqlarını müəyyən etməklə yaradıcılar müqavilələr bağlaya, yaradıcılıqlarına lisenziya verə və səylərinə görə qonorar ala bilərlər. Bu iqtisadi mükafat təkcə fərdi yaradıcıları deyil, həm də nəşriyyat, musiqi, film və proqram təminatının inkişafı da daxil olmaqla bütün sahələri dəstəkləyir.

Həddindən artıq məhdudlaşdırıcı müəllif hüquqları rejimləri innovasiyaları boğa, informasiyaya çıxışı məhdudlaşdıra və sərbəst fikir mübadiləsinə mane ola bilər. Buna görə də yaradıcıların maraqlarını qoruyan, eyni zamanda biliklərin yayılmasını asanlaşdıran və mədəni zənginləşdirməni təşviq edən müəllif hüququ qanunlarının hazırlanması çox vacibdir.

Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaradılıb. 1996-cı ildə isə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanun qəbul olunub.   Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun ölkə ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar formalaşan münasibətləri tənzimləyir. Müasir Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi və folklorun qorunması haqqında qanunlar da daxil olmaqla 100-dən çox normativ-hüquqi sənədi özündə birləşdirən müəlliflik hüququ qanunu sayəsində müxtəlif sahələr üzrə piratlıq əhəmiyyətli dərəcədə azalıb. Prezident İlham Əliyevin göstərişləri ilə mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi müəlliflik hüququ qanunvericiliyinin zənginləşdirilməsinə və Azərbaycanın müəllif hüquqları sisteminin MDB regionunda ən inkişaf etmiş sistemlərdən biri kimi beynəlxalq miqyasda tanınmasına səbəb olub.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan zəngin mədəni irsə və ədəbi ənənəyə malikdir. Epik poeziyadan tutmuş müasir romanlara qədər Azərbaycan ədəbiyyatı öz tarixinin, dilinin və xalqının müxtəlif dövrlərini əks etdirir. Azərbaycan əqli mülkiyyət hüquqlarının müdafiəsi və müəllif hüquqlarının maarifləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə edib. Ölkəmizdə müəllif hüquqları qanunları beynəlxalq standartlara uyğun olaraq yaradıcılara əsərlərini qorumaq və töhfələrinə görə ədalətli kompensasiya almaq üçün lazımi hüquqi bazanı təmin edir. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi kimi təşkilatlar müəllif hüquqları qanunlarının həyata keçirilməsində, əqli mülkiyyət hüquqları haqqında məlumatlılığın artırılmasında və rəqəmsal əsrdə yaradıcıları dəstəkləməkdə mühüm rol oynayır. Mütaliəni təşviq etmək, yerli müəllifləri dəstəkləmək və əqli mülkiyyət hüquqlarına hörmət etməklə Azərbaycan Kitab və Müəllif Hüququ Gününün dəyərlərini dəstəkləməkdə davam edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".