Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına yubiley medalı və fəxri fərman təqdim edilib
Digər xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına yubiley medalı və fəxri fərman təqdim edilib

17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin kollektivi Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Sonra oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, görkəmli dövlət və elm xadimi Əziz Əliyev və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Nazirliyin kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

MSN-in müəssisələrindən birində davam edən geniştərkibli tədbirdə iştirakçılar zavodun ərazisindəki Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, Heydər Əliyev muzeyi, həmçinin MSN-in bir sıra məhsullarının nümayiş olunduğu sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müdafiə sənayesinin inkişafına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edərək nazirliyin kollektivini peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. O, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyevin qoyduğu müdafiə sənayesinin inkişafının Ulu Öndərin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Nazir MSN-in yaradılmasından keçən 18 il ərzində indiyədək görülmüş işlər, həyata keçirilmiş layihələr, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar, nazirliyin ölkənin iqtisadi və hərbi potensialının, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə verdiyi töhfələrdən danışıb.

V.Mustafayev müdafiə sənayesinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahənin gələcəkdə daha da müasir tələblərə uyğunlaşdırılacağı, yeni müdafiə sənayesi sahələrinin formalaşdırılacağı və investisiya istiqamətləri üzrə aparılan işlərin genişləndiriləcəyini bildirib.

Daha sonra ölkənin "Əmək veteranı" Səlahəddin Əsgərov və şəhid anası Zümrüd Hüseynova çıxış ediblər.

Sonda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı, fəxri fərman, döş nişanı, qiymətli hədiyyə və pul mükafatları təqdim edilib.