Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Ordumuzun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Ordumuzun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

 

Qarşı tərəfin yaydığı məlumatı qəti surətdə təkzib edirik

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətəuyğun deyil.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

 

Azərbaycan Ordusunun Arazdəyəndəki mülki infrastrukturu atəşə tutması məlumatı yalandır

İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin Müdafiə Nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd edilib.