AZƏRBAYCAN  dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN  dünya mediasında

Novinite: Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ikiqat artırmağı planlaşdırır

Bolqarıstanın xəbət saytı "Novinite" Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırması ilə bağlı xəbər yayımlayıb. Məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyaya səfərində deyib. Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Avropa İttifaqına təbii qaz tədarükünün təhlükəsizliyini artırmaq məqsədi daşıyan "Həmrəylik halqası" təşəbbüsü ilə bağlı memorandumun imzalanması mərasimində xüsusi qonaq qismində iştirak edir.

Xəbərə görə, imzalanan sənəd Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli sistemlərinin operatorları ilə Azərbaycanın dövlət neft şirkəti arasında əməkdaşlığa kömək edəcək. Layihə Bolqarıstanın təşəbbüsü ilə dörd Avropa ölkəsinin qaz nəqli şəbəkələrinin mövcud infrastrukturundan istifadə etməklə əlavə həcmdə Azərbaycan mavi yanacağının Avropaya nəqlini nəzərdə tutur.

 

"The Washington Post": Avropa ölkələri və Azərbaycan qaz tədarükünü artırmaq barədə razılığa gəliblər

Nüfuzlu "The Washington Post" qəzeti Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ilə enerji sahəsindəki əməkdaşlığa dair məqalə dərc edib.

Yazıda qeyd olunub ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qaz sisteminin operatorları Azərbaycandan təbii qaz nəqlini artırmaq barədə razılığa gəliblər. Məqalədə bildirilib ki, Avropa dövlətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında sazişin imzalanması vaxtında atılmış addımdır. Bu proses Avropanın daha bir çox ölkəsinə böyük həcmdə və təhlükəsiz şəkildə qaz nəqlini təmin edəcək.

Avropa İttifaqının ötən ilin iyulunda 2027-ci ilə qədər qazın idxalını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq üçün Azərbaycanla anlaşma memorandumu imzaladığı da məqalədə vurğulanıb.

 

TRT Haber: Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradıb

Türkiyənin məşhur xəbər saytı "TRT Haber" Laçın yolunda yaradılmış sərhəd-keçid məntəqələri ilə bağlı məlumat yayımlayıb. Xəbərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumat da yer alıb.

Sərhəd-keçid məntəqələrinin Ermənistandan qanunsuz silah-sursat, mina və digər hərbi texnikanın daşınmasının qarşısının alınması məqsədilə yaradıldığı bildirilib. Məlumatda, həmçinin Laçın yolunun başlanğıcında sərhədə nəzarət mexanizminin yaradılmasının gediş-gəlişin şəffaflığını və təhlükəsizliyini təmin edəcəyi də bildirilib. Bundan başqa, ölkəmizin Rusiya ilə koordinasiyalı şəkildə Qarabağda yaşayan erməni əhalinin bu məntəqədən Ermənistan və Azərbaycana iki istiqamətdə şəffaf və müntəzəm tranziti üçün münasib şəraitin yaradılacağı da xəbərdə öz əksini tapıb. Azərbaycanın şəffaflığın və təhlükəsizliyin təminatı məsələsində Ermənistanla əməkdaşlığa hazır olduğu da yazıda qeyd olunub.

 

"DAZ": Qazaxıstan Azərbaycan vasitəsilə daha çox neft ixrac etmək istəyir

Almaniyanın "DAZ" qəzeti Azərbaycandan ixrac olunan qazın region ölkələri üçün önəmi ilə bağlı məqalə dərc edib. Sözügedən yazıda bildirilir ki, indiyədək Qazaxıstan neftinin böyük hissəsini Rusiyanın Qara dənizdəki Novorossiysk limanı vasitəsilə qərbə nəql edib. Azərbaycanla razılaşmaya əsasən bu il Bakı vasitəsilə ilk neft tədarükünü emal etmək mümkün olub.

Gələcəkdə Orta Dəhliz vasitəsilə ixracın həcminin artırılması nəzərdə tutulub. Qazaxıstan və Azərbaycanın Rusiya-Qərb anlaşılmazlığının yaratdığı durumda rolu artıb. Belə ki, Ukraynadakı döyüşlərə görə Aİ artıq nefti Rusiyadan deyil, Xəzər dənizi ilə həmsərhəd olan digər iki ölkədən ixrac etməyi daha üstün tutur.

Həmçinin Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Qazaxıstanın qərb qonşusu vasitəsilə neft ixracının həcmini artırmaq istədiyini bildirib: "Bu il əldə etdiyimiz razılaşmalar sayəsində Qazaxıstan neftinin ilk partiyası Azərbaycan vasitəsilə daşınıb. Növbəti addım çatdırılma həcmini artırmaq və ona uzunmüddətli, sabit xarakter verməkdir", - deyə Tokayev bildirib.

Bu kontekstdə o, Qərbin sanksiyalar yükü altında olan Rusiyadan yan keçərək, Uzaq Şərqdən Avropaya yüklərin daşınmasını təşkil etmək üçün fürsət və üstünlük hesab etdiyi Orta Dəhlizə də müraciət edib: "Biz bu nəticəyə gəldik ki, bu marşruta artan maraqları nəzərə alıb üçüncü ölkələri infrastrukturun inkişafına cəlb etmək vacibdir". 2022-2027-ci illər üçün alternativ nəqliyyat marşrutunun inkişaf qrafikinin icrası yüklərin şərqdən qərbə "sabit və vaxtında" çatdırılmasını təmin etmək məqsədinə xidmət edir.

Həmçinin Baş nazirin müavini, ticarət və inteqrasiya naziri Serik Şumanqarin də nəzərdə tutulan neft ixracı ilə bağlı ətraflı məlumat verib: "Keçən il KazMunayQaz və Sakar nəhayət müqavilə imzaladı. 2023-cü ildən biz Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neft tədarük etməyi planlaşdırırıq. Proses artıq mart ayında başlayıb, ilk iki tanker yola salınıb, yəni 20 min ton. Aprel ayında isə bunun 125 min ton olması gözlənilir", - deyə nazir bildirib.

Qazaxıstan üçün Azərbaycan üzərindən nəqliyyat dəhlizinin inkişafı ticarət yollarının, xüsusən də enerji marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. İndiyədək ölkə neft ixracının 80 faizini Rusiyanın cənubundakı Novorossiysk limanı vasitəsilə həyata keçirib. Lakin Moskva ilə Astana arasındakı fikir ayrılıqları nəticəsində son bir ildə Qazaxıstan neftinin bu marşrutla nəqli bir neçə dəfə pozulub. Hazırda isə Qazaxıstana Rusiya boru kəmərləri ilə öz neftini Avropaya göndərməyə icazə verilir.

 

"Adnkronos": "Arctech" Azərbaycanda ən böyük günəş enerjisi  layihəsini həyata keçirir

İtaliyanın "Adnkronos" xəbər agentliyi dünyanın aparıcı günəş enerjisi layihələrinin müəllifi olan "Arctech"-in ölkədəki ən böyük 312 MVt-lıq SkyLine II günəş paneli layihəsinə başladığını açıqlayıb.

550 hektar ərazini əhatə edən Azərbaycanın ən böyük günəş enerjisi layihəsi olan plan, paytaxt Bakının cənub-qərbində və sahil xəttindən 3 km məsafədə yerləşir. Xəbərdə orta hesabla illik elektrik enerjisi istehsalının 500 milyon kvt/saat olacağı bildirilir.

"Respublika".