Moataz Əbdülhəmid: Azərbaycan nadir ölkələrdəndir ki, torpaqlarını öz gücü ilə işğaldan azad edib
MÜSAHİBƏLƏR

Moataz Əbdülhəmid: Azərbaycan nadir ölkələrdəndir ki, torpaqlarını öz gücü ilə işğaldan azad edib

Azərbaycanı çox sevirəm. Bu, mənim Bakıya beşinci səfərimdir. Ölkəniz bütün sahələrdə gündən-günə inkişaf edir. Azərbaycan nadir ölkələrdəndir ki, torpaqlarını öz gücü ilə işğaldan azad edib və tez bir zamanda bərpa işlərinə başlayıb. Qısa zaman kəsiyində çox böyük işlər görülüb, nəqliyyat və kommunikasiya xətləri çəkilib. İraq xalqı hər zaman Azərbaycanın yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada keçiriləcək Beynəlxalq Media Forumunun iştirakçısı, Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədri professor Moataz Əbdülhəmid söyləyib.

Azərbaycanla bağlı tədqiqatlar aparan bir jurnalist kimi AZƏRTAC-ı mütəmadi izlədiyini qeyd edən iraqlı professor bildirib: "Mən sanki bununla nəfəs alıram. Azərbaycanın uğurları məni çox sevindir. İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olaraq "Dostluq" qəzetini təsis etmişəm. Qəzetdə Azərbaycan haqqında məqalələr, materiallar dərc olunur, dostluq əlaqələrindən bəhs edilir. Siyasi şərhçi kimi İraq və ərəb mətbuatında Azərbaycanın uğurlarından, Qarabağ Zəfərindən dəfələrlə danışmışam. Eyni zamanda, "Qarabağ: münaqişənin tarixi" adlı kitabın müəllifiyəm.

İki ay bundan əvvəl dahi Azərbaycan şairi, mütəfəkkir və filosof Füzuli ilə bağlı konfrans keçirdiklərini deyən Moataz Əbdülhəmid tədbirdə İraq və Azərbaycanın elm xadimlərinin iştirak etdiklərini xatırladıb. Deyib ki, Azərbaycan Elmlər Akademiyası ilə əməkdaşlıq haqqında saziş imzalanıb, əlaqələrimiz inkişaf edir.

Şuşaya ikinci dəfə səfər edəcəyini deyən Moataz Əbdülhəmid bütün Azərbaycan xalqını Milli Mətbuat Günü münasibətilə təbrik edib.

AZƏRTAC