Minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa edilməlidir
Digər xəbərlər

Minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa edilməlidir

Qərbi Azərbaycan soydaşlarımızın dədə-baba yurdudur. Əcdadlarımız ermənilərin bu yerlərə kütləvi şəkildə köçürülməsindən sonra min illər boyu yaşadıqları doğma torpaqlarından didərgin düşmüşlər. Bu gün qarşımızda duran ən mühüm məsələlərdən biri Qərbi azərbaycanlıların itirilmiş hüquqlarını və gecikmiş ədaləti bərpa etməkdir.

Tarixə nəzər salsaq görərik ki, keçmiş İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunub, xalqımıza məxsus tikililər, habelə İrəvan şəhərindəki İslam abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminə məruz qalıb. Təkcə 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Ermənilərin etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irsimiz yer üzündən  tamamilə silinib və erməniləşdirilib.

İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu ləyaqətli və təhlükəsiz şəkildə bərpa etmək və soydaşlarımıza rahat həyat şəraiti yaratmaq üçün Qərbi Azərbaycana Qayıdış Konsepsiyası böyük əhəmiyyətə sahibdir. Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.  Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiya hər kəsə mesaj verir ki, sülh yolu və beynəlxalq hüquq, beynəlxalq təcrübələrdən istifadə edilməklə, tarixi Azərbaycan torpaqlarında doğulub böyümüş, etnik təmizləməyə, soyqırımına, deportasiyalara məruz qalmış minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa edilməlidir.

Bu prinsip həm də Konsepsiyanın əsas məğzini təşkil edir. Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazi tək keçmiş İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının, Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının, Gəncə xanlığının, Borçalının da bir hissəsini əhatə edir.

44 günlük Vətən müharibəsində millətimizin və dövlətimizin şücaəti,  Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyət sayəsində Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik və unutmamalıyıq ki, beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəvidə müdafiə edərkən bu çərçivədən çıxış etməliyik. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa edərək bütün dünyaya haqq səsimizi yaymalıyıq.

                                                    Nurlan ABDALOV,

                                                        “Respublika”.