Mina problemi Azərbaycan üçün aktual məsələdir
Siyasət

Mina problemi Azərbaycan üçün aktual məsələdir

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb, azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir. Həmin ərazilərin minalardan tam təmizlənməsinin müddəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ekspertlər, həmçinin vurğulayırlar ki, işğaldan azad olunmuş ərazi böyükdür və çirklənmə səviyyəsi həddindən artıq yüksəkdir. Bu baxımdan, dəqiq müddət bildirmək mümkün deyil.

Ötən dövrdə Prezident İlham Əliyev və qeyri-hökumət təşkilatları Ermənistana mina problemi ilə əlaqədar təzyiqlərin göstərilməsi üçün dəfələrlə təşəbbüs göstəriblər və bunun nəticəsində Azərbaycan ərazilərinin minalanması problemi beynəlxalq miqyasda qəbul olunub. Ermənistan bəzi xəritələri versə də, mina təmizləyənlərin işinə yaramır, çünki onlar həqiqəti əks etdirmir.

Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazilərdəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən hücuma keçir. Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğal altında olan minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib: "Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki, biz dəqiq bilirik ki, onlarda belə xəritələr var", - deyə Prezident İlham Əliyev bildirib. Ermənistan isə bu barədə susur, onlarda belə xəritələrin olmasını təsdiqləmədiyi kimi, təkzib də etmir.

Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması ilə bağlı Azərbaycanın baş prokuroru Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən Amnesty İnternational və Human Rights Watch insan haqları qruplarına müraciət edərək Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar norma və prinsipləri pozmaqda günahlandırıb.

Avropa Şurasının İnsan Haqları komissarı Dunja Mijatoviç bu hadisə ilə bağlı tvitter hesabında bəyanat yayıb. Bəyanatda deyilir: "Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması göstərdi ki, Qarabağ münaqişəsindən təsirlənmiş ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac var".

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov qeyd edir ki, sahənin təmizlənməsi həmin ərazinin mina ilə çirklənmə səviyyəsindən, relyefdən və müəyyən qədər də hava şəraitindən asılıdır. Ərazidə metal qırıntıları ilə çirklənmənin həddindən artıq olması işin sürətinə mənfi təsir göstərir.

Faktiki olaraq hazırda Qarabağın böyük bir hissəsi və 5 kilometr enində Laçın dəhlizi Rusiya hərbi kontingentinin məsuliyyət zonasına aiddir. Həmin ərazidə minalardan təmizləmə işini Rusiya hərbçiləri öz texnikası və mütəxəssisləri ilə aparır. Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu işlərə hər gün 10 hərbi qulluqçu cəlb olunur. İşğaldan azad olunmuş qalan ərazilərdə isə minaları Azərbaycan Türkiyənin köməyi ilə özü təmizləyir.

Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib və Azərbaycan ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb. 2021-ci ilin fevralında Türkiyə Azərbaycana 20, may ayında isə daha 5 ədəd mina təmizləyən 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) maşını göndərib. Mütəxəssislərin sözlərinə görə, bu texnikanın üstünlüyü onun 500 metr məsafədən idarə olunmasıdır və bu səbəbdən onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Yəni, partlayış baş verdiyi təqdirdə insan faktoru kənarda qalır.

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci ilin yanvarında Bakıda keçirilən Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri adlı beynəlxalq konfransda işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məsələsinin Azərbaycanın ən aktual problemlərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin vurğulayıb ki, Azərbaycanın 2030-cu ilədək prioritetləri sırasına işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin oraya qaytarılması da daxildir.

BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasına təqdim edilən "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad olunmuş torpaqlarında təxribatı" adlı Bəyanatda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tarixi, 30 ilə yaxın müddətdə işğalda qalan Azərbaycan torpaqlarının İkinci Qarabağ müharibəsi dönəmində azad edildiyi, lakin həmin ərazilərin böyük hissəsinin Ermənistan istehsalı olan minalarla çirkləndirilməsi barədə ətraflı məlumat verilib. Ermənistan silahlı qüvvələrinin hətta mədəni-tarixi abidələrə gedən yolların ətrafını minaladığı da diqqətə çatdırılıb.

 Qeyd edilib ki, 44 günlük savaş dönəmində Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minalar, partlayıcı qurğular Azərbaycanın təkcə müharibədən zərər çəkmiş ərazilərində deyil, döyüş bölgəsindən uzaq əyalətlərində də aşkarlanıb. Bəyanatda ANAMA-nın işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətindən də bəhs olunub. Nəzərə çatdırılıb ki, ANAMA 2021-ci ildə 10 kvadratkilometr ərazidə Ermənistan silahlı birləşmələri tərəfindən atılmış 397 ədəd LAR 160, 9N 235 və digər markalı istifadəsi qadağan olunmuş kaset sursatları, 15 avqust 2022-ci il tarixində isə Laçın rayonunun şərq hissəsindəki Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni birləşmələri tərəfindən basdırılmış 991 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar edib. Həmin ərazilərin isə əvvəllər təmas xətti deyilən yerlərdən xeyli uzaqda yerləşdiyi vurğulanıb.

İtaliyanın "Agenza Nova" informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasında işğaldan azad olunan ərazilərdəki mina problemi ilə bağlı səsləndirdiyi fikirlərə yer ayırıb. Böyük Britaniya parlamentində Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord çıxış edərək bu sahədə Böyük Britaniyanın Azərbaycanla birgə əməkdaşlıq edərək ölkəni daha təhlükəsiz məkana çevirmək üçün çalışdığını deyib.

"Beynəlxalq təşkilatlar Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemi ilə bağlı əməli addım atmır". Bu fikirləri Türkiyə Səyyahlar Klubunun üzvü Adəm Kars deyib. O, Ağalı kəndinin dünyada bir ilk olduğunu, onun modern tariximizdə xüsusi yeri olacağını diqqətə çatdırıb.

Ölkə başçısının müvafiq fərman və sərəncamları ilə işğaldan azad edilən ərazilərin bərpası və milli iqtisadiyyata sürətli inteqrasiyası, layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Lakin mina problemi minlərlə məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Beynəlxalq təşkilatlar bu istiqamətdə ciddi tədbirlər görməli, problemin həllinə çalışmalıdır. İkili standarlara son qoymağın vaxtı çatıb.

Zümrüd QURBANQIZI,

"Respublika".