Anti-Azərbaycan korrupsionerlər Aİ masasından uzaqlaşırlar
Siyasət

Anti-Azərbaycan korrupsionerlər Aİ masasından uzaqlaşırlar

"Yağışdan sonra çıxan göbələk" kimi İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı qərəzli addımlar atan Avropa siyasətçilərinin çirkin əməlləri bir-bir üzə çıxır. Belə ki, Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə ötən il keçmiş xunta rejiminə "humanitar yardım" adı altında, əslində bədbəxtlik gətirən Paris meri Ann İdalqonun adı indi də rüşvətxorluqda hallanır. Martın 5-də Paris jandarmeriyası onun evində axtarış aparıb. Səbəb isə merin Taiti adasına səfəri zamanı maliyyələşmə faktını gizlətməsi göstərilir.

Ölkəmizə qarşı "səlib yürüşü"nün digər "mücahid"lərindən biri olan Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, "iblisin vəkili", 84 yaşlı Baronessa Kerolayn da din pərdəsi altında göndərilən "ianələri" öz adına keçirib. Keçmiş xunta rejimi zamanında Xankəndini "su yolu"na çevirən Baronessa Koks öz çirkli pullarını məhz burada mühafizə edirdi. Bunu ingilis mətbuatı yazıb. Avropa Parlamentində ermənipərəst dairələrin maraqlarına xidmət edən Yunanıstandan seçilmiş deputat Eva Kaylinin korrupsiya izlərinin erməni Kaspar Karapetyana qədər gedib çıxdığı da məlumdur. Ötən ilin sentyabrında ABŞ senatında Azərbaycana qarşı qətnamə layihəsi ilə çıxış edən ermənipərəst Robert (Bob) Menendezə qarşı ittihamlar getdikcə artır. Bir sözlə, ölkəmizə qarşı qərəzli fikirlər səsləndirən korrupsioner qərb siyasətçiləri bir-bir "masadan uzaqlaşırlar".

Menendezin Azərbaycanla olan ədavətinin öz tarixi var. Onun ilk qığılcımları 2012-ci ildə görünüb. O vaxt senator Bob Menendez Macarıstanda həbsdə olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsindən sonra 44-cü prezident Barak Obamaya açıq məktub ünvanlamış, anti-Azərbaycan siyasətini ilk dəfə həmin vaxtda bəyan etmişdi. 2020-ci ildə, erməni əsilli Nadine Arslanyanla evlənən B.Menendez bu təxribatlarının kəsərini artırmış, müxtəlif dövrlərdə qərəzli qətnamələrlə çıxış edərək əsl erməni xisləti göstərib. Amma atalar yaxşı deyib, yalançının ömrü 40 gündür. Erməni lobbisinin maliyyə dəstəyi ilə qarayaxma kampaniyasının simasına çevrilən Menendezin rüşvətxor əməllərinin gizli qalması çox çəkmədi. Belə ki, ötən il sentyabrın 22-də ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin qızıl külçələr şəklində rüşvət alması ilə bağlı federal prokurorlar tərəfindən istintaq başladıldı. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verilməsilə bağlı ittiham irəli sürüldü. Elə həmin vaxtdan vəzifəsindən istefa verən B.Menendezə qarşı bu günə kimi daha onlarla yeni ittihamlar səsləndirilib. Ən son olaraq isə ötən gün o, ədalət mühakiməsinə mane olmaqda günahlandırılıb.

Nyu-Yorkun Cənub Dairəsi məhkəməsinin dərc edilən yenilənmiş hesabatında senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlarla yanaşı, ədalətə mane olması barədə yeni faktlar üzə çıxıb. Qeyd edilib ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert Menendez Misirin xarici agenti kimi fəaliyyət göstərib. Sövdələşmənin Menendezin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edildiyi bildirilib. Misirin avtoritar hökumətini təmsil edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Robert Menendez və onun "sevgi"lisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərinə söz veriblər. Ötən ay Azərbaycanın D-8-ə qoşulmasına tərəddüdlə yanaşan Misir az da olsa erməni təəssübkeşliyi ilə seçilən ölkələrdən biri olaraq həmin hadisədə "Bermud üçbucağı"nın bir hissəsinə çevrilib. Qeyd edək ki, sözügedən ərəb ölkəsi Ermənistanla münasibətləri ən yüksək səviyyədə olan və onu rəsmən tanıyan dövlətlərdən biridir. Robert Menendezin 13 dekabr 2019-cu ildə ABŞ Senatında "erməni soyqırımı" haqqında layihəsinin qəbul edilməsi və onu keçmiş prezident D.Trampa göndərməsindən 3 il əvvəl, 2016-cı ildə Misirdə, ölkə parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunmuşdu. Bu da keçmiş ABŞ senatorunun qızıl külçələrinin mühafizəsi üçün niyə Qahirəni seçdiyi haqqında az da olsa təsəvvür yaradır.

Ötən il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyev korrupsioner Bob Menendezin çirkin əməllərini bir daha ifşa etmişdir: "Əlbəttə, təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti-Azərbaycan lobbisidir. Təəssüf edirik ki, Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır. İndi isə o, "Dağlıq Qarabağı" tanımaq üçün "qətnamə" çıxarmağa çalışır. Əgər qəbul olunsa, həmin "qətnamə"nin dəyəri Fransa Senatının və Məclisinin qəbul etdiyi "qətnamə"lər qədər olacaq. Bir sözlə, biz bu insanları tanıyırıq və bilirik ki, onları erməni lobbisi maliyyələşdirir. Bilirik, çox güman ki, bu cür işbirliyinin kökü heç də saf deyil. Bu, mümkündür".

Beləliklə, yekunda, ölkəmizə qarşı çirkin kampaniya aparanlar Avropa ilə Azərbaycan arasında "suları bulandırmaq" cəhdlərinin arxasında dayanan lobbiçilər bir-bir ifşa edilir. İttifaq ilə ölkəmiz arasında mövcud əməkdaşlıq bütün sahələr üzrə getdikcə daha da dərinləşdirilir və şaxələndirilir. Erməni lobbisinin hələ də üstü açılmamış müxtəlif cinayət əməlləri ilə qazandığı çirkli pullar sayəsində anti-Azərbaycan kampaniyasını aparması heç bir nəticə verməyəcək. Menendez, Boronessa, Kaylin və digər korrupsioner siyasətçilər, Azərbaycana qarşı qərəzli ittihamlarla çıxış edənlər ilahi ədalətə heç zaman mane ola bilməzlər. Ölkəmiz bütün təxribatlara layiqincə cavab verir, bizimlə heç kim diktə dili ilə danışa bilməz və böhtan dolu qətnamələrin adi kağız parçası qədər dəyəri olmayacaq.

Tacir SADIQOV,

"Respublika".