MİLLİ MƏTBUATIMIZIN AĞSAQQALI
Sosial həyat

MİLLİ MƏTBUATIMIZIN AĞSAQQALI

Tale ona 87 illik ömür payı ayırdı. Həyatının 70 ilini ölkəmizdə kütləvi informasiya vasitələrinin yaranmasına və inkişafına həsr etdi. Mətbuatda hamıya örnək, nümunə olan məktəb yaratdı: Nəsir İmanquliyev məktəbi. Bu məktəbin yetirmələri milli mətbuatımızın inkişafına ləyaqətlə xidmət edir, Nəsir müəllimin nəzəri irsini, qoyduğu ənənələri layiqincə yaşadırlar. Həyatda olmasa da yeri daim görünür. Əziz və parlaq xatirəsi heç vaxt unudulmur, milli mətbuatımızın ağsaqqalı, patriarxı, müdrik, xeyirxah insan kimi ürəklərdə yaşayır.

Sevinir, qürur duyuram ki, Nəsir müəllim kimi böyük ustadın "Bakı" və "Baku" qəzetlərinin nəzdində yaratdığı mətbuat universitetinin məzunuyam. Bakı Dövlət Universitetində təhsil alarkən universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" (indiki "Bakı Universiteti") qəzetində ədəbi işçi işləyirdim. O illərdə respublikamızın aparıcı qəzet və jurnallarında müntəzəm çıxış edirdim. "Bakı" qəzetində də yazılarım dərc olunurdu. 1977-ci ildə Nəsir müəllimin təşəbbüsü və rəhbərliyi ilə "Bakı" və "Baku" qəzetlərinin nəzdində ikiillik mətbuat universiteti fəaliyyətə başladı. İşlədiyim qəzetin redaktorunun göndərişi ilə həmin universitetə qəbul olundum.

Nəsir müəllimin rəhbərliyi ilə dərslər həftədə üç dəfə iş vaxtı qurtarandan sonra başlayır, nizam-intizama ciddi riayət olunurdu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tanınmış simaları: Şirməmməd Hüseynov, Famil Mehdi, Nurəddin Babayev, Əliş Nəbili, Azərbaycan mətbuat salnaməsinin yaradıcısı Qulam Məmmədlinin mühazirələrini sevə-sevə dinləyir, jurnalistikanın nəzəri əsaslarını öyrənirdik.

Universitetdə qəzetçiliyin nəzəri və praktik əsaslarını, operativliyi, ədəbi redaktəni, jurnalist etikasını və digər vacib keyfiyyətləri öyrəndik. Mətbuat universitetini bitirməyim haqqında Nəsir müəllimin imzaladığı diplomu bu gün də ən əziz, qiymətli sənəd kimi saxlayıram.

Nəsir müəllim redaksiya kollektivinə həmişə tövsiyə edərdi: "Operativliyi artırmaq lazımdır. Axı indi çox şeyi sürət həll edir". Ustad redaktor informasiya janrını yüksək dəyərləndirir, maraqlı, rəngarəng xəbərlərin, reportajların, məqalələrin operativ şəkildə oxuculara çatdırılmasına üstünlük verirdi.

"Bakı" və "Baku" qəzetləri Nəsir müəllimin yaratdığı yeni tipli, yeni ruhlu qəzetlər idi. İki dildə çıxan qəzetin gündəlik tirajı 80-100 min nüsxəyə çatırdı. Hər gün axşam saatlarında qəzeti almaq üçün şəhərdə köşklərin qarşısında növbələr olurdu. Əldən-ələ gəzən qəzet paytaxtda baş verən hadisələri, yenilikləri elə həmin gün öz oxucularına çatdırırdı. Bu qəzetlərin təkcə paytaxtda deyil, respublikamızın ən ucqar rayonlarında da oxucuları, abunəçiləri vardı.

Nəsir müəllimin nəvəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva bu barədə yazır: "Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetdə əksini tapmasın. Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt "Bakı" və "Baku" axşam qəzetləri mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı".

Nəsir müəllim əsasını qoyduğu, qurub-yaratdığı "Bakı" və "Baku" qəzetlərinə 30 il fasiləsiz rəhbərlik edib. Bu illərdə sağlam, peşəkar kollektiv formalaşdırıb. Zahirən sərt, zəhmli olsa da kollektivə, xüsusən gənc kadrlara qarşı çox mülayim, qayğıkeş və xeyirxah idi. Ustad redaktor qəzeti və kollektivi doğma övladı qədər sevirdi. "Mənim iki evim, iki ailəm vardır. Biri yaşadığım ev, biri də çalışdığım redaksiyadır. Hər ikisi mənə doğma və əzizdir", - deyirdi.

Gərgin iş rejimində çalışmasına baxmayaraq, BDU-nun jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru kimi Nəsir müəllim səmərəli pedaqoji fəaliyyət göstərir, dövrün tələblərinə layiq jurnalist kadrlarının hazırlanmasına dəyərli töhfələr verirdi. Neçə-neçə jurnalist nəslinin yetişdirilməsində Nəsir müəllimin böyük əməyi, misilsiz xidmətləri vardır.

Nəsir müəllim ölkəmizin mətbuat tarixində yeganə şəxsiyyət idi ki, eyni vaxtda iki müxtəlif dildə çıxan iki gündəlik qəzetə rəhbərlik edirdi. Bu, analoqu olmayan cəfakeşlik, əzmkarlıq, işgüzarlıq, böyük hünər nümunəsi idi. Nəsir İmanquliyev mətbuat sahəsində uzun illər və səmərəli fəaliyyətinə görə "Əməkdar mədəniyyət işçisi", "Əməkdar jurnalist" adlarına layiq görülmüşdür.

O, müdrik, uzaqgörən, nurlu şəxsiyyət idi. Alicənablıq və xeyirxahlıq, yüksək daxili mədəniyyət və nəciblik, böyüklük və ağsaqqallıq üzvi şəkildə onun xarakterində birləşmişdi. Dostluqda sadiq və sədaqətli idi. Onu dağlar diyarı Lerikə aqrar sahədə tanınmış mütəxəssis Əyyub İsgəndərovla möhkəm dostluq, qardaşlıq əlaqələri bağlayırdı. Hər il yay aylarında Lənkərana gəlir, oradan Lerikə qalxır, uca zirvələrdən Savalana, ikiyə bölünmüş Vətən torpaqlarına intizarla baxırdılar.

Bəli, insan ömrü müvəqqətidir. Sağlığında mətbuat tariximizdə şərəfli, möhtəşəm məktəb yaradan tanınmış jurnalist, peşəkar redaktor, görkəmli ictimai-siyasi xadim, səmimi və qayğıkeş insan Nəsir İmanquliyevin nəcib, xeyirxah əməlləri onu heç zaman unudulmağa qoymayacaq. Parlaq xatirəsi daim xalqımız tərəfindən ehtiramla anılacaq və böyük məhəbbətlə yad ediləcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".