Milli Məclisin sədri Berlində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi
Siyasət

Milli Məclisin sədri Berlində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı sərgi ilə tanış olub

Azərbaycanın parlament nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Almaniya Federativ Respublikasında rəsmi səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri səfər çərçivəsində Berlin şəhərində yerləşən "Gallery Berlin"də təşkil edilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.

Sahibə Qafarova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışıb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsası Ulu Öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib. Bildirib ki, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahədə irimiqyaslı layihələr həyata keçirilir.

Tədbirdə "Heydər Əliyev İli" çərçivəsində Milli Məclis tərəfindən təşkil olunan tədbirlər barədə də məlumat verilib.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri - Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar. Sərgi ziyarətçilərdə böyük maraq doğurub.