Hayastanın sülhdən başqa yolu yoxdur
Siyasət

Hayastanın sülhdən başqa yolu yoxdur

"Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsində bu fikirləri səsləndirib.

Artıq 2023-cü il başa çatmaq üzrədir. Dövlət başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin bütün dövrləri müasir müstəqil dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrlə zəngindir. Bu illər respublikamızın hərtərəfli inkişaf, intibah illəri kimi xarakterizə olunur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi və 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması isə dövlətçilik tariximizin möhtəşəm Zəfər salnaməsidir. 30 illik işğala son qoyan İkinci Qarabağ müharibəsi xalqımızın yaddaşına əsrlər boyu unudulmayacaq, qürurla, iftixarla xatırlanacaq anlar yazdı. Qarabağ qalibiyyətindən sonra ard-arda qazanılan qələbələr, bu il aprel ayının 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin açılması ilə ərazi bütövlüyümüzün tam bərpa olunması, sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi oldu.

Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, uzaqgörənliyi müstəqil dövlətimizi beynəlxalq aləmin diqqət mərkəzinə gətirdi. Azərbaycan dost ölkəyə, etibarlı tərəfdaşa, multikulturalizmin, tolerantlığın unikal məkanına çevrildi. Ölkəmizlə əməkdaşlıq əlaqələri qurmaq, mövcud münasibətləri dərinləşdirmək istəyən dövlətlərin sayı gündən-günə çoxaldı. Lakin dövlətimizin tərəqqisinə, nüfuzunun artmasına qısqanclıqla yanaşanlar da az olmadı. Bu səbəbdəndir ki, Qarabağ münaqişəsinin bitməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, bəzi qərb blokunun anti-Azərbaycan siyasəti sayəsində Azərbaycanla Ermənistan arasında sülhə nail olunmur.

44 günlük müharibədən sonra qarşı tərəfə sülh təklif edən ölkəmiz yerləşdiyi regionda təhlükəsizliyin, əmin-amanlığın bərqərar olmasına ciddi səy göstərir. 30 il Ermənistanın təcavüzkar siyasətinə sülh yolu ilə son qoyulması mümkün olmadığı təqdirdə, ordunun əks-hücum əməliyyatına başlaması barədə əmr verən Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı ölkə məğlub edildi. Düşmənin kapitulyasiyasından sonra regionda təhlükəsizliyin bərpa olunması naminə sülhü təşviq edən müstəqil dövlətimiz münasibətlərin normallaşması üçün bütün mümkün yollara əl atdı. Beynəlxalq vasitəçilərin təşəbbüsü ilə ikitərəfli, üçtərəfli formatlarda keçirilən görüşlərdə iştirak edən dövlət başçımız Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipindən ibarət sülh sazişi təqdim etdi. Hər iki ölkənin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması, sərhədlərinin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn prinsipləri əsasında irəli sürülən sülh sazişinin imzalanmasının yalnız iki ölkə üçün deyil, ümumilikdə, region üçün əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev 3 ildən artıqdır ki, sülh təklifini masa üzərinə saxlayır və Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün təmin olunmasına ciddi cəhdlə çalışır.

Azərbaycanın humanist ideyalara sadiq, sülh tərəfdarı olduğunu bütün dünya qəbul edir. Belə ki, dünya tarixində məğlub tərəfə sülh təklif edən ölkə nümunəsi demək olar ki, yox səviyyəsindədir. Lakin dövlətimizin bu təşəbbüsünü görməzdən gələn, iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən bəzi qərb ölkələri öz mənafelərindən çıxış edərək sülh sazişinin imzalanması prosesini mümkün qədər uzatmağa çalışırlar. Müstəqil siyasəti olmayan, dalan ölkə Ermənistan isə kollektiv qərbin dəstəyinə arxalanmaqla özünü daha çətin vəziyyətə salır və bir şeyi unudur ki, qərbin yürütdüyü siyasət yalnız öz maraqlarına xidmət edir.

İki ölkə arasında sülh sazişinin imzalanmasına hər vəchlə maneçiliyin törədilməsi, Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsi, Ermənistanı silahlandırmaqla yenidən münaqişə ocağının alovlandırılmasına ciddi səy göstərilməsi qərbin ikibaşlı oyunlarının təzahürüdür. Belə ki, hər iki ölkə liderinin sülh müqaviləsinin imzalanmasına tam hazır olduqlarını bəyan etdikləri, sülh prosesinin irəlilədiyi bir məqamda bəzi qüvvələrin bunun reallaşmaması üçün bütün potensiallarını səfərbər etməsi Qərbin Cənubi Qafqazda sülhü təhdid etdiyinin göstəricisidir.

Qərbin şirin vədlərinə uyan Ermənistan artıq bunun fərqindədir. Üçüncü tərəfin iştirakı olmadan keçirilən görüş, iki ölkə tərəfindən verilən bəyanatda əsirlərin dəyişdirilməsi məsələsinin əks olunması və dekabrın 13-də Azərbaycan tərəfindən 32 erməni hərbçisinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin qaytarılması sülhə gedən yolda atılan önəmli addımlardır. Bununla yanaşı, Ermənistan xoş niyyət nümayiş etdirərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi bir daha təsdiq edir ki, iki region ölkəsi arasında münasibətlərin normallaşması çox da uzaq deyil. Erməni KİV-ləri xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan da Azərbaycanla sülhün heç vaxt bu qədər yaxın olmadığını bildirib: "Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında sazişin bağlanması mümkündür".

Bəli, Azərbaycan nəinki regionda, bütün dünyada sülhü, əmin-amanlığı dəstəkləyir və buna əvəzsiz töhfələr verir. Ermənistan da ölkəmizin mövqeyini, bu tarixi şansı dəyərləndirərsə, ölkə başçımızın da qeyd etdiyi kimi, ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarından əl çəkərsə, sülh çox yaxında görünür.

Mehparə ƏLİYEVA,

"Respublika".